Nəzir pulları hara gedir?-ARAŞDIRMA

Nəzir pulları hara gedir?-ARAŞDIRMA
Nəzir - niyaz vermək xalqımızın qədim adət-ənənələrindəndir. Kimi arzusuna çatdığı, kimi qəzadan sağ-salamat qurtardığı, kimi övladının ali məktəbə daxil olduğu üçün nəzir verir. Ta qədimdən nəzir imkanı olmayanlara, əmək qabiliyyətini itirənlərə verilir. Bununla belə bu gün nəzir məscidlərin qarşısında qoyulan qutulara da atılır.
Hazırda ölkədə 1750 məscid və 500-ə yaxın ziyarətgah var. Onların hamısının qarşısında nəzir qutuları qoyulub. Bu qutulara hər ay on milyonlarla manat pul toplanır. Ancaq bu pulların hara xərcləndiyi məlum deyil?


Nəzir qutularındakı pulların naməlum taleyi ilə bağlı müxtəlif versiyalar səslənir. Kimi pulların şəxsi ciblərə "axdığını", kimi isə müəyyən adamların maraqlarına xidmət etdiyi deyir. Heç bir məscid, pir və ya ziyarətgah isə nəzir qutularına nə qədər pul atıldığı və bu pulların haraya xərcləndiyi ilə bağlı hesabat vermir.


Qeyd edək ki, dünyanın digər ölkələrində də nəzir vermək adəti var. Ancaq bu ölkələrdə proses şəffaf aparılır. Məsələn, ABŞ-da yəhudilərə məxsus fondlardan toplanan pullarla bağlı hesabatlar verilir. Türkiyədə isə məscidə yardım edən şəxs qeydiyyatdan keçmiş mədaxil qəbzi alır. Həmçinin mətbuat vasitəsilə ictimaiyyətə yığılan sədəqələrin haralara xərcləndiyi açıqlanır. Bu pullar ehtiyacı olanlara, məscidlərin təmirinə sərf olunur.


Azərbaycanda da nəzir qutularına nəzarət gündəmə gəlib


Qafqaz Müsəlmanlar İdarəsinin sədri Hacı Allahşükür Paşazadə də məscid, pir, ziyarətgah, ibadətgahlarda və yol kənarlarında qoyulan nəzir qutularının yığışdırılması ilə bağlı dəfələrlə öz fikrini söyləyib. Şeyx bildirib ki, nəzir qutularının qoyulması qəbul edilən deyil.

Bununla belə nəzir qutularına nəzarət etmək üçün fond yaradılması təklif olunurdu. Fond vətəndaşlar tərəfindən könüllü şəkildə verilən pulların hara xərcləndiyinə nəzarət etməli, yığılan vəsait hesabına məscid, pir, ziyarətgah, ibadətgahlarda işləyənlərə əməkhaqqı verilməli, imkansız vətəndaşların meyit namazına, ehsanına yardım edilməli idi. Ancaq hələlik heç bir dəyişiklik yoxdur.

Bu gün məscidə gələn insanlardan hər üç nəfərdən biri nəzir qutusunun yanında ayaq saxlayıb pul atır.
Paytaxt əhalisi arasında keçirdiyimiz sorğu zamanı respondentlərdən niyə nəzir verdiklərini xəbər aldıq.
Minarə adlı qadın imkanı daxilində tez-tez nəzir verdiyini deyir: "İmkansızlara, əlillərə gömək edək ki, bizim də nəzir - niyazlarımız qəbul olunsun".

\"Nəzir qutularına atdığınız pulların imkansızlara, əlillərə xərcləndiyini dəqiq bilirsinizmi?\" sualının cavabında isə həmsöhbətim çiyinlərini çəkdi: "Qutuların üzərinə nəzir qutusu yazılıbsa, demək, həmin pullar ehtiyacı olanlara verilir. Nəzir puluna göz dikmək günah olar axı? Hamı sidq ürəkdən inanıb nəzir verir. Bunun savabı da, babalı da pulu burdan çıxaranların boynuna". Qutuya nə qədər pul saldığını sorduqda həmsöhbətim hərdən 1 manat, imkanı olanda isə 10 manat da atdığını dedi.

Nəzir qutusu ilə bağlı fikrini soruşduğumuz respondentlərin demək olar ki, hamısı bu qutularına atılan pulların gələcək taleyindən bixəbər olduqlarını dedilər.

Həmsöhbət olduğumuz şəhər sakinlərindən əksəriyyəti isə dilənçilərin çoxu fırıldaqçı olduğu üçün pulu nəzir qutusuna atmağa üstünlük verdiklərini dedilər.
"Küçədə dilənənlərdən adamın gözü su içmir. Bir də görürsən ki, avtobusda biri axsaya-axsaya pul dilənir, avtobusdan düşəndən sonra başlayır yeriməyə. Ona görə də dilənçilərə verməkdənsə pulu nəzir qutusuna atıram".


Bu gün ən çox nəzir \"Əliayağı\" ziyarətgahının yaxınlığında və Bibiheybət məscidinin qarşısındakı nəzir qutularına atılır.
Sözügedən ərazidən kecən nadir adam tapılar ki, bu ziyarətgahların qarşısından nəzir verməmiş keçsin. Ancaq həmin pulların aqibətindən heç kimin xəbəri yoxdur. Nəziri atanlar daha çox kasıblar, xəstə insanların yaxınlarıdır. El arasında formalaşan fikrə görə, nəzir verəndə insan düşdüyü çətinlikdən qurtarır".

Məsələ ilə bağlı ziyarətgahlarda işləyənlərin də fikrini öyrəndik. Ziyarətgahlardan yığılan pulun taleyi ilə bağlı heç bir quruma hesabat verilmədiyi və bu pulların ziyarətgah daxilində xərclədiyini bildirdilər.

\"Əliayağı\" ziyarətgahında adının çəkilməsini istəməyən əməkdaş hər gün ziyarətgaha 25 - 30 nəfər insanın gəldiyini deyir: "Yığılan nəzirlər imkansız ailələrə paylanır. Nəzir qutusu isə xüsusi komissiyanın iştirakı ilə açılır. Nəzir qutusuna nə qədər pul yığıldığını və bu vəsaitin hara xərcləndiyi deyə bilmərik. Bununla bağlı heç bir quruma hesabat verilmir".

Oxşar cavabları digər ziyarətgahından da eşitdik.

Dinşünas Eldar Məmmədli isə ümumiyyətlə, islamda nəzir qutusu anlayışının olmadığını dedi: "İslamda nəzir yox, sədəqə ifadəsi var. Nəzir qutuları şəriət baxımından düzgün deyil. Nəzir qutuları din pərdəsi altında pul qazanmasına xidmət edən bir vasitədir. Dinimiz inam və ümidlərin cəmini bir olan Allaha bağlayır. Nəzir qutusundan mədət ummaq, oraya pul atıb əvəzində salamatlıq diləmək dinimizin mahiyyəti ilə ziddiyyət təşkil edir. Hər bir müsəlmanın kasıblara əl tutmaq, acı doyurmaq, yetimi himayə etmək vəzifəsidir. Bu cür əməllərin hər iki dünyada savabı və mükafatı var. Lakin təyinatı şübhəli olan pul yığımlarında iştirak etmək, xüsusilə rəsmi nəzir qutularına pul atmaq heç bir savab gətirmir. Bu, bir ticarət prosesidir\".

Bütün xəbərlər Facebook səhifəmizdə