QAT: “İşğalçı Ermənistan Dağlıq Qarabağda 20 il ərzində aclıq və səfalətdən başqa heç nəyə nail olmayıb”

QAT: “İşğalçı Ermənistan Dağlıq Qarabağda 20 il ərzində aclıq və səfalətdən başqa heç nəyə nail olmayıb”

"İşğalçı Ermənistanın Dağlıq Qarabağda yaratdığı qondarma rejiminin "20 illiyi" ilə bağlı ermənilər tərəfindən qaldırılan hay-küyün reallıqla heç bir əlaqəsi yoxdur". Qarabağ Azadlıq Təşkilatının (QAT) yaydığı bəyanatda belə deyilir.

Bəyanatda qeyd olunur ki, işğalçı Ermənistan rejimi növbəti dəfə saxta bir tarixdən istifadə edərək dünya birliyinin diqqətini təcavüzkar hərəkətlərindən yayındırmağa, Dağlıq Qarabağdakı qondarma rejimi təbliğ etməyə çalışır və bunun üçün "məşhur" erməni saxtakarlığı ənənələrinə sadiq qalaraq şou xarakterli tədbirlər həyata keçirtməkdən, bayağı təbliğat vasitələrindən istifadə etməkdən, həmçinin ayrı-ayrı tanınmış şəxsləri, siyasət, mədəniyyət və digər sahələrin nümayəndələrini aldadaraq, hətta müxtəlif vasitələrlə ələ alaraq bu tədbirlərə cəlb etməkdən çəkinmir: "Lakin Ermənistanın işğalçı və terrorçu rəhbərləri əmin ola bilərlər ki, bu cür ucuz və bayağı vasitələrlə dünya birliyini aldada, həqiqəti gizlədə bilməyəcəklər.

Həqiqət isə ondan ibarətdir ki, Ermənistan 20 il əvvəl Azərbaycanın ərazisini işğal etmiş və dünya birliyinin diqqətini işğal faktından yayındırmaq üçün zəbt etdiyi ərazilərdə "Dağlıq Qarabağ Respublikası" adında qondarma bir qurum yaradaraq onun "müstəqilliyi"ni elan edib. Bütün bunlar kobud oyunbazlıq, farsdan başqa bir şey olmamışdır. Onu da qeyd etməliyik ki, həmin dövrdə bölgədə yaşayan 45 min nəfər azərbaycanlının rəyi nəzərə alınmamış və hüquqları kobud şəkildə pozulub. Bölgədən zorla çıxarılmış həmin azərbaycanlıların sayı indi 75 min nəfər təşkil edir.

Ermənilərin boş hay-küylə qeyd etdikləri "müstəqillik" məsələsi ilə bağlı digər məqamları da beynəlxalq birliyin nəzərinə çatdırmaq istəyirik.

Ermənilərin "müstəqillik" adlandırdıqları bu işğal tarixi bölgə üçün əsil fəlakətin başlanğıcı oldu. Ermənilər bu gün əsası başabəla liderləri tərəfindən qoyulan fəlakətlərinin, faciələrinin 20 illiyini qeyd etsəydilər reallığa daha uyğun olardı. Çünki onlar bu 20 il ərzində aclıq və səfalətdən başqa heç nəyə nail olmamış, siyasi cəhətdən isə liderlərinin ucuz manipulyasiya predmetlərinə çevriliblər. Bunu konkret faktlar sübut edir. İyirmi il əvvəl Azərbaycanın Dağlıq Qarabağ bölgəsində rəsmi statistikaya görə 189 min nəfər, o cümlədən 145 min erməni yaşayırdı. Dağlıq Qarabağdakı qondarma rejimin "statistika idarəsi"nin rəsmi məlumatına görə, hazırda həmin bölgədə 137 min erməni yaşayır, erməni mənbələrinin, həmçinin beynəlxalq missiyaların bildirdiyinə görə isə bu 137 min nəfərin 25-30 min nəfəri buraya kənardan gətirilib məskunlaşdırılıb. Deməli, 20 il əvvəlki 145 min nəfərlik əhalidən bölgədə təxminən 100 min nəfər qalıb. Əslində isə, beynəlxalq institutların, məsələn, Beynəlxalq Böhran Qrupunun, tanınmış ekspert Tomas de Valın hesablamalarına görə bölgədə əhalinin sayı 60-80 min nəfərdən artıq deyil. Bu, bölgə əhalisi üçün demoqrafik fəlakətdir, ermənilərin sərsəm liderlərinin, sərkisyanların, ohanyanların, saakyanların boş hay-küy salmasının heç bir mənası yoxdur. Bölgə həmçinin iqtisadi və siyasi fəlakət içərisindədir. Erməni mənbələrinin, xarici ekspert və jurnalistlərin bildirdiklərinə görə, heç bir istehsal sahəsi fəaliyyət göstərmir, sənaye müəssisələri yoxdur, olanlar da kustar istehsalla məşğuldur, torpaq sahələri becərilmir, boş və istifadəsiz qalıbdır. Siyasi baxımdan bölgə bir qrup xəstə təxəyyüllü siyasi manyakın və hərbiçinin girovuna çevrilib".

Bəyanatda o da vurğulanır ki, hələ vicdanını itirməmiş ermənilər, həmçinin dünya birliyi həqiqəti bilmək istəyirlərsə, Dağlıq Qarabağ bölgəsi üçün son 20 ilin reallığı bundan ibarətdir: "Bölgənin bu vəziyyətə düşməsinə görə işğalçı Ermənistanın rəhbərləri cinayət məsuliyyəti daşıyır. Bu bölgə Azərbaycan ərazisidir, ona görə də yaranmış acınacaqlı vəziyyət daha çox bizi narahat edir. İşğalçılar orada müvəqqətidirlər, gec-tez bölgəni tərk edəcəklər, bölgəni yenidən bərpa etmək, ağır vəziyyətdən çıxartmaq işi bizim üzərimizə düşəcək. Biz beynəlxalq təşkilatların diqqətini bir daha Qarabağ məsələsinə cəlb edir, bu fəlakətli vəziyyətin aradan qaldırılması, erməni işğalının ləğv edilməsi üçün təcili addımlar atılmasını tələb edirik. Biz Azərbaycan hakimiyyətindən düşmənə qarşı hərbi yolun seçilməsini tələb edirik. Bizim artıq başqa yolumuz yoxdur!".


Bütün xəbərlər Facebook səhifəmizdə