Milli mücadilənin qəhrəmanlıq yolu

Milli mücadilənin qəhrəmanlıq yolu

Hər bir fərd, toplum, xalqlar ağır fəsadlardan, dərdli, müsibətli günlərdən sığortalanmayıb. Bu dünyanın müxtəlif bölgələrində gözlənilmədən baş verən zəlzələlər, terror aktları, qaçılmaz müharibələr fonunda xalqların əziyyətlərə, müsibətlərə düçar olmaları bunun real olduğunu təsdiqləyir. Hazırda isə faciələr dolu günləri məcburən cəlb olunduğumuz müharibədə Azərbaycan xalqı yaşayır. 20 ildir ki, Azərbaycan xalqı erməni vəhşiliyinin, vandalizm aktlarının ağırısını-acısını çəkir. 20 ildir ki, 20 faiz torpaqlarımız Ermənistan tərəfindən işğal edilib, 1 milyondan çox insan ev-eşiyindən didərgin düşsə də, dünya birliyi susur. Beynəlxalq aləm Ermənistan kimi yarımvəhşi xalqı, onun terrorizm ideologiyasının banilərindən olan başbilənlərinə \"əlinizi başqasının torpağından çəkin\" deyə konkret mövqe sərgiləmir. Bu da müharibənin qeyri-rəsmi də olsa uzanmasının şərtləndirən amilə çevrilir. Çünki 1994-cü ildə atəşkəs rejiminin tətbiq olunmasına baxmayaraq, Ermənistan bu razılaşmanı hər gün azərbaycanlı mülki şəxsləri snayper atəşi ilə qətlə yetirməklə nümayiş etdirir. Serj Sakisyan rejimi beynəlxalq prinsiplərə əhəmiyyətsiz yanaşaraq, hələ gözlərini tam açıb dünyanın hansı rəngdə olduğunu görə bilməyən körpə uşaqları belə qətlə yetirməkdən belə çəkinmir.


\"Torpağa o kəsin vətən deməyə haqqı var ki, onun uğrunda ölməyə hazır olsun və bunu bacarsın\"


Ermənistan hakimiyyəti günahsız insanları qətlə yetirməyi özlərinə fəxrdə bilirlər. Bu yaxınlarda Ermənistan müdafiə naziri Seyran Ohanyanın hərbçilərlə görüşündə \"snayperlər səngərdə möhkəm dayanmaqla azərbaycanlı mülki əhalini yay əkin-biçin işləri ilə məşğul olmağa qoymur, bunu dəyərləndirmək lazımdır\" dediyi sözlər Ermənistan dövlətinin insani prinsiplərdən nə qədər uzaq olduğunun göstəriçisi sayıla bilər. Bütün bunlara baxmayaraq Ermənistanın terrorçu hakimiyyəti hansı mövqe sərgiləyib, simasızlıq nümayiş etdirməsinə baxmayaraq, Azərbaycan Dağlıq Qarabağ üzərindəki suverenliyini bərpa edəcək. Mütləq və mütləq Mübariz İbrahimov, Fərid Əhmədov kimi vətən oğulları qaçqın və məcburi köçkün həyatı yaşayan 1 milyondan çox insanın qisasını alacaqlar. Azərbaycan gəncliyi qəhrəmanlıq salnaməsi yazaraq, dünyaya Azərbaycan xalqı mətin, mübariz, haqqını kiməsə verməyən xalq olduğunu nümayiş etdirəcək.

Bu gün cəbhə xəttində, yuxarıda qeyd etdiyimiz kimi, atəşkəs rejimi olsa da, erməni hiyləgərliyi, terror fəaliyyəti nəticə etibarilə üzbəüz döyüşü gözləyən hərbçilərimizin snayper atəşi ilə öldürülməsinə və ya yaralanmasına gətirib çıxarır. İyulun 29-u 2011-ci ildə Ağdam cəbhəsi bölgəsində erməni snayperinin açdığı atəş nəticəsində şəhid olan tağım komandiri leytenant Elşad Həsənov da ermənilərlə üzbəüz açıq döyüşü gözləyənlərdən olmuşdur. 22 yaşlı Elşad Həsənov erməni terrorizminin bütün sahələri əhatə etdiyini bildiyi halda, mərdlik, mübarizlik, cəsarət nümunəsi göstərərək, rəhbərlik etdiyi tağım əsgərlərinə döyüş ruhunu artırmaq, onları silahlardan istifadə etmək qaydalarını öyrətmişdir. Düşünürdü ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Dağlıq Qarabağın sülh yolu ilə həll olunması istiqamətində diplomatik, siyasi səylər nəticəsiz qalarsa, o zaman müharibə qaçılmaz olacaq. Həmin vaxt Ali Baş Komandanın əmri ilə tağım əsgərləri səngərdən çıxaraq, ermənilərlə üzbəüz döyüşə girəcəklər. Bu zaman isə kimin haqq və ədalət uğrunda döyüşdüyü üzə çıxacaq. Hansı tərəfin daha qətiyyətli, mübariz, hərbi sirlərə daha mükəmməl yiyələnən tərəf olduğu bəlli olacaq. E.Həsənov o da bilirdi ki, ikinci Qarabağ savaşı uzun çəkməyəcək. Cənubi Qafqazın ən güclü ordusu olan Azərbaycanın Silahlı Qüvvələri qısa müddətdə işğal olunan ərazilərimizi azad edib, erməniləri yurd-yuvamızdan qovacaqlar.


29 iyulun səhər saatları...


2011-ci il iyulun 29-da E.Həsənov hər zaman olduğu kimi, bu gün də əsgərlərə vətən, torpaq mövzusunda geniş vətənpərvərlik ruhlu fikirlər söyləyib, onları erməni qəsbkarlarını Azərbaycan ərazisindən qovmaq üçün mətinliyə, mübarizliyə çağırmışdır. Əsgərlərlə bir xeyli söhbətdən sonra, anası, bacısı, qardaşı üçün darıxan E.Həsənov səngərdən ayrılıb anasına zəng edir. Bu, təqribən saat 06.45 radələrində olur. Anası Nazilə xanımla bir xeyli söhbətdən sonra, Elşad \"sizlərdən çox nigaranam, özünüzdən muğayat olun\" deyə söyləyir. Anası Nazilə xanım isə təəccübünü gizlətmədən \"a bala, düşmənlə üzbəüz biz yox, sənsən. Elşad, sən özündən muğayat ol, bizdən nigaran qalma. Bacın, qardaşın sağ-salamatdır. Sənə də çoxlu-çoxlu salamları var. Atanın da kefi yaxşıdır, necə də yaxşı olmasın ki, onun Elşad kimi zabit övladı var\" – deyə söyləyir. Elşad isə yenə də özünü saxlaya bilməyib \"bir söz idi də dedim, ana\" deməklə qəhərli formada telefonu qapayır. Sanki bir saat sonra erməni snayperinin onun həyatına son qoyacağını başa düşmüşdü. Sanki dərk etmişdi ki, bir daha valideynləri ilə, bacı və qardaşı ilə telefonla danışmayacaq, onlarla üzbəüz söhbət etməyəcək. Düşündüyü kimi də oldu. Yenidən səngərə qayıdıb əsgərləri yoxlamaq istəyərkən, ermənilərin Ağdamın işğal olunmuş Yusifcanlı kəndindən açdıqları snayper gülləsi ilə 22 yaşlı Elşad Həsənovun həyatına son qoyulur.


\"Boylu-buxunlu, enli kürəkli Elşadım\"


Cəbhədən gələn bu xəbər nəinki Elşad Həsənovun ailəsini, ümumilikdə, Azərbaycan xalqını sarsıtdı. Çünki Azərbaycan xalqı böyük arzularla leytenant rütbəsini general rütbəsinə qədər yüksəltməyə qərar verən, tərbiyəli, əxlaqlı, böyük bilik və savada malik Elşad Həsənovu itirmişdir. Hər dəfə olduğu kimi, bu dəfə də bu itkini müsibətlə qarşılayan hər bir Azərbaycan vətəndaşı bir-biri ilə rastlaşanda başsağlığı verir, \"başın sağ olsun\" deyirlər. Mingəçevir şəhərindən Milli Məclisə deputat seçilmiş Aydın Mirzəzadənin tövsiyəsi və təklifi ilə Mirgəçevir şəhərinə gedib E.Həsənovun ailəsi ilə görüşmək və onun qısa, amma şərəfli həyat yolu haqqında reportaj hazırlamağa qərar verdik. Beləcə Bakıdan yol aldıq Mingəçevir şəhərinə. Mingəçevirə daxil olanda diqqəti cəlb edən sakitlik, hər kəsin simasında yorğunluq, rahatsızlıq şəhərin sanki Elşad Həsənovun itkisi ilə hələ də barışmadığını nümayiş etdirirdi. İnsanlarla söhbətimizdə E.Həsənovun qəhrəmanlığının hər bir ailə üzvləri üçün örnək olduğunu bildirdilər. E.Həsənovla fəxr etdiklərini, qürur duyduqlarını söylədilər.

Qeyd etmək yerinə düşərdi ki, E.Həsənovun ailəsi ilə görüşmək üçün heç də axtarış aparmağa ehtiyac duymadıq. Kiminsə yol göstərməsinə cəhdlər göstərmədik. Bizə yaxınlaşan orta yaşlı bir kişi E.Həsənovun ailəsini yaxından tanıdığını söylədi. Sonradan öyrəndik ki, bu kişi Mirgəçevir şəhər 8 saylı MİS-in rəisi İlqar Quliyevdir. İ.Quliyev E.Həsənovun atası Həsənəli kişini, onun övladlarını yaxşı tanımaqla yanaşı, qeyd etdi ki, bu ailə çörəyini halallıqla qazanan hər bir kəslə mehriban davranıb, ünsiyyət quran insanlardır. Beşmərtəbəli binanın qarşısında maşınımızı saxlayanda, İ.Quliyev \"erməniləri vahiməyə salan qəhrəman Elşadımız bu binada yaşayıb\" – deyə bildirdi. Pilləkənlərlə E.Həsənovun bir zaman yaşadığı evə daxil olmaq üçün yuxarı addımlayanda, valideynləri ilə nədən başlayıb, hansı söhbətlər edəcəyimi götür-qoy etməyə başladım. Etiraf edim ki, bu görüş bizim üçün ağır olduğunu düşünürdüm. Nəhayət, mənzilin qapısını döyməklə içəri daxil oluruq. Bizi qəddi-qaməti əyilmiş, sanki bir günün içində saçı-saqqalı ağarmış E.Həsənovun atası Həsənəli kişi və qara paltarlı anası Nazilə xanım qarşılayır. Hələ qapının kandarında ikən ananın və E.Həsənovun xalası Nailə xanımın ağı deyib ağladıqlarını eşitdik. Başsağlığı verib E.Həsənova Allahdan rəhmət dilədik. Darısqal otaqda qoyulan divanın üstündə oturub ermənilərin zaman-zaman Azərbaycan xalqına qarşı törətdiyi terror aktlarından danışmağa başladıq. 1-2 dəqiqəlik giriş üçün bəs edən bu söhbətdən sonra E.Həsənovun uşaqlıq dövründən, məktəb illərindən, zabit olaraq cəbhəyə getməsindən söhbət açması üçün valideynlərinə müraciət etdik. Bu sualımız Nazilə ananı yenidən ağlamağa, dizinə döyüb ağı deməyə vadar etdi: \"Vətənə oğul böyütdüm. Boylu-buxunlu, enli kürəkli Elşadım. Ay ellər, ay obalar, əgər oğlum müharibə vaxtı erməni gülləsinə tuş gəlsəydi, el anaları kimi məni də yandırmazdı. Atəşkəs deyilən bu məqamda oğlumun erməni snayperi ilə öldürülməsi məni yandırır\".

Nazilə ana çox ağı dedi. Dizinə vurub ağladı. Özümüzü dəhşətli bir faciə mühitində boğulduğumuzu düşündüyümüzdən və için-için daxilimizdə biz də ağladığımızdan, ananın nə dediyini ağrılı səslə nələr danışdığını eşitmirdik. Bu cür ağır, müdhiş olay bir xeyli çəkdi. Nə qədər təskinlik verməyə, ananı ovundurmağa çalışsaq da, ana ağrısı, ana niskili, dərdi cəhdlərimizi nəticəsiz qoydu.

E.Həsənovun xalası Nailə ağlaya-ağlaya bu sözləri dedi: \"Elşad zabit olmağa ona görə üstünlük verdi ki, erməni vəhşiliyinə cavab vermək istəyirdi. Çünki nəslimizdə iki nəfər ermənilər tərəfindən öldürülüb, iki nəfər isə ömürlük şikəst olub. 11 sinifi qurtarıb Heydər Əliyev adına Hərbi Akademiyaya daxil olanda sevincinin həddi-hüdudu yox idi. Cəbhəyə getməyə daha çox cəhd göstərirdi. Çox çalışdıqdan sonra, istəyinə nail oldu. 2011-ci il iyun ayının 20-də 10 nəfərlə hərbi rütbənin artırılması məqsədilə Bakıda imtahandan keçib və 6 nəfər uğur qazanıb \".

N.Hidayətova onu da bildirdi ki, Elşadın qardaşı Rəşad Həsənov da hazırda Xızıda yerdəşən \"N\" saylı hərbi hissədə xidmətdədir. O da qardaşının və digər şəhidlərimizin qisasını almaq üçün cəbhəyə getməyə səylər göstərir. R.Həsənov da əmindir ki, onun arzusu reallaşacaq və hərbi rəhbərlik onu cəbhəyə göndərəcək.


Həmyaşıd olsaq da, Elşad bizə böyük qardaş idi


Söhbətimizin Nailə xanımla davam etdirilməsi onun qəhərlənməsi ilə yarımçıq kəsildi. Bu arada Elşadın dostları ilə danışmağa səylər göstərdik. Onlar üçün də bu itki ağır, dərdli olsa da, suallarımıza hüznlü şəkildə cavab verirdilər. Elşadın dostları Nurlan Nəsirov, Rüstəm Hüseynov, Ariz Məmmədov bildirdilər ki, haqq dünyasına qovuşan şəhid E.Hüseynov yaxşıların ən yaxşısı idi. O, bizimlə eyni yaşda olsa da, böyük qardaş kimi hər zaman bizə məsləhətlər verir, doğru yol göstərirdi. N.Nəsirov bildirdi ki, Elşad oxuduğu 6 saylı Mingəçevir şəhər orta ümumtəhsil məktəbində seçilən şagirdlərdən olub. O, yaxşı oxumaqla yanaşı, tərbiyəli, abırlı, həyalı uşaqlardan idi.

Ariz Məmmədov isə bildirdi ki, E.Həsənov haqsızlığa, ədalətsizliyə qarşı hər zaman barışmaz olub. Gücsüzü, zəifi müdafiə etmək onun amalına çevrilmişdi. A.Məmmədov onu da söylədi ki, E.Həsənov heç zaman kişinin zəif, iradəsiz olmasını qəbul etməyib. Deyirdi ki, kişi olan şəxs iradəli olmalıdır.

Elşad Həsənovun digər dostu Rüstəm Hüseyov isə şəhidin dostlarına diqqətcil olması ilə seçildiyini bildirdi. Qeyd etdi ki, 2011-ci il 28 iyununda onun ad günü idi. E.Həsənov işinin çox, vaxtının az olmasına baxmayaraq, telefonla ona zəng edib ad gününü təbrik edib. Deyib ki, o gün olacaq ki, bütün dostlar ad günlərini, xalqımız toy-büsatını işğal altında olan torpaqlarımızda qeyd edəcək.


Mingəçevir şəhidləri


Elşad Həsənovun uyuduğu məzarlığı ziyarət etmək üçün Mingəçevir şəhər Şəhidlər Xiyabanına getməli olduq. İlqar Quliyevin və şəhidin atası Həsənəli Həsənovun, eləcə də YAP Mingəçevir şəhər təşkilatının təlimatçısı Yaqub Hüsuynovun iştirakı ilə Şəhidlər Xiyabanında artıq sayı 300-dən yuxarı olan şəhidlərimizin məzarını ziyarət etdik. Onların ruhuna dualar oxuyub, Allahdan şəhidlərimizə rəhmət dilədikdən sonra Elşad Həsənovun hələ üstü götürülməmiş məzarı üstündə dayandıq. Qəddi-qaməti əyilmiş Həsənəli kişi oğlunun məzarına bir xeyli baxıb, nalə çəkirmiş kimi köks ötürdü. Qeyri ixtiyari gözlərindən axan göz yaşlarırını əli ilə silə-silə, asta addımlarla Şəhidlər Xiyabanından çıxdı.

İ.Quliyev bizə məlumat verdi ki, millət vəkili Aydın Mirzəzadənin təklifi və dəstəyi ilə burada Şəhidlər Muzeyi yaradılıb. Muzeydə hər bir şəhidin keçdiyi həyat yolu, onun döyüşdüyü cəbhə haqqında geniş məlumatlar yer alıb. İ.Quliyevin sözlərinə görə, şəhid Elşad Həsənova məxsus əşyalar, o cümlədən, zabit mundiri də muzeydə saxlanılacaq. İ.Quliyev onu da bildirdi ki, E.Hüseynovun 40 mərasiminə qədər Mingəçevir şəhər İcra Hakimiyyəti şəhidin qəbrinin üstünü götürəcək.


Son olaraq


Mingəçevirdən ayrılırıq. Düşüncələr və xəyallar arasında var-gəl edirik. Nəhayət, erməni vandalizminə, erməni vəhşiliyinə son qoyulacaqmı? Zaman tezmi gələcək, inildəyən, əzilən torpaqlarımız düşmən tapdağından azad edilsin?! O vaxta çoxmu qalıb? Ev-eşiyindən didrgin düşən qaçqın və köçürlərimiz öz yurd-yuvalarına qayıtsın. Bu düşüncələr içərisində sonda bir qərar verilir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin apardığı siyasət nəticəsində Xankəndində Azərbaycan bayrağının dalğalanmasına çox qalmayıb.


İ.ƏLİYEV

Tapdıq QURBANLI


Bütün xəbərlər Facebook səhifəmizdə