"Mingəçevir REŞ" MMC-nin tabeliyindəki paylayıcı şəbəkələrin xidmət etdikləri aran rayonlarında, Mingəçevir və Naftalan şəhərlərində elektrik enerjisinə olan tələbat çoxalıb.
Bunun bir səbəbi elektrik enerjisi ilə işləyən məişət cihazlarına üstünlük verilməsi və digər səbəbi isə kənd təsərrüfatının suya olan tələbatı ilə bağlıdır. Bərdə, Yevlax, Ağdam, Goranboy, Tərtər rayonlarında meliorasiya idarələrinin su nasosları, qurğu və avadanlıqları, o cümlədən artezian quyuları cari ilin iyul ayında daha çox elektrik enerjisi işlədiblər.
"Azərenerji" ASC-nin mətbuat xidmətindən SİA-ya daxil olan məlumata görə, istehlakın artmasına baxmayaraq, iyul ayında ödəniş göstəriciləri ötən ilin müvafiq dövrünün göstəricilərini üstələyir. Məsələn, Mingəçevir Elektrik Şəbəkəsi ötən ilin iyul ayına nisbətən bu ilin iyulunda mütləq 17 faizdən çox artım əldə edərək, aylıq istehlak edilmiş elektrik enerjisinin dəyərinin tamamilə ödənişi ilə yanaşı ötən ayların da debitor borcunun müəyyən qisminin ödənişinə nail olublar. Yevlax rayonunun energetikləri ötən ilin iyulunda 81,2 faiz, cari ilin eyni dövründə isə 92,6 faiz ödənişə nail olublar. Ağdaş və Ucar şəbəkələrində də artım müşahidə olunub.
Qeyd edək ki, enerji təsərrüfatının yenidən qurulması, smart-kart tipli sayğaclara keçilməsi və digər profilaktik tədbirlər sayəsində Naftalan şəhərində enerji haqlarının ödənişi ötən ilin iyul ayı ilə müqayisədə bu ilin iyulunda mütləq 82 faizə yaxın artaraq 96,5 faizə yüksəlib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB