Bəzi mətbuat orqanlarında "Koroğlu" MMC şirkəti haqqında həqiqəti əks etdirməyən məlumatlar dərc olunub. SİA-nın əməkdaşları şirkət haqqında yazılmış məlumatları araşdırmaq məqsədi ilə adıçəkilən qurumda olublar. "Koroğlu" MMC-nin icraçı direktoru Tahir Əliyev bildirib ki, 2008-ci ildə bir qrup (7 nəfər ) əməkdaş (ekspeditor) şirkətin külli miqdarda vəsaitini mənimsədiklərinə görə işdən azad olunublar və bu barədə hüquq-mühafizə orqanlarına məlumat verilib. Onun sözlərinə görə, polis orqanları da araşdırma aparıb və bununla bağlı istintaq başlanılıb: "Onlar qruplaşma şəklində şirkətin pullarını mənimsəyiblər. Onu da qeyd edim ki, bu şəxslər hamısı eyni bölgədə (İmişli bölgəsində) fəaliyyət göstərən ticarət nümayəndələri (ekspeditorlar) olublar. Hüquq-mühafizə orqanlarında onlar barəsində araşdırma aparılarkən həmin qruplaşma mətbuat konfransı keçirərək şirkətin adına ləkə gətirəcək, yalan məlumatlar yayıblar. Onlar iddia edirlər ki, şirkətdən haqsız yerə çıxarılıblar və həmin şəxslər şirkətin əməkdaşları tərəfindən döyülüblər. Guya işdən çıxarılmış Namiq Məmmədovu 24.08.2010 tarixində "Koroğlu" MMC-nin təftişçisi Emin Babaşov döyüb. Ancaq həmin tarixdə E.Babaşov kor bağırsağından əməliyyat olunduğundan xəstəxanada qalırdı. Onlara qarşı heç bir qanunsuz hərəkət edilməyib".
Təftişçi E.Babaşov da onun haqqında deyilənlərin tamamilə cəfəngiyat olduğunu bildirib: "Mənim 24.08.2010-cu il tarixdə Namiq Məmmədovun başından küt alətlə vurduğumu iddia edirlər. Ancaq mən 19.08.2010-cu il tarixindən 29.08.2010-cu il tarixinə qədər kor bağırsağımdan əməliyyat olunduğum üçün xəstəxanada olmuşam. Söylənilənlər hamısı əsassızdır. Hər hansı bir problem olduğu halda biz hüquq-mühafizə orqanlarına müraciət edirik".
"Koroğlu" MMC-nin hüquqşünası Abbas Rəhimov da məsələyə münasibətini bildirib. O, işdən çıxarılmış bir qrup ticarət nümayəndəsinin Beynəlxalq Mətbuat Mərkəzində mətbuat konfransı keçirərək, yalan məlumatlar vermələrini onların hüquq-mühafizə orqanları tərəfindən dindirilməyə çağırılmaları ilə əlaqələndirib: "Şirkətin külli miqdarda vəsaitini mənimsəmiş həmin şəxslər barədə prokurorluq orqanlarında araşdırma aparılıb və dindirilməyə çağırılıblar. Bu şəxslər yalandan onların döyüldüklərini iddia edirdilər. Halbuki onlar döyülsəydilər mətbuat konfransı keçirmək əvəzinə polisə müraciət edərdilər. Bütün deyilənlər əsassız və yalandır. Onlar hamısı eyni bölgədəndirlər və cinayətlərini ört-basdır etmək üçün bu cür əməllərə əl atırlar".
Qeyd edək ki, "Koroğlu" MMC Azərbaycanda 1992-ci ildən yerli və xarici qənnadı məmulatlarının distribüteri kimi fəaliyyətə başlayıb. Bu şirkət topdan və pərakəndə satış ilə məşğul olan müəssisələr arasında liderdir və bu gün ölkənin bütün regionlarında inkişaf etmiş satış kanallarına malikdir. Azərbaycanın daxili bazarında uzun müddət davamlı fəaliyyət göstərərək, eləcə də yerli və xarici istehsal məhsullarını səmərəli sürətdə paylaşdıraraq müştərilərin hörmət və etibarını qazanıb, qənnadı məmulatları sahəsində məhsulların çeşid sayı üzrə birinci yerdə dayanıb. Daxili bazarın və qənnadı sənayesi məhsullarının tələbatını nəzərə alaraq şirkət keyfiyyətli qənnadı məhsullarının çeşidlərini maksimal dərəcədə çoxaltmağa çalışır.
"Koroğlu" MMC "Konti" QSC İB, "Poltavakonditer" ASC, "Slavyanda" MMC, "Akkond"ASC, "Sladko" ASC, BKK ASC kimi istehsalçıların satışını təşkil edir. Satışını təşkil etdiyi məhsullar sırasına konfetlər, karamellər, peçenyelər, vaflilər, şokoladlar, biskvitlər və s. daxildir.
"Koroğlu" MMC həmçinin "Şirin" şirkətinin istehsal etdiyi malların ixracı ilə də məşğuldur. "Koroğlu" MMC Rusiya və Ukraynadan 18 firmanın məhsulunu idxal edir, 7 ölkəyə isə Azərbaycan məhsullarını ixrac edir.
Kompaniyanın marketinq siyasətinin başlıca məqsədi satış bazarının genişləndirilməsi, distribüter şəbəkəsinin artırılması, məhsulun istehlakçıya maksimal dərəcədə yaxınlaşdırılmasıdır.
Şirkətin ixrac etdiyi "Şirin" firmasının məhsullarının istehsal müəssisəsi ən son və müasir avadanlıqlarla təmin olunublar. Müəssisədə məhsullar əl vurulmadan, xüsusi texniki avadanlıqlar vasitəsi ilə istehsal olunur. Burada xüsusi istilik və sərinlik verən sistemlər quraşdırılıb. Şirkətdə çalışan mütəxəssislər imtahanla işə qəbul olunub və onların arasında xaricdə təhsil almış kadrlar da var.
"Koroğlu" MMC-nin anbarlarında xüsusi izoliyasiya sistemi quraşdırılıb. Anbarda saxlanılan xarici ölkələrdən gətirilmiş və "Şirin" şirkətinin məhsulları maşınlar vasitəsi ilə dükanlara paylanılır. Şirkətin işçiləri əmək haqqı ilə yanaşı, telefon xərcləri, qida və avtomobillə təmin olunur və ilin sonunda 13-cu ay əmək haqqı alırlar.
Qeyd edək ki, "Koroğlu" MMC-də 800 nəfər işçi fəaliyyət göstərir. Onlardan 250 nəfəri ticarət nümayəndələridir.
Elgün Vİdadioğlu
Bütün xəbərlər Facebook səhifəmizdə