“Dövlət və din” ictimai fikir toplusunun yeni sayı çapdan çıxıb

“Dövlət və din” ictimai fikir toplusunun yeni sayı çapdan çıxıb

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nəşri olan "Dövlət və Din" ictimai fikir toplusunun bu ildəki növbəti 4-cü sayı çapdan çıxıb.

Qurumdan SİA-ya verilən xəbərə görə, toplunun ənənəvi "Rəsmi guşə" bölməsində "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanunu, "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2011-ci il 10 iyun tarixli 162-IVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, dövlət başçısı İlham Əliyevin Sumqayıt şəhərindəki Cümə məscidində aparılan əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə tanış olması geniş işıqlandırılıb.

Toplunun bu hissəsində Dövlət Komitəsinin yaradılmasının 10 illiyi münasibətilə qurumun əməkdaşlarının Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad etmələri, daha sonra Şəhidlər xiyabanında "Əbədi məşəl" abidəsinin önünə əklil qoymaları haqda məlumat və fotolar yer alıb. Bu rubrikada, həmçinin Dövlət Komitəsində qurumun yaradılmasının 10 illiyinə həsr olunmuş "dəyirmi masa", tədbir iştirakçılarının dövlət başçısına müraciəti və Dövlət Komitəsinin bir qrup əməkdaşının dövlətimizin yüksək mükafatı ilə təltif edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar keçirilən təqdimat mərasimi haqqında informasiya verilib.

Oxucular toplunun bu hissəsində Dövlət Komitəsinin sədri Hidayət Orucovun, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin, Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyasının yepiskopu Aleksandr İşşeinin, Bakı şəhər Dağ Yəhudiləri dini icmasının sədri Semyon İxiilovun, Avropa Yəhudiləri İcmasının rəhbəri Gennadi Zelmanoviçin, Roma Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi Vladimir Feketenin "Dəyirmi masa"dakı çıxışları ilə də tanış ola bilərlər.

"Rəsmi guşədə", həmçinin QMİ-də Həzrət Əlinin (ə) mövludu və Qurtuluş günü münasibətilə keçirilən tədbir, aktual sosial-dini problemlərə həsr edilmiş "Dəyirmi masa", Avropa Şurası Parlament Assambleyasındakı Avropa Xalq Partiyası qrupunun nümayəndə heyətinin iştirakı ilə Dövlət Komitəsində təşkil edilən "Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına töhfə verə biləcək dinlərarası dialoq və ya Avropa dəyərlərinə dair" mövzusunda "Dəyirmi masa" və Hidayət Orucovun tədbirdə "Azərbaycanda tolerantlıq ənənələri və dinlərarası dialoq" mövzusunda çıxışı verilib.

Dini terminlərin izahlı lüğəti bu sayda da davam etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə