Bankların jurnalistlərə embarqosu davam edir-ARAŞDIRMA

Bankların jurnalistlərə embarqosu davam edir-ARAŞDIRMA
Bankların kredit vermə siyasətindəki "qara siyahı"sına jurnalistlər də daxildir. Müntəzəm olaraq kredit verilişini sadələşdirsə də bu imtiyazların heç biri "qara siyahı"ya düşənlərə şamil olunmur. Müəllimlərə, həkimlərə qapılar açıq olsa da media nümayəndələri üçün ciddi embarqo tətbiq olunur.

Media mənsublarına təkcə məişət texnikasının verilişi ilə bağlı məhdudiyyət tətbiq olunmayıb. Bu gün jurnalistlər heç bir güzəştli kreditdən istifadə edə bilmirlər. Məsələn, ipoteka kreditindən yararlanan jurnalistləri barmaqla saymaq olar. Kredit verilişində əmək haqqını yüksək olması tələb kimi qoyulur. Jurnalistlərin orta əmək haqqı isə 150-300 manat arasındadır. Sosial katların olmaması, az məvacib və s. jurnalistləri bu kreditlərdən istifadədən mərhum edib. Mətbuatın isə banklara münasibəti fərqlidir. Banklar öz qapılarını mətbuatın üzünə bağlasalar da media nümayəndələri bankların məlumatlarının işıqlandırılmasında, reklam xarakterli məlumatlar təmənnasız yerləşdirilməsində, keçirdikləri tədbirlərdə həvəslə iştirak edirlər.

Görəsən medianın banklara müraciətinin cavabsız qalmasına səbəb nədir?


Banklar jurnalistləri etibar qazanmamaqda suçlayır


"Bank of Baku\" dan media nümayəndələrinə kreditin verilməməyinin səbəbi bankın ümumiyyətlə, heç bir özəl şirkətə kredit verməməsi ilə izah olundu: "Televiziyalara heç bir məhdudiyyət olmadan kredit verilir. Ancaq yazılı mətbuata bunu şamil edə bilmirik. Burada problemi banklarda axtarmaq lazım deyil. Yazılı mətbuatda çalışan jurnalistlər tez-tez iş yerlərini dəyişirlər. Onların arasında rekert jurnalistlər, mediaya tamamilə aidiyyatı olmayan adamlar var. Təcrübə göstərib ki, jurnalist adı altında banklara iş haqqında saxta arayış təqdim olunur. Krediti veriləndən sonra isə biz oluruq atlı onlar piyada. Problemi aradan qaldırmaq üçün aidiyyatı qurumlar tərəfindən hansısa mexanizm hazırlanmalıdır. Güvən yaranarsa, yazılı mətbuat da kredit ayıra bilərik".


"Access" Bankın əməliyyatçısı da bankın qapılarının mətbuatın üzünə bağlı olduğunu söylədi: \"Qəzetlərə kredit verilişini dayandırmışıq. Səbəb mətbuat vasitələrində çalışanların bizim etibarımızı qazanmamağıdır. Kredit ayırmazdan öncə ödəniş planına baxırıq. Həmin araşdırmalar zamanı məlum olub ki, qəzetlərdən şikayətlər var və kreditlər vaxtlı-vaxtında ödənmir. Bu səbəbdən də bank rəhbərliyi səviyyəsində kreditin verilməsi yasaqlanıb. Biz kiminsə arasında fərq qoymuruq. Bizi maraqlandıran müştərinin etibarlı olmasıdır. Müəllimlər, səhiyyə işçiləri üçün güzəştli kredit verilir. Bu mətbuat işçilərinə də şamil oluna bilər. Ancaq onlarla bağlı güvənlilik yaranmalıdır".
\"Sizin iradları bütün mətbuata şamil etmək nə dərəcədə düzdür?\" sualının cavabında həmsöhbətimiz hansı qəzetin haqlı, hansının haqsız olmasının onları maraqlandırmadığını dedi: "Biz kimin etibarlı, kimin etibarsız olduğunu ayırd edə bilmərik. Ona görə də heç bir yazılı mətbuata kredit verilmir"


Dayanaqlı KİV-lərin fondu yaradılır


Mətbuat Şurasının idarə heyətinin üzvü, jurnalist Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli
problemin media nümayəndələri üçün aktual olduğunu dedi: "Məsələ ilə bağlı mətbuat nümayəndələri arasında monitorinq aparılıb, Media nümayəndələri arasında kredit almaqda çətinlik çəkmələri ilə bağlı narazılıqlar çoxdur. Burada söhbət təkcə iri həcmli kreditlərdən getmir. Jurnalistlər ən kiçik həcmli kreditdən yararlanmaqdan mərhumdur. Problemin ciddiliyin nəzərə alaraq Mətbuat Şurası KİV-nə embarqo qoyan bankların qara siyahısını hazırlamağı düşünürdü. Ancaq banklar qarşısında məsələ qaldırıldıqda məlum oldu ki, onların kredit verməməkdə əsaslı səbəbləri var və gətirdikləri arqumentlər haqlıdır. Danışıqlar zamanı, banklar jurnalistlərin iş yerinin dayanıqlı olmadığı üçün kredit verməkdə çətinlik çəkdiklərini bildirdilər. Problem həqiqətən də mövcuddur və bu banklar üçün maneçilik yaradır. 1 ildən çoxdur ki, Mətbuat Şurasında dayanaqlı KİV-lərin fondu yaradılır.
Dayanaqlı mətbuat çevrəsi məlum olduqdan sonra artıq bu məsələ ilə bağlı real işlər görmək mümkün olacaq. Bundan sonra banklarla danışıqlar aparılacaq və dayanaqlı KİV-nin siyahısı onlara təqdim olunacaq. Bu zaman media nümayəndələrinə Mətbuat Şurası tərəfindən zəmanət məktubu da veriləcək. Bu məsələ öz həllini tapdıqdan sonra, inanırıq ki, banklar tərəfindən jurnalistlərə qoyulan məhdudiyyət aradan qalxacaq"


Sonda onu da deyək ki, yalnız "Akkord" şirkətlər qrupu jurnalistlər üçün mütəmadi olaraq güzəştli kompaniya həyata keçirir. Şirkətin mətbuat xidmətindən bildirildi ki, keçirilən güzəşt kompaniyaları çərçivəsində həm televiziya, həm də yazılı mətbuat nümayəndələri qurumdan ev alıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə