2015-ci ildə Bakı Avropanın Gənclər paytaxtı ola bilər

2015-ci ildə Bakı Avropanın Gənclər paytaxtı ola bilər

Bu gün gənclər və idman naziri Azad Rəhimov Avropa Gənclər Kartı Assosiasiyasının İdarəetmə Heyətinin prezidenti Jarkko Lehikoin il görüşüb. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, görüşün əsas məqsədi Avropa Gənclər Kartının Azərbaycanda inkişaf potensialını, gənclərin vahid beynəlxalq güzəştli kartlar sisteminə qoşulması məsələlərini müzakirə etmək idi.

Qonağı salamlayan nazir ölkədə böyük tələbə cəmiyyətinin olduğunu bildirib, bu kartın gənc nəsil üçün önəmli rol oynayacağını qeyd edib. Nazir ölkədə fəaliyyət göstərən gənclər təşkilatları, tələbə gənclər təşkilatları, nazirliyin gənclər sahəsini əhatə edən layihələri və görülən işlər barədə söz açıb. Kartın gənclər üçün verə biləcəyi üstünlüklərindən də danışan Azad Rəhimov bu mövzunun "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı"-nda da nəzərdə tutulduğunu qeyd etdi.

"Azərbaycan gəncləri ilə Avropa gəncləri arasında əsas fərq ondan ibarətdir ki, Avropalı gənclərin digər ölkələrə getmələri üçün heç bir sərhəd yoxdur. Qatar vasitəsi ilə onlar çox da baha olmayan qiymətlərə müxtəlif Avropa ölkələrinə gedə bilərlər. Azərbaycan gənclərinin Avropa ölkələrinə yalnız təyyarə ilə getmələrini nəzərə alsaq, bu çox da ucuz başa gəlmir. İstərdimki, bu kart gənclər üçün təhsil, texnika və müxtəlif sahələrdə yaralı ola bilsin", - deyə Azad Rəhimov deyib.

Nazir eyni zamanda, 2015-ci ildə Bakının Avropanın Gənclər paytaxtı olması təklifinin irəli sürüldüyünü və bu nüansı nəzərə alaraq bu kart vasitəsi iləAzərbaycan və Avropalı gənclərin daha da yaxınlaşacaqlarına, onların müxtəlif layihələrdə birgə iştiraklarına şərait yaradacağını dilə gətirib.

Diqqət və xoş sözlər üçün təşəkkürünü bildirən qonaq prezident seçildiyi müddət ərzində Azərbaycanın səfər etdiyi ilk ölkə olduğunu bildirib. Avropa Gənclər Kartı Assosiasiyasının İdarəetmə Heyətinin Prezidenti Jarkko Lehikoin kartın istifadəçilərindən danışarkən onların Avropa ölkələrində əsasən aktiv tələbələr olduğunu, lakin buna baxmayaraq digər gənclərin də kartla təmin edildiyini diqqətə çatdırıb.Jarkko Lehikoin eyni zamanda, Avropanın müxtəlif ölkələrində kartın istifadə və tətbiq qaydalarında da söz açıb.

Qeyd edək ki,Avropa Gənclər Kartı 30 yaşa qədər olan gənclər üçün Avropa miqyasında mədəniyyət, səyahət, otel, mal və xidmətlər sahəsində 80 000 xidmət növünə endirim və güzəştlərdən yararlanmağa imkan verən sistemdir. Bu kart 40 EYCA (European Youth Kart Assosiation) üzv təşkilatı tərəfindən dünyanın 37 ölkəsində buraxılıb və razılıqla qarşılanıb. Dünya üzrə 4 milyondan çox kart daşıyıcısı tərəfindən istifadə olunur.

Azərbaycan Avropa Gənclər Kartı Assosiasiyasına 2010-cu ilin mart ayında qoşulub. Qeyd edək ki, Jarkko Lehikoinen (Finlandiya) 2011-ci ilin iyun ayında Amsterdamda keçirilən konfransında EYCA-nın prezidenti vəzifəsinə seçilib. Jarkko Lehikoinenin Bakıya səfəri 23 avqust tarixinədək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə