Gəncənin ali məktəblərində uğurlu nəticə göstərən tələbələrə “Nizami təqaüdü” veriləcək - FOTO

Gəncənin ali məktəblərində uğurlu nəticə göstərən tələbələrə “Nizami təqaüdü” veriləcək - FOTO

Nizami Gəncəvinin 870 illiyinə həsr olunacaq tədbirlər planının müzakirəsi keçirilib. Bu məqsədlə Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən 37 nəfərdən ibarət işçi qrupu yaradılıb. SİA-nın bölgə müxbiri xəbər verir ki, tədbirdə yubiley günlərində Nizami irsinin öyrənilməsi baxımından irəli sürülən təkliflər müzakirə olunub. Təkliflər arasında Nizami Gəncəvi irsinin Azərbaycan diasporunun köməkliyi ilə xarici dövlətlərdə təbliği istiqamətində müəyyən tədbirlərin keçirilməsi, elmi praktiki konfransların təşkili, teatrlarda dünya şöhrətli şairin həyat və yaradıcılığına həsr olunan tamaşaların hazırlanması və s. kimi məsələlər daxildir.

İcra başçısı Elmar Vəliyev təklif edib ki, Gəncənin ali məktəblərində yüksək nəticələrlə təhsil alan tələbələrə "Nizami təqaüdü" verilsin. Universitet rektorlarına bununla bağlı müəyyən tapşırıqlar verilib. Belə ki, yeni dərs ilindən hər universitetdə təhsildə uğurlu nəticələr göstərən 10 tələbəyə "Nizami təqaüdü" veriləcək.

Hazırda Gəncə Regional Elm Mərkəzi tərəfindən böyük şairə həsr olunan 10 adda yeni kitab nəşr olunub. Yubiley tədbirləri çərçivəsində həmçinin şəhərin mərkəzi meydanında sərgi, konsert proqramlarının keçirilməsi də nəzərdə tutulub.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə