Hacı Mirhəmid Məmmədov: “Çox yaxşı olardı ki, fitrə verilməsi mərkəzləşmiş, eyni zamanda şəffaf qaydada aparılsın” - MÜSAHİBƏ

Hacı Mirhəmid Məmmədov: “Çox yaxşı olardı ki, fitrə verilməsi mərkəzləşmiş, eyni zamanda şəffaf qaydada aparılsın” - MÜSAHİBƏ

İçəri şəhər Gileyli məscidinin axundu Hacı Mirhəmid Məmmədovun Səs TV-yə müsahibəsi:

- Hacı, Ramazan ayının mübarək gecəsi olan Qədr gecəsinin önəmi nədir və niyə məhz həmin gecəni insanlar ibadət etməklə keçirilər?

- Allah müsəlmanlar üçün müqəddəs bir ay, Ramazanı nazil edib. Bu ayda hər bir müsəlmana oruc tutmağı vacib buyurub. Bu ayın da ən fəzilətli gecəsi Qədr gecəsidir. Bu gecədə Allah insanların müqəddəratını həll edir. Yəni bu gecənin ibadətinin savabı digər gecələrdən daha çoxdur. Günahların bağışlandığı, tövbələrin qəbul olunduğu bir gecədir. Məhz həmin gecə insanlar yatmır, səhərə qədər vaxtlarını ibadətlə keçirirlər. Digər tərəfdən Allah Qədr gecəsini gizli saxlayır, yəni bu, Ramazan ayının son on günün hər hansı birində ola bilər. Çünki Ramazan ayında müqəddəs kitab olan Qurani-Kərim nazil olub. Quranın "Qədr" surəsində buyrulur ki, "Qədr gecəsini biz Ramazanda nazil etdik". Bəzi rəvayətlərdə qeyd olunur ki, peyğəmbər əfəndimiz Məhəmməd (s.ə.s) Ramazanın son on gününü hər gecəsini Qədr gecəsi səviyyəsində keçirirmiş.

- Ramazan ayında üzrlü səbəbdən oruc tuta bilməyən insanlar - xəstələr, yaşlı adamlar, başqa bir şəhərə, ölkəyə səfər edənlər orucun qəzasını necə tutmalıdırlar?

- Quranın "Bəqərə" surəsində orucun vacib olduğu açıq şəkildə bildirilir. Qeyd olunur ki, "Allah istəyir ki, sizin üçün asan olsun". Quran ayələrinin birində buyurulur ki, sizlərdən hər hansı biriniz xəstə və ya səfərdə olsanız, həmin günün oruclarını başqa günlər tutun. Gələn il orucluq başlayana qədər bunu yerinə yetirməlidir. Əgər növbəti il Ramazana qədər şəxsin xəstəliyi davam edərsə, tutmadığı günlər ona bağışlanır. Əgər bir insan doğulduğu yerə səfər edirsə, o oruc tutmalıdır. Hamilə qadınlar, körpəsinə süd verən analar və aclığa taqəti olmayan yaşlı insanlar oruc tutmaya bilərlər. Bu insanlar da hər gün üçün bir imkansız şəxsi 750 qram ərzaqla təmin etməlidir.

Amma üzrsüz, səbəbsiz yerə oruc tutmamaq böyük günahlardan biridir. Allah buyurur ki, hər hansı bir şəxs bilərəkdən oruc tutmayıbsa, hər günün qarşılığında bir qul azad etməlidir ki, bu gün artıq hər bir kəs azad insandır. Və yaxud oruc tutmayan insan qarşılığında hər gün 60 imkansız şəxsi doyuzdurmalıdır.

- Fitrə necə və kimlərə verilməlidir?

- Dinimizdə iki böyük və önəmli bayram var. Bunlardan biri Qurban bayramıdır, digəri isə mübarək Ramazandır. Hər iki bayramda Allah kasıblara, fəqirlərə yardım etməyi vacib buyurur. Bayramda hər bir müsəlman ailə üzvlərinin sayına görə, ən azı 3 kq buğda və ya onun dəyərindəki pulu ehtiyacı olan insanlara verməlidir. Çox yaxşı olardı ki, fitrə verilməsi mərkəzləşmiş, eyni zamanda şəffaf qaydada aparılsın. Əgər ölkəmizdə 4 milyon insan öz üzərinə düşən fitrəni versə, yüzlərlə imkansız insan illik azuqə ilə təmin olunar. Fitrə vermək imkanı olan hər bir müsəlmana fərzdir. Hədislərin birində buyurulur ki, "Fitrə çıxmayan evdə iki ramazan arasında hər hansı bir qəza, bədbəxt hadisə baş verirsə, bunun məsuliyyəti həmin ailənin başçısının üzərinə düşür". Bir sözlə, fitrə bədbəxt hadisələrin qarşısını alır.

- Bayramı necə keçirmək lazımdır?

- Oruc tutan insanlar qürurlanır, fərəh hiss edirlər ki, onlar bu şərəfə nail olublar.

İmkansız insanlar, ailələr sevinirlər ki, onlara yardım edilir. Kasıb insanlar, qohumlar, dostlar yad olunmalıdır, onların görüşünə gedilməlidir, balaca uşaqlara hədiyyələr verilməlidir. Bütün bunlar olmalıdır ki, insanlar bayramı zahirdə deyil, qəlblərində yaşasınlar.

Bütün xəbərlər Facebook səhifəmizdə