İlin 365 gününü oruc tutur - MARAQLI

İlin 365 gününü oruc tutur - MARAQLI

Ramazan ayında oruc tutmaq hər bir müsəlmana vacib buyrulub. Allahın nəzərində daha da yüksəlmək istəyən mömin müsəlmanlar isə digər aylarında da oruc tutmaqla yaradanlarına ibadət edirlər.

Belə insanlardan biri də Şirvan şəhərində yaşayan 83 yaşlı Nadir Eyvazovdur. SİA-nın Aran bürosunun müxbirinə bu barədə açıqlama verən N.Eyvazov bildirib ki, 16 yaşından oruc tutub, namaz qılır. Amma 2008-ci ildən başlayaraq ardıcıl olaraq ilin bütün günlərində oruc tutmağa başlayıb.

"Artıq 4 ilə yaxındır ki, oruc tuturam. Orqanizmim artıq az yeməyimə öyrəşib", - deyə Nadir baba deyib.

Övladlarının dediyinə görə, bəzən hətta sübh naharı üçün azandan yarım saat əvvəl qalxanda bunu gecikmiş kimi qəbul edir və həmin günü imsaqsız başa vurur. Ağsaqqal, nurani, iman sahibi olan Nadir kişi gənclərə öz tövsiyyələrini verməyi də unutmur.

Hətta bir vaxtlar gözlərindən müalicə alan ağsaqqal həkimlərdən gözlərini qorumaq tapşırığı alsa da ailə üzvləri onu qışın soyuğunda sübh namazı qılmaq üçün məscidə getməkdən çəkindirə bilməyiblər. Nadir kişinin bu sözləri bizə daha maraqlı gəldi: "Yayın orucu, qışın dəstəmazı".


Allah hər kəsin orucunu qəbul etsin.


İQBAL MİKAYILOV


Bütün xəbərlər Facebook səhifəmizdə