Elektrik verilişi xətlərində texniki itkilər azalıb

Elektrik verilişi xətlərində texniki itkilər azalıb

İstehlakçıların elektrik enerjisinə olan tələbatını tam və keyfiyyətli şəkildə ödəmək məqsədilə "Regional Elektrik Şəbəkəsi" (REŞ) müəssisələrində mühüm addımlar atılır. Nəticədə istehlakçılara verilən elektrik enerjisinin keyfiyyətini daha da yaxşılaşdırmağa, elektrik verilişi xətlərində texniki itkiləri azaltmağa imkan yaradıb. Lakin istehlak edilmiş elektrik enerjisinin sərfinə görə ödənişlərin 100 faizə çatdırılması kollektivimiz qarşısında duran ən mühüm vəzifədir.

"Azərenerji" ASC-nin mətbuat xidmətindən SİA-ya daxil olan məlumata görə, İmişli, Ağcabədi, Füzuli, Beyləqan, Saatlı, Kürdəmir, Zərdab və Sabirabad Elektrik Şəbəkələrinin (EŞ) daxil olduğu "İmişli" Regional Elektrik Şəbəkəsi (REŞ) üzrə cari ilin 7 ayı ərzində 642 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,9 milyon kilovatsaata yaxın çoxdur. Ümumi istehlak edilmiş elektrik enerjisinin ödəniş səviyyəsi isə 72 faizə yaxın olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə mütləq 9,9 faiz çoxdur. O cümlədən, əhali istehlakçı qrupu üzrə isə istehlak 193,8 milyon kilovatsaata yaxın olmuşdur ki, bu da ötən ilin müvafiq dövründəki istehlakdan 25,1 milyon kilovatsaata yaxın azdır. Ödəniş isə 8,1 milyon manata yaxın və yaxud da 69 faizdən artıq olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə mütləq 5,8 faiz çoxdur.

Qeyd edək ki, cari ilin iyul ayında burada 93,8 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin müvafiq dövründəki istehlakdan 11 faizə yaxın çoxdur. Ümumi ödəniş isə ötən ilin müvafiq dövrü ilə müqayisədə mütləq 12 faizə yaxın artaraq 81 faizə yaxın olub. O cümlədən əhali istehlakçı qrupu üzrə isə istehlak 21,6 milyon kilovatsaata, ödəniş isə 90 faizə yaxın olub. Ötən ilin müvafiq dövründə isə bu göstəricilər uyğun olaraq 23 milyon kilovatsaata, ödəniş isə 74 faizə yaxın olub. Nəticədə ötən ilin eyni dövrü ilə müqayisədə istehlak 6 faizdən artıq azalmış, ödəniş isə mütləq 14 faizdən çox artıb.

Ötən ay ümumi ödənişdə REŞ üzrə ən yüksək göstərici Füzuli EŞ-də (96,5%), ən aşağı göstərici isə Zərdab EŞ-də (66,3%) qeydə alınıb. Daimi əhali istehlakçı qrupu üzrə isə ödənişdə ən yüksək göstərici Zərdab EŞ-də (97,6%), ən aşağı göstərici isə Saatlı EŞ-də (72,4%) qeydə alınıb.

Onu da qeyd etmək yerinə düşərdi ki, cari ilin 7 aylıq göstəricilərinə görə, ümumi ödənişdə ən yüksək göstərici Zərdab EŞ-də (89,4%), ən aşağı göstərici isə Sabirabad EŞ-də (59,9%) qeydə alınıb. Daimi əhali istehlakçı qrupu üzrə isə ödənişdə ən yüksək göstərici Zərdab EŞ-də (99,4%), ən aşağı göstərici isə Sabirabad EŞ-də (49,4%) qeydə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə