Ombudsman Ramazan bayramı münasibətilə tədbirlər keçirib

Ombudsman Ramazan bayramı münasibətilə tədbirlər keçirib

Bu günlərdə Ombudsman Ramazan bayramı münasibətilə respublikanın rayonlarında olub, əhalinin müxtəlif təbəqələri, o cümlədən qaçqın və məcburi köçkün, şəhid ailələri ilə görüşüb, bayramlarını təbrik edib, müraciətlərini dinləyib, problemlərinin həllində yardımçı olacağını söyləyib. Mübarək Ramazan bayramı günlərində Ombudsman ənənəsinə sadiq qalaraq, hər il olduğu kimi, bu dəfə də Azərbaycan Qadın və İnkişaf Mərkəzinin nəzdindəki Ahılların Resurs Mərkəzində ahıllara bayram tədbiri təşkil edib. O, Ombudsmanın resurs mərkəzi kimi fəaliyyət göstərən, ölkəmizdə analoqu olmayan, ahıllara təmənnasız hüquqi, tibbi və psixoloji yardımların təşkil edildiyi bu mərkəzin üzvlərini-tənha qocaları, qaçqın, məcburi köçkün və şəhid analarını saflıq, təmizlik, xoş niyyət bayramı olan müqəddəs Ramazan bayramı münasibətilə təbrik edib. Müvəkkil bu bayramın xalqımızın milli-mənəvi dəyərlərinin ayrılmaz tərkib hissəsi olduğunu, əsrlərdən bəri insanlığı xoş əməllərə, paklığa, həmrəyliyə, xeyirxahlığa, mərhəmətə, əmin-amanlığa, halallığa səslədiyini söyləmiş, respublikamızda vətəndaşların hüquq və azadlıqlarının, o cümlədən din və vicdan azadlığının təmin olunduğunu qeyd edib.

Ölkə başçısının aztəminatlı əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı müvafiq sərəncamlar imzaladığı, minimum əmək haqqının, əmək pensiyalarının baza hissəsinin, habelə "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün, həmçinin müavinətlərin məbləğinin artırıldığı diqqətə çatdırılıb. Milli mentalitetimizə, ənənələrimizə, dinimizə sadiq qalaraq, ahıllara qayğı və diqqətin daha da artırılmasının, hər bir vətəndaşın öz qocalıq illərini rahat yaşamasının təmin edilməsi üçün bütün imkanların səfərbər edilməsinin zəruriliyi vurğulanıb. E.Süleymanova əlilliyi olan insanları da unutmayıb, mübarək bayram günlərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika Əlillərin Bərpa Mərkəzində müalicə olunanlarla görüşüb, onları təbrik edib. Müvəkkil burada müalicə alan və reabilitasiya kursu keçən fiziki imkanları məhdud şəxslərin vəziyyətini və problemlərini öyrənib, hüquqlarını izah edib, müvafiq tövsiyələr verib, ehtiyaclarının aradan qaldırılmasında yardımçı olacağını söyləyib.

Bərpa Mərkəzinin baş həkimi Səadət Mahmudova Ombudsmanın əlillərə daim diqqət göstərdiyini qeyd etmiş, onlara baş çəkdiyinə görə təşəkkürünü bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə