Əksər Avropa ölkələrində istirahət mövsümü kitab oxumaq üçün fürsət hesab olunur. Ancaq bu gün bizdə əksər insanlar nəinki istirahət mövsümündə, heç bekarçılıqdan ürəyimiz sıxılanda da kitab oxumaq barədə düşünmür. Gününün çoxunu ya çayxanada, ya kompyuter arxasında, ya da televizor qarşısında keçirir. Hələ mən kitaba pul xərcləyənlərə cəmiyyətimizdə birtəhər baxılmasından danışmıram. Halbuki kitab oxumağın insan psixologiyasına və səhhətinə bir sıra müsbət təsirləri var.
Bəs Azərbaycanda kitab oxumağa qarşı marağın azalması nə ilə bağlıdır? Bu suala cavab tapmaq üçün SİA paytaxt sakinləri arasında sorğu keçirib. Sorğunun nəticələrini sizlərə təqdim edirik:
Bakı sakini Ağamirova: Kitab oxumağa gərək insanın öz marağı olmalıdır. Bədii kitab oxumağı daha çox sevirəm. Xarici ədəbiyyatla heç zaman maraqlanmamışam.
Türkiyə vətəndaşı Fuad Elmas: İnsanların kitab oxumağa marağının azalmasının televiziyaya baxmağa vaxtlarını çox ayırması ilə əlaqələndirərdim. Hazırda işimlə bağlı olaraq kitab oxumağa elə da zamanım olmur.
Bakı sakini Faiq Musayev: Kriminal mövzulu əsərlərə daha çox maraq göstərirəm. Ən çox isə rus dilli ədəbiyyatlara üstünlük verirəm. Azərbaycan yazıçılarından isə Çingiz Abdullayevin əsərlərini xüsusi yer verirəm.
Sakinlərlə yanaşı, Azərbaycan Yazıçılar Birliyinin nəzdində fəaliyyət göstərən "Bayatı" kitab mağazasına da müraciət etdik. Mağazanın satıcısı Kərim Məmmədov bildirdi ki, kitabxanamızda ancaq yerli yazıçıların kitabları satılır. Ən çox satılan kitablar arasında Çingiz Abdullayev, Anar və Bəxtiyar Məmmədovun əsərləri yer alır.
Kitab oxumağa marağın azalmasının digər səbəblərini isə insanların internetə maraq göstərmələri ilə əlaqələndirdilər.
Hətta bəzi həkimlər kitab oxumağın ilk növbədə, zehni məşq etdirmək uğrunda atılan uğurlu bir addım kimi qiymətləndirirlər. Daimi mütaliə yaddaşı, məntiqi gücləndirir, öyrənmə qabiliyyətini artırır. Nəticədə insan hadisələri daha düzgün analiz edə bilir, gözəl nitqə sahib olur, məntiqli danışır. Düzgün qaydada kitab oxumaq gözləri də məşq etdirir. Bununla yanaşı, həkimlər həmçinin bildirirlər ki, kitab oxuyarkən ürək döyüntüsü normallaşır.
Kitab oxumağın orqanizmə faydasını araşdıran britaniyalı mütəxəssislər də maraqlı nəticələr əldə ediblər. Onların qənaətinə görə, cəmi 6 dəqiqə kitab oxumaq insanda stresin səviyyəsini üç dəfə azaldır. Başqa üsullarla müqayisədə kitab oxumaq insanı daha tez sakitləşdirir və yüngülləşdirir. Mütəxəssislərin araşdırmalarına görə, qiraət edərkən əzələlərin gərginliyi aradan qalxır və ürək döyünməsi normallaşır. Kitablar uşaqların zehinlərinin, hisslərinin, danışıq qabiliyyətinin inkişafında da önəmli rol oynayır. Kitab oxumaq uşağın təxəyyülünü genişləndirir, daxili dünyasına müsbət təsir göstərir.
"Oxumaq vərdişi ailədə qazanılmalıdır"
Psixoloqlar hesab edirlər ki, kitab oxumaq vərdişi ilk əvvəl ailədə qazanılmalıdır. Bu səbəbdən də valideynlər uşağı müxtəlif kitablarla təmin etməli, ona tez-tez kitab oxumalıdırlar. Britaniyalı mütəxəssislər hesab edirlər ki, valideynlər kitab almağa uşaqları ilə birgə getməlidirlər. Bu zaman onlara kitab seçmələri üçün istədikləri qədər vaxt verilməlidir. Başlanğıcda övladınıza rahat əldə tuta biləcəyi, içində qısa hekayələri və maraqlı şəkilləri olan kiçik kitablar alın, çünki o, məhz belə kitabları sevir.
"Kitabxanaların çoxunda 30 yaşdan yuxarı oxucu yoxdur"
Yerli psixoloqların fikrincə isə qızlar 11 yaşda, oğlanlar 12-13 yaşlarında daha çox informasiya almaq ehtiyacı hiss edirlər. Buna görə də onların kitaba, internetə marağı daha çox olur. Ölkəmizdə kitab oxuyanların sayının az olmasının əsas səbəbi əhali arasında televizor aludəçiliyinin geniş yayılmasıdır. İnsanlar televizora rahat informasiya almaq vasitəsi kimi baxırlar. Bir çox insanlar, əsasən də yaşlı nəsil günün xeyli hissəsini seriallara baxaraq keçirir".
Ortayaşlı və orta yaşdan yuxarı insanların az kitab oxumasının digər səbəbi ailə qayğıları, səbirsizlikdir. Bir qrup insanlar "mənə oxumaq lazım deyil, hər şeyi bilirəm" düşüncəsi ilə yaşayırlar. Gənclər isə daha aktiv həyata meyil göstərirlər.
Maraqlı statistika:
Araşdırmalar göstərir ki, inkişaf etmiş ölkələrdə daha az televizor seyr edib, daha çox kitab oxuyurlar. Almaniyalı professor Fişer isə: "İnsan düşündükçə beyin tutumu, düşünmə imkanları və qabiliyyəti inkişaf edir. Beyin işlədikcə inkişaf edən, istifadə edilmədikdə isə ən sürətlə kütləşən insan orqanıdır. Bu kütləşməni aradan qaldırmaq üçün bir həftə zehini məşğələ etmək lazımdır. İllərlə işləməyən beyinin nə hala düşdüyünü özünüz təsəvvür edin".
Bir yaponiyalı ildə 25, isveçli 10, fransalı 7 kitab oxuyur. Türkiyədə hər 7 nəfərə 1 kitab düşür. Azərbaycanda isə bu göstərici minimum səviyyədədir. Bu statistikadan da görünür ki, ölkələrin kitab oxumaları ilə inkişafı düz mütənasibdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB