“Yay təcrübəsi proqramı”nın növbəti layihəsi çərçivəsində ARDNŞ-ın Ekologiya İdarəsində gənclərlə görüş təşkil edilib- FOTOSESSİYA

“Yay təcrübəsi proqramı”nın növbəti layihəsi çərçivəsində ARDNŞ-ın Ekologiya İdarəsində gənclərlə görüş təşkil edilib- FOTOSESSİYA

Bu gün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Azərbaycan vətəndaşı olan tələbələrə yay tətili müddətində istehsalat təcrübəsi keçmək üçün həyata keçirdiyi "Yay təcrübəsi proqramı"nın növbəti layihəsi çərçivəsində ARDNŞ-ın Ekologiya İdarəsində gənclərlə görüş təşkil edilib. SİA-nın məlumatına görə, Ekologiya İdarəsinin rəis müavini Vüqar Kərimov bildirib ki, ARDNŞ-ın ali təhsil ocaqlarında təhsil alan istedadlı tələbələrə ayırdığı diqqət uğurla davam etməkdədir: "Keçən il olduğu kimi bu il də Azərbaycan Respublikasının və xarici ölkələrin müxtəlif ali məktəblərində neft-qaz, neft-qaz qurğuları, qazma, geofizika, geologiya, ekologiya, neft-kimya və kimya mühəndisliyi, energetika və digər ixtisaslar üzrə təhsil alan Azərbaycan vətəndaşı olan tələbələrə yay tətili müddətində istehsalat təcrübəsi keçmək üçün "Yay təcrübəsi proqramı"na başlanılıb".

V. Kərimov: "Proqram tələbələrin neft sənayesinin müxtəlif sahələrində təcrübi biliklərinin artırılması, onların real iş şəraiti ilə yaxından tanış olması, nəzəri biliklərinin təcrübədə yoxlanılması, həmçinin iş keyfiyyətləri barədə ARDNŞ-də daha dolğun informasiyanın toplanması məqsədi ilə həyata keçirilir",- deyə əlavə edib.

Yay təcrübəsinin tələbənin istəyindən asılı olaraq 1 və ya 2 ay müddətində davam edəcəyini deyən rəis müavini vurğulayıb ki, proqramın şərtlərinə görə tələbə ilə həmin müddətə müvəqqəti əmək müqaviləsi bağlanır və o ən aşağı dərəcəli mütəxəssis vəzifəsində işə qəbul olunur: "Təcrübəçi işlədiyi vaxta və vəzifəsinə müvafiq olaraq əmək haqqı alır. Eyni zamanda ARDNŞ işçiləri üçün mövcud olan bütün güzəştlər təcrübəçilərə də şamil edilir. Proqramda təhsil aldığı ali məktəbdən asılı olmayaraq qeyd olunan ixtisaslar üzrə bakalavriatın 2, 3, 4-cü kursları və magistraturanın1 və 2-ci kurslarını bitirən tələbələr iştirak edirlər. 23 may 2011-ci il tarixində ARDNŞ-nin saytında elan olunmuş müsabiqəyə iki həftə ərzində ölkə daxilində və xaricdə 31 ali məktəbdə təhsil alan 590 tələbə müraciət edib. 18 ali məktəb üzrə 226 tələbə yay təcrübəsinə qəbul edilib. Seçim zamanı ARDNŞ-nin təqaüd müsabiqələrinin qaliblərinə, həmçinin müsabiqələrdə yaxşı nəticələr göstərən tələbələrə üstünlük verilib".

Ekologiya İdarəsində təcrübədə Bakı Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti və Azərbaycan Dövlət Neft Akademiyasının tələbələri iştirak edir. Belə ki, idarəyə 7 tələbə göndərilib ki, onlar da burada 1-2 ay iş təcrübəsi keçməklə yanaşı, ilk gündən fərdi mühafizə vasitələri ilə təmin olunub, təhlükəsizlik texnikası qaydaları ilə təlimatlandırılıb və müvafiq jurnalda qeydlər aparılıb.

Məlumat üçün bildirək ki, tələbələrin yay təcrübəsi ARDNŞ-nin \"Azneft\" İB, \"Azərikimya\" İB, Kompleks Qazma İşləri Tresti, \"Neftqaztikinti\" tresti, Xəzər Dəniz Neft Donanması, Geofizika və Geologiya İdarəsi, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu, "Azərneftyağ" Neft Emalı Zavodu, Qaz Emalı Zavodu, İnformasiya Texnologiyaları və Rabitə İdarəsi, Neft Kəmərləri İdarəsi, "Azəriqaz" İB və Ekologiya İdarəsində təşkil edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə