Naxçıvana doğru, əzablı yollarla - ARAŞDIRMA

Naxçıvana doğru, əzablı yollarla - ARAŞDIRMA
Biləsuvar sərhəd-keçid məntəqəsinin İrana aid hissəsində Naxçıvana getmək istəyən sakinlərə təzyiqlər davam edir.
Sözügedən məntəqədə İran gömrükçüləri tərəfindən nəqliyyat vasitələrinin saatlarla saxlanması, insanlara mənəvi-psixoloji, fiziki təzyiq göstərilməsi ilə bağlı məlumatlar səngimir. Hətta uzun gözləmələr nəticəsində bir nəfər Azərbaycan vətəndaşının sərhəddə dünyasını dəyişməsi ilə bağlı məlumatlar verilir.
Məntəqədə 5-6 saat gözləyən Naxçıvan sakinlərdən birinin SİA-ya verdiyi məlumata görə, problem İran gömrükçüləri tərəfindən süni yaradılır: "Nəqliyyat vasitəsinə Azərbaycan gömrükçüləri də baxış keçirir və bu proses qısa müddətdə yekunlaşır. Ancaq İran tərəfi həmin proseduru bir neçə saata həyata keçirir. Bunun nəticəsində insanlar saatlarla ayaq üstə gözləməyə məcbur olurlar. Nəqliyyat vasitələri vaxtında keçə bilmədiyi üçün ərazidə tıxac yaranır, insanlar boş yerə vaxt itirməyə məcbur olurlar ". Şikayətçi onu da dedi ki, sərnişinlərdən şəxsiyyət vəsiqələri toplanır və bir neçə saatdan sonra geri qaytarılır: "İnsanların əsəbi tarıma çəkilib. Vəziyyət isə getdikcə daha da kritikləşir. Biləsuvar sərhəd-keçid məntəqəsində onlarla maşın sərhədi keçmək üçün gözləyir".
Verilən məlumata görə, avtobus və yük maşınları daha çox yoxlamaya məruz qalır.

İran Azərbaycana paxıllıq edir

Politoloq Cümşüd Nuriyev isə bildirdi ki, problemi İran tərəfi bilərəkdən və qərəzli şəkildə yaradır: "Bunun əsas səbəbi İranın Azərbaycana qısqanclıqla yanaşmasıdır. İranın qısqanclığının, şovinizminin arxasında isə başqa məqsədlər gizlənir. Bunun səbəblərindən biri İran tərəfinin Türkiyəni Azərbaycana qısqanmasıdır. Digər tərəfdən İran Azərbaycanın Qərbə inteqrasiyasına qısqanclıqla yanaşır və Azərbaycanı öz siyasətin yürütmək, Azərbaycanı özü kimi bir dövlət görmək istəyir. Məsələn, İran Azərbaycanın İsraillə, ABŞ-la münasibətlərinin əleyhinədir. Ancaq Azərbaycanın öz siyasəti var və kiminləsə hesablaşmaq, hansısa bir dövlətin əlində alətə çevrilmək kimi fikri yoxdur. Bütün bunların fonunla isə İran özü Ermənistanla müttəfiqlik edir. Bir tərəfdən də Rusiyanın Qafqazda dəyənəyinə çevrilib. Çox illik dövlətçilik təcrübəsi olan, böyük bir dövlət dəyənək obrazını özünə layiq görməməlidir. İran Türkiyədən sonra Azərbaycana həm dini, həm sərhəd baxımından yaxın olduğu üçün Azərbaycana dost münasibəti göstərməlidir. Azərbaycanın onun dövlətiliyinin saxlanmasında hansı rol oynadığını unutmamalı, Azərbaycan şahlarının burada rolunu xatırlamalıdır. Bu gün sərhəd məntəqəsində baş verən hadisələr də bu kimi problemlərdən qaynaqlanır".

C. Nuriyev İran tərəfin mövqeyinin daha da pisləşə biləcəyini də istisna etmədi: "Əgər Azərbaycan Türkiyə ilə viza rejimini ləğv etsə, İran tərəfi sərhədi tamamilə bağlaya bilər".
Məsələ ilə bağlı Naxçıvanın Bakıdakı nümayəndəliyinə də müraciət etdik. Qurumdan bildirildi ki, sözügedən problem gündəmdədir və hazırda məsələ ilə bağlı İran tərəfi ilə danışıqlar aparılır.


İran sərhəd-keçid məntəqəsində heç bir problem görmür


İran səfirliyinin mətbuat xidmətinin rəhbəri Abbas İskəndəri isə Biləsuvar sərhəd-keçid məntəqəsində belə bir problemin olmadığını dedi: "Hər bir sərhəd-keçid məntəqəsində olduğu kimi İran gömrükçüləri də lazımi prosedur qaydalarına əsasən yoxlamalar həyata keçirir. Bu məsələ ilə bağlı araşdırmalar aparılıb və heç bir neqativ hala rast gəlməmişik. Yük avtomobilləri, avtobusların yoxlanması vaxt aparır. Orada insanlarla yanaşı, nəqliyyat vasitələri də yoxlanılır, ola bilər ki, bu zaman gecikmə olsun. Bu isə təbii bir haldır. Dünyanın hər yerində bu yoxlamalar aparılır və qaydalar eynidir. Qeyd etmək istəyirəm ki, İran tərəfi iki ölkə arasında gediş-gəlişin asanlaşmasının tərəfdarıdır və bu istiqamətdə əlindən gələni əsirgəmir".

Bütün xəbərlər Facebook səhifəmizdə