Aydın Hüseynov: “İctimai palatada təmsil olunan insanların şüurunun dəyişməsinin vaxtı çatıb”- MÜSAHİBƏ (SƏS TV)
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Aydın Hüseynov və Demokratik Sol Partiyasının sədri Elşən Manafovun SƏS TV-yə müsahibələri:
- Siyasi partiyalar haqqında qanuna əlavə və dəyişikliklər etməklə partiyaların maliyyələşməsi və yenidən qeydiyyatdan keçməsi siyasi təşkilatların güclənməsinə və imkanlarının genişlənməsinə nə dərəcədə yardımçı ola bilər?
- Elşən Manafov: Bildiyimiz kimi siyasi partiyalar haqqında qanun 1992-ci ilin iyul ayında qəbul edilib. Bir neçə il sonra isə konstitusiya haqqında qanunda qəbul edilib ki, hər iki qanun arasında müəyyən ziddiyyətlər mövcuddur. Həmin ziddiyyətlərin aradan qaldırılması üçün yeni qanunların qəbul edilməsi olduqca əhəmiyyət kəsb edir. İqtidar və müxalifət partiyalarının səyləri nəticəsində müəyyən islahatlar aparılıb. Bu baxımdan da siyasi partiyalar haqqında qanuna əlavə dəyişikliklərin edilməsi anlaşılan məsələdir. Nəzərə almaq lazımdır ki, Avropa Şurasına üzv olarkən müəyyən öhdəliklər qəbul etmişik. Siyasi qanunun bağlı qəbul olunan məsələlərə müxalifətyönlü partiyaların mövqeləri birmənalı deyil. Bu da ondan ibarətdir ki, qanunda siyasi partiyaların qeydiyyatdan keçməsi üçün müəyyən tövsiyələr var. Bu qanunun qəbul edilməsi eyni zamanda partiyalar arasında inteqrasiya prosesinin güclənməsinə müsbət şərait yaratdı.
- İctimai palata adlı qurumun "avtoritizmdən demokratiyaya doğru yumşaq keçid- Yol xəritəsi" deyilən qondarma layihəsi nə dərəcədə uğurlu ola bilər?
- Aydın Hüseynov: İctimai palata da bu fikir çox zaman səsləndirilir. Bu palatanın özünün mövcudluğu belə qeyri- qanunidir. Əgər palata qeyri- qanuni şəkildə fəaliyyət göstərirsə, hansı şəkildə nəyisə müqayisə edə bilər? Vaxtıilə həmin palatanın yaradıcıları indi bu işdən uzaqlaşırlar. Bununla yanaşı, onlar həm də YAP-ın üzvlərini dəvət edib bir araya gəlmək istəyirlər. Yenə də deyirəm ki, onların cəmiyyət qarşısında nə kimi xidmətləri olub ki, nə də tələb edə bilsinlər. İctimai palatada təmsil olunanların bir çoxu hakimiyyətdə olub. Bəs hakimiyyətdə olduğu dövrlərdə nə iş görüblər? Sadəcə olaraq olar hazırda cəmiyyətdə gedən prosesləri görmürlər. Azərbaycanın inkişaf səviyyəsini dəyərləndirib qiymətləndirə bilmirlər. İctimai palatada təmsil olunan insanların şüurunun dəyişməsinin vaxtı çatıb. Onlar ilk olaraq özlərini dərk etsin, daha sonra hansısa yol xəritəsini təqdim etsinlər.
- Bəzi partiyalar var ki, yalnız sədrindən və möhüründən ibarətdir. Ancaq dövlət qeydiyyatına malikdir. Sizcə, yenidən qeydiyyatdan keçirilmə prosesində onların aqibəti necə ola bilər?
- Elşən Manafov: Təbii ki, yenidən qeydiyyatdan keçirilmə prosesi bir mənalı şəkildə pis təsir edəcək. Onların fəaliyyətində ciddi problemlər doğuracaq. Azərbaycan hələ də keçid dövrünü yaşayan dövlətlər sırasına aid edilir. Bir çox problemləri dövlətimiz geridə qoyub. Onu da etiraf edək ki, Azərbaycan regionun ən qabaqcıl dövlətlərindən biridir. Bütövlükdə isə partiyaların fəaliyyətinə nə qədər çox şərait yaradılarsa, məhdudiyyətlər aradan qaldırılarsa, bu ölkədə siyasi sistemdə islahatların uğurla aparılmasında və Avropa məkanına inteqrasiya ilə bağlı proseslərin sürətlənməsinə şərait yaranacaq. O partiyalar dövlət tərəfindən maliyyələşdiriləcək ki, həmin partiyalar parlamentdə təmsil olunacaqlar.
- Radikal müxalifətin təmsilçilərinin sentyabrda kütləvi aksiyalarla ciddi dəyişikliklərə nail olacaqlarını bəyan etmələri xaricdən verilən növbəti uğursuz tapşırıq kimi dəyərləndirmək olar?
- Aydın Hüseynov: Müxalifətin apardığı bütün aksiyalar kənardan verilən sifarişlər əsasında həyata keçirilir. Radikal müxalifət də dəridən qabıqdan çıxır ki, aksiyalara nəzərdə tutulan vəsaitləri ala bilsinlər. Yenə də vurğulayım ki, müxalifət konkret olaraq öz gücünü bilir. Onlar heç vaxt nəyəsə qadir olmayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB