Respublika Seysmoloji Xidmət Mərkəzi də \"Google\"-a etiraz edir

Respublika Seysmoloji Xidmət Mərkəzi də \"Google\"-a etiraz edir
\"Google\" internet axtarış şəbəkəsinin məlumatlarında və \"Google Maps\" xəritəsində Azərbaycanla bağlı düzgün olmayan məlumatların yerləşdirilməsi bir çox dövlət qurumlarımız kimi AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) işinə də müəyyən çətinliklər törədir.
Bu barədə məlumatı SİA-ya AMEA RSXM-ın mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı verib. V. Rafiqqızı bildirib ki, AMEA RSXM-ın rəsmi internet saytı www.seismology.az –da \"Google Maps\"-ın xəritəsindən istifadə olunur: \"Bu xəritə seysmoloji məlumatların yerləşdirilməsi üçün bütün dünya ölkələri tərəfindən istifadə olunur. Lakin artıq bir neçə aydır ki, istifadə etdiyimiz \"Google Maps\" xəritəsində Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı hörmətsizlik edilir. Belə ki, xəritədə Azərbaycanın işğal olunmuş Xankəndi şəhərinin adı dəyişdirilərək Stepanakert, Ağdərə rayonu əvəzinə Mardakert, Xocavənd əvəzinə Martunu kimi göstərilirdi. AMEA RSXM rəhbərliyinin bununla bağlı Azərbaycan XİN rəhbərliyinə müvafiq müraciəti də olub. Eyni zamanda tərəfimizdən \"Google\" şirkətinə etiraz məktubları göndərilib. Əfsuslar olsun ki, \"Google\" şirkəti bu müraciətlərdən sonra da Azərbaycan Respublikasının ərazi bütövlüyünə hörmətsizliyini davam etdirir.
Hal-hazırda istifadəmizdə olan \"Google Maps\" xəritəsində işğal altında olan Azərbaycan əraziləri erməni dilində və Azərbaycana aid olmayan hissi kimi göstərilib. Xəritədə düzəliş etmək imkanımız olmadığına görə başqa ölkələrdə saytımızdan istifadə zamanı bizə xeyli problemlər yaranır. Odur ki, məsələnin ciddiliyini nəzərə alaraq media nümayəndələrini də bu istiqamətdə fəaliyyətlərini aktivləşdirməyə çağırırıq. Çünki ölkəmizin ərazi bütövlüyünə qarşı hörmətsizliyin edilməsi həm də bizə qarşı olan münasibətdir.

Bütün xəbərlər Facebook səhifəmizdə