Azərbaycan Avropada geniş təbliğ olunacaq

Azərbaycan Avropada geniş təbliğ olunacaq
Azərbaycanın müstəqilliyinin 20-ci ildönümü ilə əlaqədar noyabr-dekabr aylarında "Milli Dəyərlər" kampaniyası keçiriləcək. Layihənin rəhbəri Fuad Hacıyevin SİA-ya verdiyi məlumata görə, "F-Group Production" MMC - nin Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birlikdə həyata keçirəcəyi layihə bir ay Azərbaycanda, bir ay isə Avropada baş tutacaq: "Layihə çərçivəsində mərhum prezident, ümummilli lider Heydər Əliyevin Azərbaycanın milli dəyərlərinə göstərdiyi diqqət və qayğıdan bəhs edən film çəkiləcək, noyabrın 12-də keçiriləcək mərasimdə film ictimaiyyətə təqdim olunacaq.
"Layihə çərçivəsində \"Azərbaycanın milli filmləri" həftəsinin keçirilməsi, milli geyimli gənclərin Bakının müxtəlif yerlərində dolaşması, Xalq çalğı alətləri qrupları tərəfindən şəhərin müxtəlif yerlərində milli musiqinin səsləndirilməsi, mərkəzi küçələrdə turistlərə milli teatrlarımızın təqdim olunması və onlara milli mətbəximiz barəsində məlumat verilməsi planlaşdırılır".
Fuad Hacıyev həmçinin Azərbaycan bayrağı əks olunan lent və döş nişanlarının hazırlanıb payladılacağını da dedi: "Ali məktəblərdə Azərbaycan mədəniyyəti ilə bağlı tamaşa və tədbirlər, eləcə də universitetlər arasında "Dəyərlər" Kuboku futbol turniri da təşkil olunacaq.
Kampaniyanın Avropada keçirilməsi nəzərdə tutulan hissəsi isə Afina, Paris, Berlin, Amsterdam və Romada təşkil olunacaq. Hazırda milli filmlərimiz ingilis dilinə tərcümə edilir. Milli mətbəximiz, tarix və mədəniyyətimiz barədə Azərbaycan, rus və ingilis dillərində materiallar da hazırlanıb paylanılacaq. Bundan başqa, "Milli Brend" Mükafatı təsis olunacaq və layihənin yekun tədbiri olaraq "Buta Palace"da təntənəli "Milli Gecə" keçiriləcək.
Layihə Qarabağ Fondu, Turizm İnstitutu və "Azercell"in dəstəyi ilə keçiriləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə