Şirvanın iri yaşayış məntəqələrində smart-kart tipli sayğaclar quraşdırılıb

Şirvanın iri yaşayış məntəqələrində smart-kart tipli sayğaclar quraşdırılıb

Şirvan Regional Elektrik Şəbəkəsində (REŞ) işlər günün tələbləri səviyyəsində qurulub. İstehlak edilmiş elektrik enerjisinin istehlak dəyərinin ödənişi istiqamətində dinamik artım var.

"Azərenerji" ASC-nin mətbuat xidmətindən SİA-ya daxil olan məlumata görə, ödənişdəki müsbət dinamikaya təsir göstərən bir sıra amillər var. Paylayıcı şəbəkələrin xidməti ərazilərinin müəyyən hissəsində, xüsusən də şəhər və rayon mərkəzlərində, eləcə də bəzi qəsəbələrdə, iri kəndlərdə qabaqcadan ödənişli smart-kart tipli sayğaclar quraşdırılıb. Əvvəlki illərdə ödənişin çox aşağı olduğu Masallıda, Lənkəranda və digər şəbəkələrdə də bu proses həyata keçirilir.

Qeyd edək ki, ümumi vəziyyətə müsbət təsir göstərən amillərdən biri də enerji satışı işinin avtomatlaşdırılmasıdır. Bu sistemdə məqsəd satılan elektrik enerjisinin uçotunu düzgün qurmaq, sərfiyyatın ünvanlılığını təmin etmək, itkilərin qarşısını almaqdır. Bir sözlə, bu sistem baş sayğacdan çıxan və istehlakçılara ötürülən enerjinin balansının yaradılması baxımından olduqca böyük əhəmiyyətə malikdir.

Elektrik enerjisindən qeyri-qanuni istifadə hallarının qarşısının alınması baxımından da təsirli tədbirlər həyata keçirilir. İtirilmiş elektrik enerjisinin bərpa olunmuş istehlak dəyərini ödəmək istəməyən, elektrik avadanlıqları və ya qurğularına qeyri-qanuni müdaxilə edən abonentlərlə bağlı akt tərtib olunur və onlar haqqında tədbirlərin görülməsi üçün hüquq-mühafizə orqanlarına müraciətlər edilir. Bu qəbildən olan tədbirlər də tədricən öz təsirini göstərir. İstehlakçılar arasında nümunəvi abonentlərin sayı getdikcə artır.

Bütün xəbərlər Facebook səhifəmizdə