Qədr gecəsinin dəqiq məlum olmamasının incə bir səbəbi var

Qədr gecəsinin dəqiq məlum olmamasının incə bir səbəbi var
Müqəddəs Ramazan ayını yaşayırıq. Mömin müsəlmanlar bu müqəddəs ayda oruc tutub, namaz qılaraq Allaha ibadət edirlər.

İslam Universitetinin islamşünaslıq fakültəsinin dekanı Hacı Fuad qarşıdan gələn qədir gecəsi, fətva və bu ayın digər xüsusiyyətləri haqda SİA oxucularına məlumat verdi: "Orucluq təkcə Allaha ibadət etmək deyil. Orucluğun böyük fəzilətləri və tibbi baxımdan insana əvəzsiz faydaları var. Oruc ibadətlərin ən şərəflilərindən sayılır. Ramazan ayının ən mühüm hadisəsi isə islamın əbədi möcüzəsi olan \"Qurani-Kərim\"in nazil olmasıdır. İnsan üçün orucun faydaları müxtəlif və genişdir. Belə ki, oruc insanın mənəviyyatında əvəzolunmaz yüksəliş yaradır, qəlbə xoş bir rahatlıq nəsib edir və günahlardan çəkinmə xüsusiyyətini formalaşdırır. Oruc tutarkən müəyyən olunan vaxtlarda yemək və içməkdən çəkinib, bütün vücudu Allahın haram bildiklərindən qoruyaraq təqvanın elə bir dərəcəsinə yüksəlmək olar ki, günah etmək haqda heç düşünülməsin. Bu isə orucun yaratdığı ən yüksək zirvə hesab edilir. Oruc tutan insan ən başlıcası öz nəfsi ilə mübarizə aparır. Peyğəmbər buyurub ki, insanın ən üstünü öz nəfsi ilə mübarizə aparan və ən güclüsü öz nəfsinə qalib gələnidir. Orucun daha bir tərbiyəvi cəhəti bu ayın bərabərlik ayı olmasıdır. Belə ki, bu ay insanda yoxsullarla, aclarla həmdərdlik duyğusu oyanır\".

Ramazanın vacib amillərindən biri də Qədr gecəsidir. Quranın ayələrində bu barədə dəqiq məlumat olmasa da, islam müqəddəslərindən rəvayət edilmiş etibarlı hədislərdə bu məsələ ətraflı şəkildə işıqlandırılır. Ramazan ayının hansı gecəsinin Qədr gecəsi olması dəqiq məlum deyil. Müxtəlif hədislərdə Ramazanın 17-ci, 19-cu, 21-ci, 23-cü, 27-ci, yaxud 29-cu gecəsinin Qədir gecəsi olduğu bildirilir. Bu il qədr gecələri 18, 20, 22, 26-na təsadüf edir. Qədir gecəsinin dəqiq məlum olmamasının incə bir səbəbi var\".

Hacı Fuad bildirdi ki, məşhur müsəlman alimi Əllamə Bəğəvi bunu belə izah edib: \"Allah Qədir gecəsini müsəlman ümmətindən gizli saxlayır ki, müsəlmanlar Ramazan ayının bütün gecələrində Qədir gecəsini görmək ümidi ilə ibadət etsinlər. Qədir gecəsində ibadət edən şəxsin savabı 1000 ay (80 il) ibadət edənin savabı qədərdir. Qədir gecəsində qüsl edib paklanmaq, səliqəli və yeni libaslar geyinmək savabdır. Həmçinin bütün gecə ərzində çoxlu namaz qılmaq, dua etmək, Quran oxumaq lazımdır. Xüsusilə Quranın \"Ənkəbut\", \"Rum\", \"Duxan\" və \"Qədir\" surələrinin oxunması təkid edilir. Qədir gecəsində edilən dualar müstəcab olduğundan həmin gecə çoxlu dua oxumağın faydası böyükdür\".

Əziz müsəlmanlar! Gəlin Qədir gecəsində müsəlman ümmətinin salamatlığı və rifahı üçün dua edək. Xüsusilə həyatımızın bu çətin dövründə işğal edilmiş torpaqlarımızın azad olunmasını, xalqımızın yaşayış vəziyyətinin yaxşılaşmasını Allahdan diləyək.


Allah dualarımızı qəbul etsin. Amin!

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB