Murad Ömərov: “Diasporun inkişafında maliyyə imkanları vacibdir, amma hər şey demək deyil” - MÜSAHİBƏ
Xarkov Milli Radioelektronika Universitetinin kafedra müdiri, Xarici vətəndaşların təhsil mərkəzinin direktoru, Xarkov Vilayəti Azərbaycan-Ukrayna Dostluq Cəmiyyətinin sədri, texnika elmləri doktoru Murad Ömərovun SİA-ya müsahibəsi
- Ənvər müəllim, Dünya Azərbaycanlılarının III qurultayında sizə cənab prezident İlham Əliyevin sərəncamı ilə layiq görüldüyünüz "Tərəqqi" medalı təqdim olundu. Əvvəla bu münasibətlə sizi təbrik edirik. Sizin fikrinizcə, qurultaydan sonra Xarkovda diaspor öz işini hansı istiqamətdə qurmalıdır?
- "Qurultaydan sonra keçən bu qısa vaxt yay aylarına təsadüf edir. Bu aylarda əsasən ziyalılarımız ya Vətənə gedir, ya da istirahətdə olurlar. Bizim idarə heyətimiz avqustun sonunda yığıncaq keçirəcək və qurultaydan sonra işimizi hansı istiqamətdə quracağımızı müzakirə edəcəyik. Bizim şənbə və bazar günləri Azərbaycan məktəblərimiz fəaliyyət göstərir və Xarkov rəhbərliyi tərəfindən maliyyələşdirilir. Bu baxımdan sentyabrın 1-də geniş azərbaycanlıların da qatıldığı ilk dərs günü tədbirini keçirəcəyik. Mən hər 3 qurultayın iştirakçısıyam. Dünyada keçirilən bir çox tədbirlərə dəvət alıram. Avropa Azərbaycanlıları Konqresinin yaradılmasında aktiv iştirak etmişəm. Budəfəki qurultayda mənim ürəyimdən keçən bir çox fikirləri cənab prezidentin tapşırıq xarakterli çıxışında vurğulaması çox ürəyimdən oldu. Onlardan biri də dünyada yaşayan azərbaycanlıların pozitiv imicinin qaldırılmasıdır. Yəni biz də yaşadığımız ölkədə azərbaycanlıların pozitiv imicini qaldırmalı, bundan əlavə ictimai-siyasi proseslərdə yaxından iştirak etməliyik. Bilirsinizmi lobbi yaratmaq üçün təkcə pul və ya patriot olmaq yetərli deyil. Bizim bir çox sahələrdə, o cümlədən dövlət qurumlarında təmsilçilərimiz olmalıdır ki, lazımı anda təsir etmək gücünə malik olsunlar. Bilirsiniz ki, Bakıda Azərbaycan-Türkiyə diaspor rəhbərlərinin forumu keçirilmişdi. Həmin tədbirdə mənimlə yanaşı bir neçə ukraynalı deputat da iştirak edirdi. Bir məsələ bizi çox təəssüfləndirdi. Ukrayna və Rusiyadan bir nəfər belə azərbaycanlı deputat yox idi. Çox az sayda azərbaycanlı alimimiz, dövlət qulluqçularımız var. Bu gün mənim Xarkov Milli Radioelektronika Universitetində rəhbər vəzifədə çalışmağım azərbaycanlılar üçün müəyyən mənada rahatlıq yaradır. Bilirsinizmi bunları niyə sadaladım, çünki cənab prezidentin çıxışında dediyi fikrə, dünyada yaşayan azərbaycanlıların pozitiv imicinin qaldırılmasına misal göstərmək istədim. Sonra cənab prezidentin səfirliklərlə diaspor arasında olan soyuq münasibətlərə toxunması bizim hamımızın ürəyindən oldu. Bizim bundan əvvəlki səfirimizlə, həm Diasporla İş üzrə Dövlət Komitəsi, həm də diaspor arasında soyuqluq var idi. Bu gün həmin soyuqluğun acı nəticələri özünü göstərməkdədir. Biz 3-ü qurultayda bir şeyində şahidi olduq ki, Azərbaycan çox böyük gücə, qüdrətə malikdir. Bu bizi çox sevindirir, yəni dövlətimizin başçısı vurğuladı ki, bir çox xarici dövlətlərdə mədəniyyət mərkəzləri tikiləcək. Buna misal olaraq Özbəkistanı misal göstərdi. Mən Daşkənddə olarkən Heydər Əliyevin adını daşıyan küçədə oldum və həmin möhtəşəm binanı gördüm. İnanın dünyanın heç bir ölkəsinin belə böyük səfirliyi ola bilməz. Burada diasporun inkişafı üçün hər bir şərait yaradılıb. Mən həmin binanı görəndə tam əmin oldum ki, Azərbaycan dövləti diasporunun inkişafı üçün bütün gücünü ortaya qoyur.
- Bizim digər diasporlardan fərqimiz nədədir?
- Bizim digər diasporlardan ən böyük fərqimiz ondadır ki, bizlərin çoxu Azərbaycanda doğulmuşuq, buna görə də bizlər Vətənə daha çox bağlıyıq. Məhz buna görə də çox iş görməliyik. Burada yetişən gənclik bizim qədər Azərbaycanla bağlı ola bilmədiyi üçün bir o qədər iş də görə bilməyəcəklər. Bizdən fərqli olaraq Ermənilərin çoxu ana dilini bilmir, sadəcə erməni dövlətinin olduğunun bilirlər. Biz bu gücümüzdən istifadə edərək elə bir lobbi yarada bilərik ki, bizdən sonrakı nəsil üçün də asan olar. Biz çalışırıq ki, Xarkovda yaşayan uşaqlarımız öz dilini, adət-ənənələrini, tarixini, dinini yaxşı bilsinlər. Buradakı Azərbaycan məktəbində İslam mədəniyyətindən, Azərbaycanın adət-ənənələrindən ayrıca dərslər keçirilir. Bizim "Azərbaycan inciləri" adlı rəqs qrupumuz var ki, milli geyimdə bizləri təmsil edirlər. Xarkov administrasiyasının vəsaiti hesabına imkansız ailələrin uşaqları üçün təşkil olunan istirahət düşərgələrində bir çox imkansız azərbaycanlı uşaqları da dincəlir. Administrasiya bir cəmiyyət olaraq bizim dostluq cəmiyyətinə də müraciət etmişdi, biz də öz növbəmizdə 17 azərbaycanlı balasını 20 günlüyünə Xarkov kənarındakı istirahət düşərgəsinə göndərdik.
- Diasporun pərakəndə fəaliyyət göstərməsinin səbəbi hansılardır?
- Burada ən vacib şərt liderin doğru seçilməsidir. Bir çox problemlər, parçalanmalar liderə görə olur. Təbii ki, diasporun inkişafında maliyyə də vacibdir, amma bu hər şey demək deyil. Belə qurumlarda mütləq ziyalı və maddiyat bərabər olmalıdır. Hamını bir quruma salmaq mümkün deyil, heç buna ehtiyac da yoxdur. Çalışmaq lazımdır ki, hər hansı bir cəmiyyətin seçilmiş rəhbəri yerli rəhbərlik tərəfindən ən azından bir ziyalı kimi tanınaraq qəbul olunsun. Bu gün Xarkovda azərbaycanlının hər hansı bir problemi həll edilirsə bir ziyalı kimi yerli qurumlar məni də dəvət edib, fikrimi öyrənirlər. Deməli diaspor lideri ilə hesablaşdıqlarını bilavasitə nümayiş etdirirlər. Fəaliyyətimizdə biz bir çox bayramlarda tədbirlər keçirməklə yanaşı, Ramazan bayramında iftar süfrəsi də açırıq. Qurban bayramlarında heyvan kəsərək internatlarda kimsəsiz uşaqlara veririk və bu əti yeyəndən sonra spirtli içki içilməməsi, söyüş söymək və sair bu kimi əməllərdən uzaq olmalarını aşılayırıq. Burada biz xeyirxahlıqla yanaşı həm də İslamın necə gözəl din olduğunu da əməlimizlə insanlara çatdırırıq. Bunu yalnız ziyalı düşünə və həyata keçirə bilər. Bilirsinizmi, əgər hər sürücü təyyarə sürə bilmədiyi kimi, hər bir insan da lider ola bilməz. Yəni pilot olmaq üçün hökmən müəyyən parametrlər uyğun gəlməlidir. Odur ki, diaspor rəhbəri hökmən ziyalı olmalıdır. Çalışırıq ki, həmişə belə mərasimlərdə yerli rəhbərlik də iştirak etsin. Bundan əlavə bu kimi tədbirlər yerli televiziyalarda göstərilir ki, bu da dolayısı ilə millətin təbliğatı üçün vacibdir.
- Azərbaycan-Ukrayna Dostluq Cəmiyyəti mədəniyyətimizin təbliğatı üçün hansı tədbirlər görür?
- Biz daima Azərbaycan-Ukrayna Dostluq Cəmiyyəti olaraq millətimizin təbliğatı ilə məşğuluq. Səməd Vurğunun doğum günü, Müslüm Maqomayev, Rəşid Behbudovun xatirə günlərini keçiririk ki, bu da millətin mədəniyyəti haqqında geniş məlumat deməkdir. Bu gün Çingiz Abdullayevin kitabları hər bir hüquq-mühafizə orqanı işçisinin stolüstü kitabına çevrilib. Mən çox çalışıram ki, yazıçını bura dəvət edim oxucuları ilə tanışlıq və belə azərbaycanlılarımızın çox olduğunu sübut edim. Biz çalışırıq ki, dünyanın uzaq dövlətlərindən gələn əcnəbilərlə öz aramızda olan fərqi yerli əhaliyə də çatdıraq. Bir çox tədbirlərdə o cümlədən Böyük Vətən Müharibəsinin ildönümlərinə aid tədbirlərdə öz çıxışımda bir məsələni xüsusi vurğulayıram. Bizim üçün buralar doğmadır çünki, bu torpağın yadellilərdən qorunması yolunda nə qədər azərbaycanlı şəhid olub və məhz Ukrayna torpağında uyuyurlar. Bax bu bizim millətin uzaqdan gələn əcnəbilərdən fərqidir. Hər dəfə Böyük Vətən Müharibəsinin ildönümü günlərində Xarkovdan olan veteranlardan 50 nəfər dəvət edib, pul mükafatı, Azərbaycan şirniyyatı, gül hədiyyə edirik. Belə tədbirlərin birində universitetdən tarix fakültəsinin professorunu dəvət etdik. Professor "ikinci dünya müharibəsində Azərbaycanın rolu" mövzusunda çıxış edərək xalqımızın təkcə neftlə deyil, 700 mindən çox əsgərlə müharibədə iştirakını, yaralı əsgərlərin Azərbaycanda müalicəsi və bu kimi başqa xidmətindən danışdı. Yerli veteran döyüşçülər isə canlı şahid kimi bunları təsdiq edərək Azərbaycan-Ukrayna dostluğunun dərin kökləri olduğunu vurğuladılar. Biz bu tədbirləri geniş keçirərək bütün yerli televiziyalarda verməklə bir növü burada yaşayan azərbaycanlıların yaşamaq haqqı olduğunu bildiririk. Bilirsinizmi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycanla Ukrayna arasında möhkəm bir dostluq yaradıb və bu gün həmin dostluq cənab prezident tərəfindən uğurla davam etdirilir. Biz hökmən diaspora olaraq bu dostluqdan səmərəli istifadə etməliyik.
ƏLMANİZ ƏLƏKBƏRLİ. Şərqi Avropa ölkələri və Ukrayna bürosu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB