Regionlardakı Gənclərin Resurs Mərkəzlərində çatışmazlıqlar aşkar edilib

Regionlardakı Gənclərin Resurs Mərkəzlərində çatışmazlıqlar aşkar edilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın UNİCEF-in ölkəmizdəki nümayəndəsi Mark Herevardla birgə 25-26 avqust tarixində Cəlilabad, Masallı, Lənkəranda yerləşən Gənclərin Resurs Mərkəzlərinə (GRM) səfər edib. Ombudsman Aparatından SİA-ya verilən xəbərə əsasən, səfərin məqsədi UNİCEF tərəfindən yaradılan və Təhsil Nazirliyinin balansına verilən GRM-nin fəaliyyətini, vəziyyətini öyrənmək və bu mərkəzlərin Təhsil Nazirliyi ilə birlikdə və UNİCEF-in dəstəyilə inkişaf etdirilməsi və fəaliyyət göstərdiyi yerlərdə "Uşaq Hüquqları" dərnəklərinin yaradılması bağlı müzakirələrin aparılmasından ibarət idi. Ombudsman Aparatının əməkdaşlarının 2009-cu ildə apardığı monitorinq nəticəsində aşkar olunduğu kimi bu mərkəzlər əsasən şəhər və rayon Uşaq Yaradıcılıq Mərkəzlərinin nəzdində fəaliyyət göstərir. Görüşdə şəhər və rayon İcra Hakimiyyətinin və Təhsil Şöbələrinin nümayəndələri də iştirak ediblər. Görüş zamanı GRM-nin fəaliyyəti barədə məlumat verilib, emalatxana və sərgi otaqlarına baxılıb, cəlb olunan uşaqların əl işləri nümayiş etdirilib.

Uşaq və Yaradıcılq Mərkəzlərinin dərnəklərinin işinin davam etdirilməsinə baxmayaraq, GRM-nin fəaliyyətində bir sıra çatışmazlıqlar aşkar edilib. Belə ki, yerləşdikləri binanın təmirsiz olması, kompüter avadanlıqlarının, əyani vəsaitlərin çatışmaması və yaxud heç olmaması, kifayət qədər latın əlifbası ilə olan ədəbiyyatın və internetə çıxışların olmaması, Resurs Mərkəzlərində çalışacaq işçi üçün ştat vahidinin nəzərdə tutulmaması əsas problemlər kimi müəyyən edilib. Beləliklə, hazırda bəzi GRM-ləri Təhsil Nazirliyi və BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycandakı nümayəndəliyi tərəfindən 2004-cü ilin 21 dekabr tarixində təsdiq edilən "Gənclər Resurs Mərkəzləri haqqında Əsasnaməyə" uyğun olaraq qarşılarına qoyulan məqsədlərə tam cavab vermirlər.

Görüşün nəticəsi olaraq, müvəkkil bu mərkəzlərin fəaliyyəti üçün əlverişli şəraitin, uşaq hüquqları dərnəklərinin yaradılması, bu dərnəklərin illik fəaliyyət planının tutulması, texniki avadanlıqlarla təmin edilməsi, uşaq hüquqlarına dair müxtəlif seminarların keçirilməsi və bu sahədə materialların paylanması, dərnəklərdə fəaliyyət göstərəcək əməkdaşlara təlim keçirilməsi və həmin şəxslərin bu bilikləri ətraf rayon və kəndlərdə tətbiq etməsi kimi təkliflərlə çıxış edib, M.Herevard da öz növbəsində UNİCEF tərəfindən ideya və ekspert baxımından dəstəyin veriləcəyini bildirib. E.Süleymanova həmçinin şəhər və rayonlarda yerləşən Gənclər evində uşaq seksiyalarının yaradılması təklifini irəli sürüb.

Müvəkkil səfər zamanı M.Herevardla birgə 2007-ci ildə Heydər Əliyev Fondu tərəfindən əsaslı şəkildə təmir edilən Lənkəran şəhəri Osman Mirzəyev adına Qarışıq tipli Uşaq Evində olmuş, uşaq evində yaşayan və buranı tərk edən uşaqların yaşayış vəziyyəti ilə maraqlanıb, uşaqların şəraiti, şəhər İcra Hakimiyyəti tərəfindən uşaq evini tərk edən uşaqların işlə, torpaq sahəsi ilə təmin edilməsi və bundan razı qaldıqları ilə bağlı məlumat verilib. Bununla yanaşı, Müvəkkil səfər çərçivəsində şəhid ailələrinə baş çəkmiş, onların problemləri ilə maraqlanıb və ailə üzvlərini qarşıdan gələn Ramazan bayramı münasibətilə təbrik edib.

Bütün xəbərlər Facebook səhifəmizdə