Gürcüstanda Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünə həsr olunan tədbirlər keçiriləcək

Gürcüstanda Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünə həsr olunan tədbirlər keçiriləcək
Avqustun 28 -29-da Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünə həsr olunan "Azərbaycan dövlət müstəqilliyinin bərpasının iyirminci ilində" mövzusunda konfrans və "Gürcüstan azərbaycanlılarının yerli cəmiyyətə inteqrasiyası Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı kontekstində" mövzusunda dəyirmi masa keçiriləcək.Tədbirlər Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) təşəbbüsü və təşkilatçılığı ilə baş tutacaq. DİDK-dən SİA-ya verilən xəbərə görə, tədbirdə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının icraçı katibi Nazim İbrahimovun, İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılovun, Milli Məclisin üzvləri Musa Qasımlı, Qənirə Paşayeva, Gülər Əhmədovanın, İqtisadi İnkişaf və Mədəniyyət və Turizm nazirliklərinin nümayəndələrinin, Azərbaycan Respublikasının Batumi şəhərindəki Baş Konsulu Hüseyn Nəcəfovun, Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin müşaviri Şövqi Mehdizadənin, eləcə də Gürcüstanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının rəhbərlərinin iştirakı nəzərdə tutulub.

Tədbirə həmçinin Gürcüstanın Diaspor məsələləri üzrə dövlət naziri Mirza (Papuna) Davitaya, Gürcüstanın Reinteqrasiya məsələləri üzrə dövlət naziri Yekaterina Teşelaşvili, Gürcüstanın Ombudsman Aparatının rəhbəri Georgi Tuquşi, Gürcüstanın Kvemo-Kartli bölgəsinin qubernatoru David Kirkitadze, Kvemo-Kartli qubernatorunun müavini, Gürcüstan Azərbaycanlıları Konqresinin sdri Hüseyn Yusifov, Gürcüstan parlamentinin deputatı Azər Süleymanov, Gürcüstan prezidentinin müşaviri Mübariz Qarayev, Marneuli rayonu İcra Hakimiyyətinin başçısı Zaza Dekonidze və Gürcüstanın azərbaycanlıların kompakt şəkildə yaşadıqları bölgələrin icra strukturlarının rəhbərləri dəvət olunub.

"Azərbaycan dövlət müstəqilliyinin bərpasının iyirminci ilində" mövzusunda konfransın gedişatı zamanı Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etməsindən ötən iyirmi il ərzində ölkədə aparılan dövlət quruculuğu, siyasi, iqtisadi, sosial, mədəniyyət və turizm sahəsində həyata keçirilən islahatlar və onların nəticəsi olaraq Azərbaycan Respublikasının Cənubi Qafqazın iqtisadi və siyasi inkişafında rolunun güclənməsindən bəhs edən məruzələr dinlənəcək.

"Gürcüstan azərbaycanlılarının yerli cəmiyyətə inteqrasiyası Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı kontekstində" mövzusunda dəyirmi masada bu inteqrasiyaya nail olmaq üçün iki ölkə arasında qarşılıqlı əməkdaşlıq mexanizmləri, Gürcüstanda azərbaycanlı icmasının ueri, Azərbaycan və Gürcü xalqları arasında tarixi köklərə malik dostluq münasibətlərinin azərbaycanlıların cəmiyyətə inteqrasiyasında rolu, Gürcüstanda müsəlman icmasının dini etiqad azadlığının təmin olunması sahəsində mövcud vəziyyət, azərbaycanlılara gürcü dilinin tədrisinin əhəmiyyəti, Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının regionda sülhün, təhlükəsizliyin və iqtisadi tərəqqinin vacib şərti olmasına dair məruzə və çıxışlar səslənəcək, onların ətrafında müzakirələr aparılacaq.

Gürcüstanın Batumi şəhərində keçirilən iki günlük konfrans və dəyirmi masa çərçivəsində "Müstəqilliyimiz əbədidir", "Bir səfərin təəsüratı, yaxud sizi deyib gəlmişdik", "Gücümüz birliyimizdədir" sənədli filmlərinin nümayişi, mədəni-kütləvi tədbirlərin keçirilməsi də nəzərdə tutulub.

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünə həsr olunmuş "Azərbaycan dövlət müstəqilliyinin bərpasının iyirminci ilində" mövzusunda konfrans və "Gürcüstan azərbaycanlılarının yerli cəmiyyətə inteqrasiyası Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı kontekstində" mövzusunda dəyirmi masanın işini Azərbaycan və Gürcüstandan olan 30-dək KİV nümayəndəsinin işıqlandıracağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə