“Sarkisyan hələ də Azərbaycanın və Türkiyənin nə dərəcədə güclü olduğunu dərk etmir”

“Sarkisyan hələ də Azərbaycanın və Türkiyənin nə dərəcədə güclü olduğunu dərk etmir”

Sarkisyana etirazlar davam edir. Bu günlərdə Türkiyənin İğdır və Qars bölgəsində səfərdə olan BDM sədri İsmayıl Ağayev və onun rəhbərlik etdiyi nümayəndə heyəti Qarsın Koçköy bələdiyyə başqanı ilə görüşüblər. BDM mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, bələdiyyə başçısı Esat Aydınla bərabər Koçköy kənd məzarlığında dəfn edilən tarixi qəhrəmanlarımızdan olan Soltan Bəy Paşabəyoğlunun məzarını ziyarət ediblər.

Məzar başında türk mətbuatına məlumat verən BDM sədri İsmayıl Ağayev, ermənilərin Gürcüstandan keçib Qarsa gəldiklərini və buradan əllərini-qollarını sallayaraq Ağrıya keçdiklərini söyləyib. Çıxışına onu da əlavə edib ki, "avara bir erməni "lideri" Sarkisyan Ağrı dağına göz qoyduğu zaman bilməlidir ki, bizim Soltan Bəy Paşabəyoğlu kimi tarixi, Mübariz İbrahimov kimi milli qəhrəmanlarımız var. Bəs onların kimi var? Erməni daşnağı nə Türkiyənin, nə də Azərbaycanın kiçik bir daşını belə ala bilməyəcək. Biz Qarabağı işğaldan azad edəcəyik və hədəfimiz İrəvan olacaq".

Daha sonra Qarsın Koçköy bələdiyyə başqanı Esat Aydın çıxış edərək, Sarkisyanın ağlının başına toplaması gərəkdiyini vurğulayıb: "Əgər özünübilməz, dövlət tərbiyəsi görməmiş Sarkisyan Ağrı dağına göz dikibsə, demək o, hələ də Azərbaycanın və Türkiyənin nə dərəcədə güclü olduğunu dərk etmir. Biz Ağrı dağının bir qarışını belə onlara vermərik".

Həmçinin ziyarətdə BDM-in Rusiya təmsilçisi Ələmdar Nəbiyev, Sultan bəyin nəvəsi Rüstəm bəy Paşabəyoğlu, tarixçi-tədqiqatçı Nazim Tapdıqoğlu və Laçın Kazakov da iştirak ediblər.

Sonda BDM sədri İ. Ağayev burada Soltan bəy Paşabəyoğlu üçün abidə qoyulacağını da açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə