Qurban Abbasov: “Xarkovda həmyerlilərimiz daha fəal olmağa çalışırlar” - AÇIQLAMA
Müsahibimiz Ukrayna Azərbaycanlıları Konqresinin Xarkov vilayət regional təşkilatının sədri Qurban İbrahim oğlu Abbasovdur.
"Mən Dünya Azərbaycanlılarının hər üç qurultayının iştirakçısıyam. Budəfəki qurultayda cənab prezidentin tapşırıq xarakterli çıxışı digər həmyerlilərimiz kimi məni də ruhlandırdı. Doğrudan da biz lobbiçiliyə keçməli, müdafiə ilə kifayətlənməyib hücuma keçməliyik. Bu gün Azərbaycan çox inkişaf edib, qüdrətlənib. Keçirilən hər bir qurultay bizim güclü işləməyimizə təkan verir, cənab prezident arxamızda çox böyük gücdür. Ukraynada ən çox azərbaycanlı Xarkovda yaşayır, bu o deməkdir ki, ən böyük Azərbaycan diasporu da bu şəhərdədir.
Əvvəllər bütün təşkilatlar Xarkovda pərakəndə fəaliyyət göstərirdi. Sonradan bir çox təşkilatları birləşdirərək Ukrayna Azərbaycanlıları Konqresini yaratdıq. Xarkovda şənbə və bazar günləri fəaliyyət göstərən və dövlət tərəfindən maliyyələşən məktəbimiz var ki, bu da gələcək nəsillərə öz dilini, tarixini, mədəniyyətini yaxşı bilməyə imkan verəcək. Biz Beynəlxalq Slavyan Universitetinin nəzdində iki Azərbaycan sinfi açmışıq. Açılışda Ombudsman Elmira Süleymanova və Naxçıvan Dövlət Universitetindən nümayəndələr də var idi. Həmin siniflərdə Azərbaycanın tarixi, mədəniyyəti, bugünkü vəziyyəti tələbələrə olduğu kimi çatdırılır, bu da imkan verir ki, Azərbaycan haqqında çox adam məlumatlansın. Sonra Böyük Vətən Müharibəsində bu şəhər uğrunda canını vermiş həmyerlimiz, Sovet ittifaqı Qəhrəmanı Fariz Məcid oğlu Səfərovun adına bir park salmışıq. Bu yaxınlarda onun abidəsinin təməli qoyulacaq və park abadlaşdırılacaq. Bu şəhərdə çoxlu tələbələrimiz var, onları da bir təşkilat altında birləşdirmişik. Bundan əlavə bir yallı qrupumuz və "Cücələrim" ansamblımız var ki, bütün beynəlxalq tədbirlərdə iştirak edərək Xarkovda yaşayan azərbaycanlıları təmsil edirlər. Bu gün əsasən informasiya savaşına daha çox önəm verildiyinə görə bütün tədbirlərimizi "Xocalı Soyqırımı", "20 Yanvar" və s. keçirən zaman yerli televiziya və digər mətbu orqanlardan istifadə edirik. Çalışırıq ki, Azərbaycan həqiqətlərinin olduğu kimi dünyaya çatdırılmasında qismən də olsa rolumuz olsun. Bütün regionlarda, vilayətlərdə çoxlu təşkilatlarımız var. Çox istərdik ki, bu təşkilatları birləşərək, bir olaraq mübarizə aparsınlar. Onda biz daha da güclü olarıq. Bilirsinizmi, pərakəndə fəaliyyət yaxşı effekt vermir. Mən bir təşkilat rəhbəri kimi hər an Azərbaycan prezidentinin "irəli "əmrinə qoşularaq Qarabağa döyüşə getməyə hazıram. Harada yaşamagımızdan asılı olmayaraq bizim bir Vətənimiz var - Azərbaycan, ona xidmət isə bizim borcumuzdur.
Əlmaniz ƏLƏKBƏRLİ, Şərqi Avropa ölkələri və Ukrayna bürosu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB