Hacı Surxay: “Qəbir üstünə aparılan şirniyyat qəbirstanlıqda gəzən və ehtiyacı olan insanlar üçündür”
\"Qəbir üstünə yemək və ya şirniyyat aparmaq şəriətdə mövcud deyil. Bu sözləri SİA-ya açıqlamasında İçərişəhər Cümə məscidi icmasının sədri və axundu Hacı Surxay bildirib. Onun sözlərinə görə, bayram günlərində qəbir üzərinə şirniyyat və ya yemək aparmaq adət-ənənəyə söykənir: "Əslində o şirniyyatın mərhuma heç bir aidiyyatı yoxdur. Amma zahirən qəbrin üzərinə şəkərbura, qoğal qoymağın əsas səbəbi qəbirstanlıqda gəzən və ehtiyacı olan insanlar üçündür. Yoxsul və kimsəsizlər bəzən gedib o qəbirstanlığa sığınırlar və onlar qəbirlərin yanında gəzərək şirniyyatı götürürlər. Bayram günü qəbir üstünə aparılan şirniyyatlar məhz həmin insanlar üçün nəzərdə tutulub".
Hacı Surxay qeyd edib ki, qəbrin ətrafını təmizləmək, səliqəyə salmaq da yaxşıdır, Amma o, qəbirin üstündə bitən otlardan təmizlənməsini düzgün hesab etmir: "Çünki Peyğəmbərimizin bildirdiyinə görə, qəbir üzərindəki otlar ölünün əzabının azalmasına səbəb olur. Qəbir üzərində həmişəyaşıl, yarpaqları tökülməyən ağaclar əkmək məsləhət görülür. Qurumuş otlar, kol-kos təmizlənməlidir".
Hacı Surxay deyir ki, bayramda qəbir üstünə gedərkən mərhumun ruhuna dua oxutdurmaq sünnətdir: "Çünki, dünyadan gedən hər bir insanın yasin surəsinin oxunmasına, Qurana və mənəviyyata ehtiyacı var. Bu dünyadan köçənlər həyatda olan yaxınlarından dua gözləyirlər. Onların bu duanı necə gözlədiklərini bu dünyada bilmək çox çətindir. Ona görə də ölülər üçün dua etməkdən çəkinməyin, həmişə dua edin. Xüsusilə də bu mübarək günlərdə, oruclu ağzınızla dua etməyin daha çox faydası var".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB