8-ci sinif üzrə Azərbaycan tarixi dərsliklərində bəzi çatışmazlıqlar aşkarlanıb-TƏDBİR-FOTO

8-ci sinif üzrə Azərbaycan tarixi dərsliklərində bəzi çatışmazlıqlar aşkarlanıb-TƏDBİR-FOTO

Bu gün "Müasir İnkişaf" İctimai Birliyi "Azərbaycan tarixi dərsliklərinin monitorinqinin nəticələrinin müzakirəsi" (8-ci sinif) adlı növbəti tədbir keçirib. SİA-nın xəbərinə görə, tədbir Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi dərsliklərinin monitorinqi" adlı layihə çərçivəsində baş tutub.

Tədbiri giriş sözü ilə açan "Müasir İnkişaf" İctimai Birliyinin sədri Mübariz Aşırlı bildirib ki, layihə çərçivəsində aprelin 14-dən başlayaraq Azərbaycan tarixi dərsliklərinin monitorinqi həyata keçirilir. Onun sözlərinə görə, bu müddət ərzində V, VI, VII, VIII sinif dərsliklərindəki bəzi nöqsanlar aşkarlanaraq müvafiq strukturlara təqdim edilib: "Artıq layihə tam olaraq yekunlaşmaq üzrədir. Bu proses avqustun 15-16-da tam olaraq yekunlaşacaq. Bundan sonra, monitorinqlərin nəticələri vahid sənəd şəklində hazırlanaraq QHT Şurası, Təhsil Nazirliyi başda olmaqla, digər müvafiq qurumlara və qeyri-hökumət təşkilatlarına təqdim ediləcək\".

Daha sonra layihənin eksperti Tariyel Faziloğlu monitorinq zamanı rastlaşdıqları çatışmazlıqlar və problemlər barədə ətraflı məlumat verib. O bildirib ki, dərslik elmi və ağır dildə yazılıb: "Cümlələr o qədər uzun olur ki, uşaqlar bunu oxuyanda yorulur, bəzən oxumur, ya da məcburiyyət qarşısında qalıb mövzunu əzbərləyirlər. Bəzi mövzular qarışıq verilib və müəllimlərin özləri də onu uşaqlara çatdırmaqda çətinlik çəkirlər. Düşünürük ki, bu və ya digər problemlərin qarşısı tez bir zamanda alınmalıdır".

Tədbirin davamında mövzu ətrafında fikir mübadilələri aparılıb, müəllimlərin rəyləri və təklifləri dinlənilib.

Bütün xəbərlər Facebook səhifəmizdə