“Tolkuçka”lar can verir-ARAŞDIRMA

“Tolkuçka”lar can verir-ARAŞDIRMA
El arasında "tolkuçka" kimi tanınan ticarət mərkəzləri süqut dövrünü yaşamaqdadır. Vaxtilə iynə atsan yerə düşməyən "tolkuçka"lar indi suyu sovrulmuş dəyirmanı xatırladır.
Getdikcə daha tələbkar olan alıcılar indi üstünlüyü şəhərdə hər addım başı artan türk mağazalarına verirlər.
Düzdür, bu mağazaların əksəriyyətində satılan geyimlər heç də keyfiyyətinə və görünüşünə görə \"tolkuçka\"dakılarından seçilməsə də, mağazaların müasirliyi, alış-veriş üçün mədəni xidmətin təklif etməsi, qiymətlərin ucuz olması alıcı diqqətini cəlb edir.

Apardığımız müşahidələr zamanı vaxtilə paytaxt ərazisində populyar olan "20 Yanvar" meteostansiyasının yaxınlığındakı "Velotrek" alış-veriş mərkəzinin tamamilə müflisləşdiyini gördük. "Tolkuçka" dakı əksər mağazaların qapısından qıfıl asılıb. Bir ara bu ticarət obyektinin tamamilə söküləcəyi deyilsə də sonradan 2011-ci ilin investisiya proqramına uyğun olaraq \"Velotrek\"in təmir ediləcəyi bildirildi. Ancaq hələlik bu istiqamətdə heç bir iş görülməyib və "tolkuçka" öz süqut dövrünü yaşayır.



"Velotrek" və "Laçın"da mağazalar bağlı qalıb

"Tolkuçka"da hələ də işləyənlər ticarət mərkəzinə demək olar ki alıcı gəlmədiyini deyirlər: "Elə gün olur ki, "siftə" edə bilmirik". Zöhrə adlı satıcı yarmarka fəaliyyətə başlayan gündən burda işlədiyini deyir: "Vaxt vardı ki, müştəri əlindən burada tərpənə bilmirdik. İndi isə alıcı üzünə həsrət qalmışıq. Ticarətçilər icarə pulunu ödəyə bilmir. Ona görə mağazaları boşaldıb çıxıb gedirlər".
Ticarətçilər mal gətirmək üçün kredit götürdüklərini, ancaq banka ödəniş edə bilmədikləri üçün çoxlarının bankrot olduğunu de dedilər.
Ticarətçilər "Velotrek" in müflis olmasının səbəbini "Binə" və "Sədərək"in Lökbatan ərazisinə köçürülməsi ilə əlaqələndirdilər. Eyni zamanda avtovağzalın da ərazidən köçürülməsi "Velotrek" i çökdürdü.
Oxşar aqibəti "Laçın" və "Xalqlar dostluğu" yarmarkalarında da müşahidə olunur. Bu ticarət mərkəzində də əksər mağazaların qapılarına qıfıl vurulub. Bu yarmarkada da satıcıların ruhdan düşdüyü diqqəti çəkir. Onların dediyinə görə, son bir ildə yarmarkadakılar alıcı üzünə həsrət qalıblar. Satıcılar tez-tez yarmarkanın söküləcəyi ilə bağlı xəbərlər eşitdiklərini də dedilər: "Çörəkpulumuz buradan çıxır. İndi də deyirlər ki, ticarət mərkəzi sökülərək yerində yeraltı və yerüstü dayanacaqlar inşa olunacaq\".


"Titanik" batır


Ticarətçilər gündən – günə dükanların sayının azaldığı da dedilər: "İmkanı olanlar "Binə" və "Sədərək" dən mağaza götürüb gedirlər".
"Titanik" kimi tanınan Bakı Beynəlxalq Avtovağzal Kompleksindəki mağazalarda da vəziyyət ürəkaçan deyil. Kompleksin 3 - 4-cü mərtəbələrində fəaliyyət göstərən mağazalarındakı ticarətçilərin gözləri yolda qalıb.
Buradakı alış verişdə də passivlik var. İcarə haqqı digər ticarət mərkəzlərindən xeyli baha olan "Titanik"də işləyənlər yay aylarında alver tamamilə kəsildiyi üçün yerpulu ödəməyə imkanları olmadığını deyirlər.
Qeyd edək ki, hazırda yarmarkada 50-dən çox mağaza fəaliyyət göstərir. "Velotrek"də işləyənlərin çoxu da "Titanik" də alver olacağı ümidi ilə orada mağaza götürsələr də burada da mağazaları boş qalıb.
Buranın satıcıları dedilər ki, vağzala gəlib-gedənlərin sayı çox olsa da, mağazalara girən yoxdur: "Burda yalnız sərnişinlər yolda yemək üçün qida məhsulları alırlar. Alver olmadığı üçün bəzi obyekt sahibləri müflisləşib. Mağaza sahiblərinin çoxu satıcılarının maaşlarını belə verə bilmir".

Bütün xəbərlər Facebook səhifəmizdə