Ət bazarı od tutub yanır-ARAŞDIRMA

Ət bazarı od tutub yanır-ARAŞDIRMA
Ətin qiyməti sürətlə artır. Artıq bazarlarda qoyun əti 8 manat 50 qəpik, mal əti 8 manat, bəzi ərazilərdə isə 9 manatadək yüksəlib. Hətta qoyun ətinin 11 manata satılması hallarının olduğu da bildirilir. Qiymətlərin yüksələn templə indən sonra artacağı da istisna olunmur. Ət bazarında yaranmış vəziyyət isə əhalinin ciddi narahatlığına səbəb olub. Bu bizneslə məşğul olanlar ətin bahalaşmasının səbəbini müxtəlif cür izah etməyə çalışırlar. Kimi bahalaşmanı ölkədə mal-qara qıtlığının yaranması, kimi ət satışı obyektlərinin qeyri-rəsmi ödənişlərinin çoxalması, kimi yemin bahalaşması nəticəsində ətin maya dəyəri artması, kimi də Gürcüstandan ölkəmizə ət ixracının dayandırması ilə izah edir.


Ət satışı ilə məşğul olan iş adamlarından biri qiymətlərin Bərdə rayonunda da yüksəldiyini söylədi: "Paytaxta mal-qaranı Bərdədən gətirirəm. Orada ətin topdansatış qiyməti 20 faiz artıb. Bərdə fermerləri deyir ki, yemin qiyməti bahalaşdığı üçün qiyməti artırmağa məcbur olublar. Mal-qaraya verilən arpa, buğda hətta kəpəyin də qiymətində artım var. Yerindən mal-qaranı baha aldığımız üçün biz də paytaxtda baha satmağa məcbur oluruq".
Fermerlər paytaxt bazarların mal-qara ilə təmin edən Cəlilabad rayonunda da qiymətlərin artdığını dedilər.


Kəndlilər tənbəlləşib


Kənd Təsərrüfatı Nazirliyinin heyvandarlıq məhsullarının istehsalı, emalı, damazlıq işi şöbəsinin müdiri, əməkdar kənd təsərrüfatı işçisi Çingiz Fərəcov isə öncə ətin bahalaşmasına heç bir əsas olmadığını dedi. C. Fərəcov Bərdədə və Bakıya ət idxal olunan digər rayonlarda ətin kilosunun 5-6 manat olduğunu bildirdi: "Yay aylarında ümumiyyətlə ət ucuzlaşmalıdır. Bu gün ət bazarında baş verənlər süni əngəllərdir. Bu yolla varlanmaq istəyənlərə qarşı isə dövlət səviyyəsində ciddi tədbirlər görülməlidir. Onlar xalqı dövlətdən narazı salmaq istəyənlərdir. Çünki bu gün ölkə ərazisində görülən tədbirlər nəticəsində ətin qiyməti bahalaşmalı yox ucuzlaşmalıdır. Azərbaycan xalqı ət sevər xalqdır. 1 adam il ərzində 32 kiloqram ət, 236 litr süd istehlak edir. Əgər 2007-ci ildə bir nəfər 24 kiloqram süd, 176 litr süd istehlak edirdisə, son göstəricilər də göstərir ki, ətə olan tələbat artıb. Bunu nəzərə alaraq Ağdaş, Ağcabədi, Salyan və digər rayonlarda heyvandarlıq kompleksləri yaradılır. Ağcabədi rayonu Ağabəyli kəndindəki təsərrüfatlarda 1000 baş heyvan saxlanılacaq, 7,6 min ton süd istehsal ediləcək.
Nəzərdə tutulub ki, ilin sonuna kimi ət emalı 10 min tona çatdırılsın. Onu da deyim ki, hazırda 2 milyon 600 min baş iri buynuzlu, 8 min 400 min ton xırda buynuzlu mal-qara var. Bütün bunların fonunda ölkədə mal-qara çatmazlığının olduğunu demək absurddur". C. Fərəcov daha sonra yemin bahalaşmasının ətin qiymətlərə təsir göstərə biləcəyini istisna etmədi: "Bu gün kəndlilər işləmək istəmir. Əgər hər bir kəndli torpaq payının 35-40 faizinə bitki əkərsə bu bahalaşma olmaz. Ancaq iş o yerə çatıb ki, kəndli pulla mal-qara üçün yem alır. Problemin aradan qaldırmaq üçün kəndliyə subsidiya verilməli və onları buna həvəsləndirmək lazımdır. Qeyd edim ki, hazırda yonca bağlamasının bir kipinin qiyməti 2 manat, 2 manat 50 qəpiyə qalxıb. Əvvəllər bir kipin qiyməti 1 manat idi. Xüsusi qüvvəli yemin, arpa və buğdanın qiymətində də artım var. Bütün bunlar ət məhsullarının qiymətinə təsir edə bilər".


Bahalıq Gürcüstandan gəlib


Məsələ ilə bağlı fikrini öyrəndiyimiz ekspertlər isə hesab edir ki, ümumiyyətlə, dünyada ərzağın, o cümlədən ətin qiyməti bahalaşır. Azərbaycana ən çox qoyun əti ixrac edən ölkə Gürcüstandır. Gürcüstanda əgər bir qoyun əvvəllər 100 lari idisə, indi qiymət 150 lariyə qədər artıb. Buda qiymət artımı yaradıb.

Bütün xəbərlər Facebook səhifəmizdə