Hacı Surxay: “Bilərək orucu batil edən insanlar üçün həm dünya, həm də axirət əzabı var”- MÜSAHİBƏ (SƏS TV)
İçəri Şəhər Cümə məscidi icmasının sədri və axundu Hacı Surxay Məmmədlinin SƏS TV-yə müsahibəsi:
- Ramazan ayının vacib günlərindən biri olan əhya gecələri haqqında məlumat verərdiniz...
- Xüsusi olaraq qeyd edim ki, əhya gecəsi Ramazan ayının son 10 günlüyünə təsadüf edir. İlk əhya gecəsi isə 18-dən 19-na keçən gecə olub. Növbəti və sonuncu gecə isə 26-dan 27-nə keçən gecə olacaq. Əhya sözünün mənası oyaq qalma kimi başa düşülür. Yəni həmin insan ya kütlə şəklində, ya da fərdi şəkildə məsciddə əhya gecəsi saxlayırlar. O şərtlə ki, həmin gecəni ancaq dini ayinləri oxuyasan. Həmin gecənin də xüsusi duaları var. Qədr sözünün mənası da qüdrətlənmə mənasındadır. Qədr gecəsi min aydan şərəflidir.
- Qəza orucu olan və onları qəza edə bilməyən şəxs başqasına pul verib oruc tutdura bilərmi?
- Əslində belə deyil. Əgər bir insanın boynunda qəza orucu varsa, o zaman qəza orucunu da mütləq özü yerinə yetirməlidir. İnsan bir il ərzində oruc tutmaq imkanlarından məhrumdularsa, o zaman fidyə verməlidir. Səfərdə və xəstə olan insanlar istisnadır. Sağlam insan isə pulla oruc tutdura bilməz.
- Bir şəxs orucun kəffarisini bir neçə il təxirə salarsa, kəffarənin miqdarı artarmı?
- Artmaz. Hər bir insan orucun kəffarəsini verməlidir. Kəffarənin artıb azalma ehtimalı yoxdur.
- Orucun kəffarəsini "vacibun- nəfəqə" (övlada) ödəmək olarmı?
- Əgər hər hansı bir insan orucda fidyə ödəmək istəyirsə, o zaman ac insana pul və ya ərzaqla ödəyə bilər. Əgər həmin insanın övladı və ya yaxını yoxdursa, o zaman kənara kömək edə bilər.
- Kəffarə pulunu xeyriyyə fonduna və yardım komitəsi kimi təşkilatlara ödəmək kifayət edərmi?
- Bütövlükdə Allah özü nura boyanıb. Somalidə səfalət, aclıq, susuzluq baş alıb gedirsə, imkan daxilində kömək edilməlidir.
- Seyid olmayan şəxs orucun kəffarəsini seyidə verə bilərmi?
- Əgər bir insan seyid, deyilsə ixtiyarı yoxdur ki, başqa bir seyidə fitrə zəkatı versin.
- Orucun kəffarəsini bayram, toy kimi mədəni işlərə xərcləmək olarmı?
- Kəffarə və fitrə zəkatını toya və digər mərasimlərə xərcləmək məqbul deyil. İslam əxlaqına görə bu yasaqdır.
- Qəsdən orucunu açan və kəffarə ödəyə bilməyən şəxs gələcəkdə imkanı olarsa, kəffarəni ödəməlidir?
- Qəsdən orucu batil edən hər bir kəs 60 və 61 gün oruc tutmalıdır. Həmin orucun kəffarəsini və fitrə zəkatını mütləq verməlidir.
- Qəsdən və aşkar şəkildə orucunu yeyən şəxs üçün cəza varmı?
- Ən böyük cəza vicdandır. Əgər bir insan bilərəkdən orucu batil edirlərsə, o zaman onlar ən böyük günah etmiş olar. Belə insanlar üçün həm dünya, həm də axirət əzabı vardır.
- İnsan səfərdə müstəhəb oruc tuta bilərmi?
- Səfərdə və xəstə olan insanların oruc tutmaması müstəsnadır. Əgər səfərdə olsan fiziki cəhətdən sağlamdırsa və 12 gündən artıq səfərdə olacaqdırsa, o zaman o öz orucunu tutmalıdır. Oruc tutan şəxs çalışmalıdır ki, öz orucunu öz məmləkətində tutsun.
- Fitrəni kimlər və necə verməlidir?
- Fitrə kişmişdən, xurmadan, un məmulatlarından olmalıdır. İl boyu hansı qidadan daha çox qəbul edirsə, həmin qidaya daha çox üstünlük verməlidirlər. Bəzən hamilə qadına fitrə düşmədiyini də deyirlər. Ancaq onu qeyd edim ki, hamilə qadının bətnindəki uşağa fitrə düşmür, ancaq həmin qadın mütləq fitrə verməlidir. Qafqaz Müsəlmanları İdarəsinin qəbul etdiyi qərara görə minimum 3 manat, maksimum isə 5 manat fitrə ödəməlidir. Fitrəni və zəkatı o insanlar verir ki, onlar möhtac deyil. Bu ayda insan acların qədrini bilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB