Uşaq xəstəlikləri çoxalıb-ARAŞDIRMA

Uşaq xəstəlikləri çoxalıb-ARAŞDIRMA
Azyaşlılar arasında infeksion xəstəliklərin sayı artıb.
Son illər ölkədə uşaq ölümü hallarının azaldığı deyilsə də körpələr arasında ölüm faktları var. Bu gün uşaqlar tənəffüs orqanlarının infeksiyası, beyin təzyiqi, göz çəpləşməsi, asfiksiya, allergiya, kəllədaxili travma və s. bu kimi mərəzlərdən əziyyət çəkir. Pediatr Cəmilə Məmmədova SİA-ya isə bildirdi ki, problem daha çox özünü yeni doğulanlarda büruzə verir: "Bu problemlər əsasən ana bətnində baş qaldırır. Ona görə də müalicə uşaq dünyaya gəldikdən sonra yox, elə ana bətnindəcə başlamalıdır. Hamilə qadında olan hər hansı bir xəstəlik dölə ötürülür. Ancaq bəzən qadınlar buna əhəmiyyət vermirlər. Məsələn, hamiləlik dövründə sitomeqalovirus, stafilokok və bu kimi infeksiyalar vaxtında müalicə olunmadıqda uşaqda ciddi problemlərin baş qaldırmasına səbəb olur. Hətta müalicə yarımçıq dayandırıldıqda belə körpələr problemli doğulur. Bəzi hallarda isə yanlış aparılan müalicə də müxtəlif xəstəliklərin yaranmasına səbəb olur\".

Mütəxəssis uşaqlar arasında geniş yayılmış boğaz ağrısı və onun törətdiyi fəsadların səbəblərinə toxundu: "İnfeksiyanın yuxarı tənəffüs orqanlarına düşməsi nəticəsində boğaz şişir, körpədə 39-40 dərəcə qızdırma baş qaldırır. Bəzən qızdırmanı aşağı salmaq mümkün olmadığı üçün qıcolmalar baş verir. Ona görə də dərhal həkimə müraciət etmək lazımdır. Boğaz nahiyəsinin infeksiyasından daha çox bu boğazında artıq əti olan uşaqlar əziyyət çəkir. 5 yaşınadək uşaqların boğaz ətini kəsdirmək yasaq olduğundan hazırda xəstəlik lazer üsulu ilə müalicə olunur, yeni avadanlıqlar vasitəsi ilə bəzən ətin kəsdirməyə də ehtiyac qalmır. Ona görə də mütəxəssislərə müraciət etmək zəruridir. Uşaqlar arasında geniş yaranmış göz çəpərinin əyriliyinə isə bir çox hallarda nevroloji problemlər səbəb olur. Belə uşaqları körpə yaşlarında həkimə aparmaq lazımdır. Bəzən beyin daxili aparılan müalicə köz çəpliyini aradan qaldırır. Uşağın yaşı artdıqca isə vəziyyət ağırlaşa bilər. Bağırsaq infeksiyası ilə xəstələnənlərin də sayında artım var. Bu problem xüsusi ilə yay aylarında təsadüf olunur. Yuyulmamış meyvə, tərəvəz, uşaqların əllərini çirkli-çirkli ağzına aparması, istilərin təsiri bağırsaqda infeksiyaların düşməsi ilə nəticələnə bilər. Ona görə də valideynlərə bu aylarda diqqətli olmaq məsləhət görülür".

Respublika Endikrinoloji Mərkəzindən verilən məlumata görə isə şəkərli diabet xəstələri arasında uşaqların sayı artıb: "Qeydiyyatda olan şəkərli diabet xəstələrinin 900-ə yaxını uşaqlardır. Aralarında 3 yaşınadək olanları da var. Xəstəliyin yayılmasında irsi faktorlar, düzgün qidalanmama, stres, artıq çəkinin böyük rol oynayır".

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən isə bildirildi ki, Azərbaycanda 2015-ci ilin sonunadək 1 yaşınadək uşaqlar arasında ölüm hallarının səviyyəsinə, habelə ana ölümü hallarının səviyyəsinə görə Avropa ölkələri üzrə orta göstəriciyə çatmaq hədəfi müəyyən edilib: "Artıq bu istiqamətdə tədbirlər görülür. Ölüm riskini azaltmaq üçün ölkədə perinatal mərkəzlər istismara verilir. Təcrübə göstərir ki, perinatal xidmətin təşkili ana və uşaq ölümü hallarını azaltmağa imkan verir. Perinatal xidmətin düzgün təşkil olunması sayəsində vəziyyətin düzələcəyinə inanırıq".

Bütün xəbərlər Facebook səhifəmizdə