Azadlıq radiosunda işdən çıxarılan Aygün Muradxanlının hüquqları qorunacaqmı?-ARAŞDIRMA

Azadlıq radiosunda işdən çıxarılan Aygün Muradxanlının hüquqları qorunacaqmı?-ARAŞDIRMA

Xəbər verdiyimiz kimi, bir müddət öncə Azadlıq/Azad Avropa Radiosunda rəhbərliklə əməkdaş arasında yaranan konflikt ikinci tərəfin işdən çıxarılması ilə nəticələnib. Buna qarşı media quruluşunun keçmiş müxbiri Aygün Muradxanlı mətbuat orqanına qarşı məhkəmə iddiası qaldıraraq və "Azadlıq" radiosunu əmək hüquqlarını pozmaqda günahlandıraraq 150 min ABŞ dolları məbləğində təzminat tələb edir.

Məsələyə aydınlıq gətirmək üçün bəzi Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli ilə əlaqə saxladıq. Y.Məmmədli SİA-ya açıqlamasında bildirib ki, dəfələrlə iş şəraitində jurnalistlə mətbuat orqanının rəhbərliyi arasında mübahisələr yaranıb.

"Təəssüf ki, həmişə iş o yerə gətirib ki, bu kimi hallarda hər zaman müxbir, jurnalist zərər çəkib və vəzifəsindən kənarlaşdırılıb. Bununla bağlı Azərbaycanda təkcə jurnalistlərin həmrəyliyi kifayət səviyyədə deyil. Eyni zamanda, Həmkarlar İttifaqı da o səviyyədə deyil ki, hər qəzetin özünün həmkarlar ittifaqı bu məsələyə baxsın. Əslində, həmkarlar ittifaqları işəgötürənlə işçi arasında yaranan mübahisədə mütləq jurnalisti müdafiə etməli, digərinin isə hədlərinin aşması ilə əlaqədar qərar qəbul etməlidir. Jurnalist təşkilatının rəhbəri kimi bu işdə həmin jurnalistə əlimizdən gələn köməyi etməyə borcluyuq. Amma indi yay ayıdır və bir çoxları iş yerlərində yoxdur. Yəqin ki, Aygün xanımla əlaqə saxlayıb onunla bağlı təşkilatın köməyi dəyəcək hər hansı bir işlərin edilməsinə çalışacağıq. Amma bütövlükdə bizdə işlər elə qurulmayıb ki, jurnalistlərin özünə qarşı haqsızlıq olanda bizə heç kim kömək etmir. Bu kimi məsələlər, sosial problemlər mövcuddur. Ona çalışmaq lazımdır ki, jurnalist təşkilatları hamımız bir araya gələrək bu məsələlərdə jurnalistləri müdafiə etmək iqtidarında olaq və onların haqlı mövqeyi hər zaman müdafiə olunsun".

Məsələ ilə bağlı əks tərəfin də münasibətini almağa çalışdıq. Azad Avropa/ Azadlıq Radiosu Bakı Bürosunun koordinatoru Babək Bəkir məsələyə aydınlıq gətirmək üçün Praqada yerləşən Azad Avropa/ Azadlıq Radiosu Azərbaycan xidmətinin rəhbəri ilə əlaqə saxlamağı bildirib.

Gün ərzində Azadlıq/Azad Avropa Radiosunun keçmiş müxbiri Aygün Muradxanlı ilə əlaqə saxlamağa çalışsaq da bu cəhdimiz baş tutmadı. Məsələ, ilə bağlı onun da fikrini almağa hazırıq.

Bütün xəbərlər Facebook səhifəmizdə