Azad Ömərov: “Güclü diaspor təşkilatı yaratmaq üçün şəxsi maraqları kənara qoymaq lazımdır” - MÖVQE

Azad Ömərov: “Güclü diaspor təşkilatı yaratmaq üçün şəxsi maraqları kənara qoymaq lazımdır” - MÖVQE

Müsahibimiz Krım Vilayətində baş nazirin müşaviri, Xarkov qubernatorunun müşaviri işləmiş, hazırda Ukrayna Dövlət Mənzil Kommunal Müfəttişliyinin Xarkov vilayəti üzrə rəisi Azad Ənvər oğlu Ömərovdur. Onunla söhbətimiz Ukraynada yaşayan həmyerlilərimiz, onların diaspor quruculuğundakı rolu barədədir.


- Rəhbərlik etdiyim idarədə 650-dən çox kommunal müəssisə var. Bizim idarəyə həm Xarkov şəhəri, həm də Xarkov vilayəti daxildir. Təkcə vilayətə 27 kənd təsərrüfatı rayonu daxildir, 6 şəhər də vilayət tərkibindədir. Mən dövlət müəssisəsində işləməzdən əvvəl "Dostluq" Cəmiyyətinin idarə heyətinin üzvü idim. Bu gün vəzifəm buna imkan vermədiyi üçün fəxri üzv kimi qalmışam. Hər harda işləməyimizdən asılı olmayaraq azərbaycanlı olduğumuzu unutmamalı və hər an müəyyən mənada bu ada xidmət etməliyik. Hər bir xalq əsasən öz ziyalısı, dövlət xadimləri, idmanı və musiqisi ilə daha çox tanınır. Bunun üçün də çalışmaq lazımdır ki, yaşadığımız ölkələrdə ziyalılarımızın sayı çox olsun. Deputatlarımız, həkimlərimiz, hüquq-mühafizə orqanlarında çalışanlarımızın sayı nə qədər çox olsa, xalqımızın buradakı nüfuzu da çox olacaq. Mən həmişə vurğulamışam və bu gün də deyirəm, burada bazarlarda çalışan xeyli azərbaycanlı var ki, onlar ali təhsillidir. Buna baxmayaraq onların fəaliyyətləri ilə diasporda iş görmək olmaz. Bu işdə hökmən ziyalı təbəqə olmalıdır. Bizim hər birimiz əvvəlcə öz ailəmizdə bu işi görməliyik.

Məsələn, mənim oğlum prokurorluq sistemində, qızım isə həkim işləyir. Bundan əlavə, yenicə ali təhsilini bitirmiş bir azərbaycanlı oğlanı məhkəmə sisteminə, bir qızı isə tibb sahəsinə düzəltmişəm. Onların işə düzəlməsində mənim nüfuzum böyük rol oynayıb. Düşünürəm ki, gələcəkdə onlarda hər hansı bir azərbaycanlıya belə kömək edərlərsə, bizim dövlət idarələrində sayımız çox olar. Bu işləri fərdi görülməsi çox az effekt verə bilər. Əgər bunlar hər hansı bir təşkilatlanma nəticəsində aparılarsa bunun səmərəsi də çox olar. Çox təəssüf ki, bu gün diaspor təşkilatında rəhbərlərin çoxu bu işdə ona görə çalışırlar ki, öz şəxsi biznesləri üçün istifadə etsinlər. Bir növü öz işlərini diaspora aid edərək pul qazanır, amma heç bir iş görmürlər.

Bir çox təşkilatlar var ki, bir şəhərdə fəaliyyət göstərirlər. Bunun heç bir ziyanı yoxdur, ancaq onların bir nöqtəyə vurmaları vacibdir. Ən azı ağrılı günlərimizdə birlik nümayiş etdirmələri, bir yerdə tədbirlər keçirmələri yaxşı olardı. Bundan sonra gələn gəncliyə isə elə məktəb qoymaq lazımdır ki, onlar həm Azərbaycanın tarixini yaxşı bilsinlər, həm də işlədikləri mötəbər ünvanlardan təsir etmək imkanları olsun. Əgər bu günkü kimi hamı şəxsi biznesi barədə fikirləşsə, heç bir güclü lobbidən söhbət gedə bilməz. Güclü diaspor təşkilatı yaratmaq üçün şəxsi maraqları kənara qoymaq lazımdır. Mən çalışıram ki, öz sahəmdə belə azərbaycanlı olduğumu yaxşı işimlə göstərim, xalqımızın imicini bir az da qaldırım".


ƏLMANİZ ƏLƏKBƏRLİ, Şərqi Avropa ölkələri və Ukrayna bürosu


Bütün xəbərlər Facebook səhifəmizdə