Xəstəxanada hər gün 20 uşaq ölür – Somali dramı

Xəstəxanada hər gün 20 uşaq ölür – Somali dramı

Paytaxt Moqadişinin ən böyük xəstəxanasında uşaq həkimləri 100 uşaqdan 4-nün öldüyünü söyləyirlər.

SİA-nın "Sabah" qəzetinə istinadən verdiyi xəbərə görə, Somalidə aclıq və quraqlıq ən çox qadınları və uşaqları əsarəti altına alıb. Paytaxt Moqadişinin Banadıra Dövlət Xəstəxanasına hər gün səhra xəstəxanalarından uşaqlar göndərilir. Uşaq həkimi Amir Şikh Abdullah 100 uşaqdan 4-nün öldüyünü bildirib. Uşaqların ölümlərinin ən böyük səbəbi uzun müddət aclıq və susuzluğa bağlı ishaldır.

Banadır Dövlət Xəstəxanası ölkənin ən böyük səhiyyə ocağıdır. Ətraf bələdiyyələrdən və kəndlərdən xəstə uşaqlarını qucaqlarına alaraq günlərlə yol gedən ana və atalar xəstəxana koridorunda pərişan halda gözləyir. Moqadişinin Valaveyn kəndindən qucağındakı 18 aylıq körpəsi ilə 90 kilometr yolu bir həftədə gələn Aşo Mued (22) beşinci uşağına da 9 aylıq hamilədir. Anasının qollarında xəstəxana koridorunda növbə gözləyən Məhəmməd Abşerin (18 aylıq) uzun müddət susuz qaldığı üçün ishalı dayanmır. Körpəsini itirmək istəməyən ana Mued çarə axtarır. Xəstəxana koridorunda növbə gözləyən somalili analardan biri də Ferhiye Əhməd (23) Ormahan bölgəsindən həyat yoldaşını gözləmədən 100 kilometrlik məsafəni qət edərək Moqadişiyə çatıb. O, Nesrö Galid adındakı 4 aylıq qız körpəsiylə xəstəxana koridorunda gözləyir. Aclıq və uzun müddət susuzluqdan sonra ishal olan 7 yaşındakı Muttalip bir dəri bir sümük qalıb. 11 kilo ağırlığındakı Muttalip ayaq üstə dayanmaqda çətinlik çəkir.

Banadir Dövlət Xəstəxanasının uşaq həkimi Amir Şikh Abdullahın verdiyi məlumatlar aclıq və susuzluğun uşaqlar üzərindəki təsirini gözlər önünə sərir. O, gün ərzində təqribən 500 uşağın xəstəxanaya gətirildiyini deyir: "Xəstəxanaya gələn uşaqların dərhal hamısında ishal görürük. Yüzlərlə kilometrdən müalicə üçün gələn hər yüz uşaqdan 4-nü xilas edə bilmirik".

Yemək yeyəcək vəziyyətdə olmayan uşaqlara qida xüsusi xortumla verilir. Xəstəxanada çox az sayda həkim olduğu üçün onlar yalnız ağır vəziyyətdə olanlara müdaxilə edə bilir. Ümumiyyətlə, bütün xəstələrə tibb bacıları baxır. Xəstəxana palatalarında ağcaqanadlar uşaqların ağzına, burnuna girir. Bəzi otaqlarda yataqların üstündə olan örtülərin içinə girən analar və uşaqlar bu şəkildə ağcaqanadlardan qorunmağa çalışır.

Bütün xəbərlər Facebook səhifəmizdə