Ombudsman amnistiya aktının qəbul olunması ilə bağlı Milli Məclisə müraciət edib
Ombudsman Elmira Süleymanova amnistiya aktının qəbul olunması ilə bağlı Milli Məclisə müraciət edib. SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında İnsan Hüquqları üzrə Müvəkkil – Ombudsman Elmira Süleymanova deyib: "Amnistiya aktının qəbul olunmasını parlamentdən xahiş etmişəm. Gözləyirik və yəqin ki, bu il müraciətə cavab veriləcək"- deyə o, əlavə edib.
Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyətdən danışan Ombudsman Avropa Şurası Parlament Assambleyasının Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Kristof Ştrasserin Azərbaycan səfəri ilə bağlı məsələyə də aydınlıq gətirib: "Kristof Ştrasserin Azərbaycan səfəri ilə bağlı məsələdə təkidlə tələb yoxdur. Onlar təklif edirlər. Kimin dəvət olunması isə dövlətin səlahiyyətindədir. Çünki Ştrasserin Azərbaycana səfərinin reallaşmasını həyata keçirmək ombudsmanın səlahiyyətində deyil. Xarici siyasətə, ümumiyyətlə isə siyasətə müdaxilə etmək ombudsmanın vəzifəsinə aid deyil".
Ombudsman həmçinin bəzi beynəlxalq təşkilatların nümayəndələrinin Azərbaycanda insan hüquqlarının qorunması istiqamətində problemlərin mövcud olması ilə bağlı səsləndirdiyi fikirlərə də münasibət bildirib: "Biz qəbul etmişik ki, demokratiya və insan hüquqlarının qorunmasını təmin edəcəyik. Siz özünüz də bu sahədə hansı işlərin görüldüyünü, hansı islahatların aparıldığını görürsünüz. Biz, hansısa sahələrdə insan hüquqları ilə bağlı problem olduğunu və tənqidləri qəbul edirik. Ancaq iş burasıdır ki, Azərbaycanı tənqid edən şəxslərin öz ölkələrində - Avropa dövlətlərində və ya digərlərində də kifayət qədər hüquq pozuntuları var. Bunu özləri də qəbul edirlər. Amma söhbət ondan gedir ki, Azərbaycan demokratik hüquqi dövlət quruculuğu xəttini əsas siyasi məqsəd kimi qarşısına qoyub. Əlbəttə inkişaf getdikcə yeni problemlər əmələ gəlir, çatışmazlıqlar diqqəti cəlb edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB