Şabran rayon sakini torpaq və xəritəçəkmə şöbəsindəki özbaşınalıqdan şikayətçidir - ŞİKAYƏT

Şabran rayon sakini torpaq və xəritəçəkmə şöbəsindəki özbaşınalıqdan şikayətçidir - ŞİKAYƏT

Səs İnformasiya Agentliyinin poçtuna Şabran rayon sakini Rəşid Osmanov tərəfindən şikayət məktubu daxil olub. Məktubda Azərbaycan Respublikası Torpaq və Xəritəçəkmə Komitəsinin Şabran rayon şöbəsinin rəhbəri Məzahir Zeynalovun vəzifəsindən sui-istifadə edərək rayon sakinini aldatdığı bildirilir. SİA-ya yazdığı məktubda şikayətçi anasına aid torpaq sahəsinin şəhadətnaməsini almaq üçün Məzahir Zeynalova 1300 manat dövlət rüsumu ödəyib.

Aldanıldığını iddia edən Rəşid Osmanov şikayət məktubunda həm də 2010-cu ilin aprel-may aylarından bəri şöbə müdirinin özbaşınalığından, süründürməçiliyindən təngə gəldiyini vurğulayır. Şikayətçinin yazdığına görə, o həm pulundan, həm də şəhadətnamədən olub.

Şabran rayon sakini bildirir ki, bu günə qədər Məzahir Zeylanovdan yalnız 300 manat pulunu geri ala bilib.

SİA faktla bağlı Azərbaycan Respublikası Torpaq və Xəritəçəkmə komitəsinin mətbuat katibi Eldar Sadıq ilə əlaqə saxlayıb. Mətbuat katibi sözügedən şikayətin Məzahir Zeynalov üzərinə atılmış çirkin böhtan olduğunu qeyd edib. Onun sözlərinə görə, Şabran rayon Torpaq və Xəritəçəkmə şöbəsinin müdiri Məzahir Zeynalov Rəşid Osmanovdan 1300 manat məbləğində rüşvət almayıb. Bundan əlavə dövlət aktının hazır olduğunu və Məzahir Zeynalovun dəfələrlə rayon sakininə şəhadətnaməsini gəlib aparması barədə xəbərdarlıq göndərdiyini də açıqlayıb.

Araşdırmamızı davam etdirəcəyik.


Türkan Əfəndiyeva


Bütün xəbərlər Facebook səhifəmizdə