AMEA İnformasiya Texnologiyaları İnstitutunda koreyalı alimlə görüş keçirilib

AMEA İnformasiya Texnologiyaları İnstitutunda koreyalı alimlə görüş keçirilib
AMEA İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) 2 ilə yaxındır ki, e-cəmiyyət, e-təhsil məsələləri ilə məşğul olan Koreya Milli Tədqiqat Fondunun (KMTF) nümayəndəsi, professor Cey Sanq Conun elmi fəaliyyətinin sona çatması və öz ölkəsinə qayıtması münasibətilə görüş keçirilib. SİA-nın xəbərinə görə, AMEA İTİ-nin direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev əvvəlcə Azərbaycanla Cənubi Koreya arasında müxtəlif sferalarda, eləcə də elmi-texniki sahədə geniş əməkdaşlıq əlaqələrindən danışıb: "Ölkəmizdə informasiya cəmiyyətinin formalaşması istiqamətində öz töhfələrini verən AMEA İnformasiya Texnologiyaları İnstitutu müvafiq sahədə Koreya ilə birgə həyata keçirilən layihələrdə yaxından iştirak edir, iki ölkə arasında son illər əməkdaşlıq əlaqələri intensivləşir".

R.Əliquliyev bu əlaqələrin yeni istiqamətlərinin müəyyənləşməsinin, gələcək inkişaf perspektivlərinin təyin olunmasının informasiya cəmiyyətinin formalaşmasında mühüm amillərdən olduğunu söyləyib. Alim Koreyanın İKT sahəsində dünyanın aparıcı ölkələrindən biri olduğunu vurğulayaraq, bu sahədə əlaqələrin möhkəmləndirilməsi, Koreya təcrübəsinin öyrənilməsi və s. məsələlərin həyata keçirilməsinin institutda elmi-texniki sahədə yürüdülən siyasətin başlıca məqsədlərindən biri olduğunu söyləyib.

Professor İKT-nin dünya iqtisadiyyatının dinamik inkişaf edən perspektivli sektoruna çevrildiyi müasir dövrdə ölkəmizdə də biliklər iqtisadiyyatını formalaşdırmaq, elmi-texniki infrastrukturu modernləşdirmək, elmin, təhsilin inteqrasiyasını təmin etmək və s. kimi məsələlərin həyata keçirilməsi istiqamətində mühüm tədbirlərin görüldüyünü bildirib.

Daha sonra, C.S.Conun AMEA İTİ-dəki fəaliyyətinə toxunulub, onunla əməkdaşlığın İTİ üçün böyük əhəmiyyətindən danışılıb. Qeyd olunub ki, bu əlaqələr Koreya və Azərbaycan Respublikası arasında olan yüksək səviyyəli ikitərəfli əməkdaşlığın ayrılmaz hissəsidir.

C.S.Con institutdakı fəaliyyəti dövründə İTİ və KMTF arasında əməkdaşlığın inkişafında bir sıra işlər görüb. Onun iki qurum arasında Anlaşma Memarandumunun hazırlanmasında, İTİ-də bir sıra seminarların, o cümlədən "İKT-nin aktual Problemleri I Elmi Seminar"ın təşkili, İTİ-nin Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) ilə birgə layihəsinə hazırlanması məsələlərində böyük rolu olub. O, eyni zamanda "Open Source Software" mövzusunda bir neçə seminarlar, təqdimatlar keçirib, Azərbaycan dilində "Linux" əməliyyat sistemi və "Java proqramlaşdırma dili"nə həsr olunmuş 2 kitab hazırlayıb.

Sonda direktor, İTİ adından C.S.Conun institutdakı 2 illik fəaliyyəti dövründə çəkilən şəkillərdən ibarət foto albom və digər qiymətli hədiyyələri qonağa təqdim edib.

Daha sonra İTİ adından KMTF və prof. C.S.Cona təşəkkür məktubları ünvanlanıb.Qonaq 2 illik fəaliyyəti dövründə ölkəmizdə olmaqdan və AMEA İTİ-də işləməkdən böyük məmnunluq hiss etdiyini və bu müddət ərzində ona dəstək olan bütün institut əməkdaşlarına minnətdar olduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə