Yuxusu ərşə çəkilənlərin sayı artır-TƏHLİL

Yuxusu ərşə çəkilənlərin sayı artır-TƏHLİL
Normal halda insan 8 saat yatmalıdır. Ancaq araşdırmalar sübut edib ki, insanların 10 faizi xroniki yuxusuzluqdan əziyyət çəkir. Yuxusuzluq problemi əsasən hüquq-ədliyyə, təhsil, mədəniyyət-incəsənət sahəsində işləyənlərə rahatlıq vermir. Ümumiyyətlə, informasiya ilə yüklü olan insanların yuxusu ərşə çəkilir.
Mütəxəssislər isə bunun insan orqanizmi üçün ciddi fəsadlar verə biləcəyini istisna etmir. Onların qənaətinə görə, yuxusuzluq gələcəkdə insult, infarkt, hipertoniya, sinir pozğunluğu və digər ciddi xəstəliklərə ilk pilləkən hesab olunur. Çünki normal yuxu bu xəstəliklərin yaranmamağı üçün profilaktik vasitələrdəndir. Lazımi qədər yatmamaq iş fəaliyyətini aşağı salır.
İtlər üzərində aparılan araşdırmalar göstərib ki, bu heyvanlar qidasız 20-25 gün qala bilir. Amma yuxudan məhrum edilən it 5-10 gündən sonra məhv olur.
Bu gün yol-qəza hadisələrinin böyük əksəriyyəti də sürücülərin yuxusuzluğu səbəbindən baş verir.

Psixoloq Dəyanət Rzayev insanları rahat buraxmayan yuxusuzluğun əsas səbəbini məşğulluğun artması, həyəcan, əsəbilik, sinir pozğunluğu olduğunu dedi: "Psixi və fiziki yüklərin ağırlığı nəticəsində yer üzünün hər ikinci sakinində yuxu pozğunluğu və ya onun bir neçə simptomu müşahidə edilir. Kainatın 13 faizində isə bu vəziyyət xroniki hal alıb. 4-5 gün yatmayan insanda yuxusuzluq ağır nəticələrə səbəb ola bilər. Çox yatmaq da insana ziyandır. Yuxu çox olarsa, orqanizmdə fizioloji prosesləri aktivliyini itirir".
İnsan 8 saat normal yatırsa, onun 6 saat yarımı yavaş yuxuya, 2 saat yarımı isə ikinci fazaya - paradoksal yuxuya aid olur. Yuxu zamanı beyində sinir hüceyrələri üçün zəruri maddələr sintez edilir. Yuxuda gün ərzində beyinə daxil olmuş məlumatların işlənib-nizamlanması başlayır. Yuxu vaxtının qısalması yuxunun keyfiyyətinin pozğunluqları ilə - yuxuya çətin getmək, narahat və qorxulu yuxular görmək, tez oyanmaq, yorğunluq hissi və bəzən tam yuxusuzluqla müşahidə edilir. Bu sinir xəstəlikləri, daxili orqanların və endokrin sistemin xəstəlikləri, beyinin oksigenlə pis təchiz olunması və s. törədə bilər.

Körpələr böyüklərdən daha çox yatır ki, bu patologiya yox, normal haldır. Uşaqlar ilk illərdə sutkada 14-16 saat, yeniyetmələr 9 saat, yaşı 20-dən yuxarı olanlar isə gün ərzində 5-8 saat yatmalıdırlar. Ardıcıl yuxu fazalarında 6 saat yatmış insanlar özlərini yuxudan tez-tez ayılıb 8-10 saat yatanlardan daha gümrah hiss edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə