Ombudsman daxili işlər nazirinə müraciət edib

Ombudsman daxili işlər nazirinə müraciət edib

İşgəncələr əleyhinə Milli Preventiv Mexanizmin (MPM) funksiyalarının icrası məqsədilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova və onun MPM qrupunun üzvləri azadlıqdan məhrumetmə və məhdudlaşdırma yerlərində, o cümlədən müvəqqəti saxlama təcridxanaları (MST), penitensiar müəssisələr, müvafiq sosial obyektlər və psixiatriya xəstəxanalarında müntəzəm olaraq planlı monitorinqlər aparır, qısa və uzunmüddətli başçəkmələri davam etdirirlər.

Ombudsman mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Daxili İşlər Nazirliyinin polis orqanlarının azadlığı məhdudlaşdırılması yerlərinə həyata keçirilmiş başçəkmələr zamanı bir sıra pozuntular aşkar edilib. Belə ki, araşdırmalar zamanı Bakı şəhərində yerləşən bütün müvəqqəti saxlama təcridxanalarında, şəhər və rayon polis orqanlarının bir neçəsi istisna olmaqla, şübhəli və təqsirləndirilən şəxslər oraya qəbul edilərkən həkim müayinəsindən keçirilməli olduğu halda bu qaydalara hər zaman riayət olunmadığı müəyyən edilib.

MST rəisləri ilə söhbətlər zamanı onlar bunu mövcud ştatlarında həkim vakansiyasının olmaması ilə əlaqələndirmiş, aidiyyəti üzrə rayon xəstəxanalarının rəhbərliyi ilə bu barədə apardıqları danışıqların nəticəsiz qaldığını bildirmişlər. Yalnız saxlanılan şəxs MST-də səhhəti ilə bağlı şikayət etdiyi halda təcili tibbi yardım çağırıldığı məlum olub.

Milli Preventiv Mexanizmin rəhbəri kimi Ombudsman bu məsələ ilə bağlı Daxili İşlər nazirinə məktubla müraciət edərək, həmin halların yoxlanılmasını, müvafiq tədbirlər görülməsini və nəticəsi barədə məlumat verilməsini xahiş edib.

Bütün xəbərlər Facebook səhifəmizdə