Hər il dünyada avqustun 23-ü Beynəlxalq insan alverinə qarşı mübarizə günü kimi qeyd olunur. Ötən ildən Azərbaycanda da avqustun 23-ü insan alverinə qarşı kampaniya başlayıb. Həmin gün Azərbaycan üçün də aktual olan insan alverinin qurbanları yad edilir, ictimaiyyətin diqqəti bu problemə yönəldilir.
"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalovanın SİA-ya verdiyi məlumata görə, sabah artıq ikinci dəfə insan alverinə qarşı mübarizə gününə həsr olunmuş geniş tədbir keçiriləcək: "Tədbirdə beynəlxalq təşkilatların, səfirliklərin nümayəndələri, millət vəkilləri, DİN-in İnsan alverinə qarşı Mübarizə İdarəsinin rəsmiləri, iş adamları, eləcə də, tanınmış incəsənət xadimləri iştirak edəcək. Tədbirdə insan alveri cinayətinə qarşı və insan alveri qurbanlarına dəstək məqsədilə mesajlar səslənəcək. Bütün səslənmiş mesajlar və tədbir iştirakçıları ilə çəkilmiş fotolar albom şəklində çap ediləcək. Qeyd edim ki, kampaniyanın iki elementi var - "Mavi ürək" və gözlərə bağlanmış "mavi lent". "Mavi ürək" ictimai məlumatlılığın səviyyəsini artırmaq üçün yaradılıb. "Mavi lent " isə istismara məruz qalmış insanlara bu acını unutdurmaq, onlara yardım və dəstək ola bilmək üçün düşünülmüş rəmzdir. Bağlı gözlər insanların məlumatsızlığının simvoludur".
Təəssüflə olsa da qeyd edək ki, insan alverinin qurbanları Azərbaycanda da ilbəil artır. Demək olar ki, mütəmadi olaraq insan alveri ilə məşğul olan cinayətkarların saxlanması ilə bağlı xəbər alırıq. Beynəlxalq qurumların siyahısında isə Azərbaycanın adı insan alverində mənbə və tranzit ölkə kimi qeyd olunur. Azərbaycan, Rusiya, Mərkəzi Asiya ölkələrindən olan qadınlar Azərbaycan ərazisindən keçərək Birləşmiş Ərəb Əmirliklərinə, Türkiyə və Pakistana gətirilərək burada seksual istismara məruz qalırlar. Azərbaycanlı qadınların Dubayda, Türkiyə, Ərəb Əmirliklərində aparılması faktları var.
Azərbaycanda qadınların insan alverçilərinin toruna düşmələrinin səbəbləri isə müxtəlifdir. Əksər hallarda qadınlar iş adı ilə xaricə çağırılır. Onlara plantasiyalarda subtropik meyvələrin yığımı, müxtəlif Avropa ölkələrində dayəlik, model biznesində çalışmaq təklif olunur. Təhsil almaq, nikaha girmək adı ilə də xaricə aparılanlar var. Dil, qanun, beynəlxalq hüquq normalarından baş çıxarmayan bu qadınlar insan alverçilərinin əlində alətə çevrilirlər. Faktlar sübut edir ki, qurbana çevrilmiş azərbaycanlı qadınların əksəriyyəti rayonlardandır. Bölgələrdə qadınların məlumatsız olması onların tez aldanmasına şərait yaradır. İnsan alverinin qurbanları arasında internat həyatı yaşayanlar, sosial problemləri olanlar da çoxdur.
Bu problem qurbanları psixoloji, mənəvi əzablarla məruz qalmaq yanaşı, həm də təhlükəli xəstəliklərə məruz qalırlar. Mütəxəssislər qurbanlar arasında AİDS-ə yoluxma ehtimallarının böyük olduğunu deyir. Gizli həyat yaşayan və çox vaxt üzə çıxmayan qurbanlar müayinəyə getmirlər. Nəticədə təhlükəli virusun yayılmasına şərait yaranır.
"Təmiz Dünya" İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova insan alveri probleminə qarşı ölkədə görülən işlərin müsbət nəticə verdiyini də deyir: "Əvvəlki illərlə müqayisədə insan alveri qurbanlarının müraciətləri azalıb. 2004-cu ildə Azərbaycan Respublikası prezidentinin "İnsan Alverinə Qarşı Mübarizə" haqqında fərmanı bu sahə çox ciddi dəyişiklərə səbəb oldu. "Milli Fəaliyyət Planı" nın müəyyən olunması, qanunvericilik bazasının qəbul edilməsi, xüsusi polis qurumunun yaradılması, insan alverinin qurbanları üçün sığınacaq xidmətləri, yardım fondunun yaradılması mübarizə tədbirlərini aktivləşdirdi.
Müvafiq fərmandan sonra DİN-nin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi ilə birgə bölgələrimizə səfərlərimiz oldu. Məqsədimiz insan alverçilərinin tələsinə düşməmək üçün əhalini məlumatlandırmaq idi. Vətəndaşlarımız insan alveri qurbanına çevrilməməsi üçün belə kampaniyaların olması vacibdir.
Sabah keçirəcəyimiz kampaniyanın da öz mahiyyəti var. Məqsədimiz kölgədə qalmış faktları aşkarlayıb üzə çıxarmaq, insan alveri qurbanlarına qarşı ayrı-seçkilik aradan götürmək, tanınmış şəxslər və ictimai insanları bu problemə diqqətini artırmaq, biganə şəxslər də insan alverinə qarşı mübarizədə səslərini ucaltmağa çağırmaqdır. Kampaniyanın digər məqsədi mübarizədə beynəlxalq hərəkata qoşulmaqdır\".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB