Mövsümi qripdən qorunmanın yolları

Mövsümi qripdən qorunmanın yolları

Yay aylarında insanlar havanın isti keçməsinə arxayınlaşıb xəstəlik haqqında heç düşünmək belə istəmirlər. Ancaq qış ayları ilə müqayisədə orqanizmi yayda az təhlükə gözləməsi barədə yayılmış təsəvvürlər kökündən yanlışdır. Unutmaq lazım deyil ki, isti fəsillərdə qrip, mədə-bağırsaq infeksiyaları, malyariya və borrelioz kimi xəstəliklərin baş qaldırması üçün münbit şərait var.

Son günlər əhali arasında qripin artması hallarına tez-tez təsadüf olunur. Mütəxəssis-infeksionist Afət Məmmədova bunu yay aylarında insanların öz səhhətinə səthi yanaşması ilə əlaqələndirir: "Skvaznyak, soyuducudan buzlu su içmək, tərlədikdən sonra soyuq duş qəbul etmək və s. ciddi soyuqdəyməyə səbəb olur. İstilərdə daha çox problemi isə kondisionerdən düzgün istifadə etməmə yaradır. Bəzi insanlar yatanda belə kondisioneri söndürmürlər. Bu isə qriplə yanaşı, nəfəs çatışmazlığı, burun-boğaz yolu xəstəlikləri, burun qanaması, hətta iflicə səbəb ola bilər. Yay aylarında bədən yarana biləcək xəstəliklərdən özünü tərləyərək qorumağa çalışır. Ancaq bəzən tərləmə refleksi kifayət qədər olmadıqda orqanizm zəifləyir. İstilərdə bədənin hədindən artıq maye və mineral itkisinə məruz qalması da fəsadlar yaradır. Ona görə də, isti havalarda çoxlu miqdarda su qəbul etmək məsləhət görülür. Gün ərzində ən azı 1 litrə yaxın maye qəbul etməklə orqanizmin suya olan tələbatını ödəmək lazımdır. Bu tələbat ödənilməzsə, baş ağrısı, halsızlıq, ağız quruluğu, baş giçələnməsi, huşsuzluq, ürək bulanması kimi hallar yarana bilər".

Mütəxəssis yay aylarında qrip virusunun insandan-insana çox asanlıqla ötürülə biləcəyini də deyir: "Tüpürcək damcıları, öskürək və asqıraq yolu ilə virus ətrafa yayılır. Hətta qripə yoluxan adamın tutduğu qapı dəstəyi, telefon dəstəyi də virusun digərlərinə keçməsinə səbəb ola bilər.

Xəstələrdə yüksək hərarət, əzələ və oynaq ağrıları, baş və boğaz ağrıları, iştahsızlıq, gözlərdə qızartı, quru öskürək və həddindən artıq halsızlıq müşahidə edilir. Başağrısı, titrəmə və öskürək qripin ilk əlamətlərindəndir. Bəzən xüsusilə uşaqlarda ürəkbulanması, qusma və ishal da müşahidə olunur. Xəstəliyin ömrü böyüklərdə 3 - 5, uşaqlarda 7 günədək olur. Əgər orqanizmdə qripdən başqa digər xəstəlik varsa, bu zaman xəstəliyin kəskinləşməsi baş verə bilər".

Mütəxəssis qripdən qorunmaq üçün ilk növbədə C vitamini ilə zəngin olan qidaları qəbul etməyi məsləhət gördü: "Virusa yoluxan insan itburnu, kök, soğan, sarımsaq, apelsin və limondan çox istifadə etməlidir. Xəstəliyə tutulmaq istəməyənlər isə küçəyə çıxmazdan əvvəl sabundan kiçik bir hissə kəsib qısa müddətə buruna qoymaqla qriplə mübarizə apara bilərlər. Çünki burun sabundan qıcıqlanır və qripə qarşı təbii dərman olan interferon ifraz etməyə başlayır. Qripə yoluxmaqdan qorunmaq üçün gün ərzində 10 - 12 stəkan su içilməlidir. Bu zaman tənəffüs orqanları hüceyrələrinin nəmli olması virusa qarşı müqavimət göstərir. Həmçinin idman, hər səhər soyuq duş qəbul etmək, stressdən uzaq olmaq da infeksiyaya müqaviməti gücləndirir. Siqaret çəkmək də eynilə stress kimi bədəndə müqaviməti azaldır. Çünki virusdolu damcılar siqaret çəkilən mühitdə tüstüyə yapışır və tənəffüs yolları ilə orqanizmə daxil olur. Əhalinin diqqətinə çatdırmaq istəyirəm ki, qripə yoluxan adamla qucaqlaşmaq, epidemiya vaxtlarında iş yerlərində bir çox şəxsin istifadə etdiyi cihazlardan yararlanmaq xəstəliyə yoluxmaq riskini çoxaldır. Çünki virus belə yerlərdə 2 - 3 saat canlı qalır. Bu səbəbdən təmizliyə fikir verin, şəxsi gigiyenanı qoruyun. Əgər xəstəlik 3 - 4 günə yavaşımazsa, həkimə müraciət olunmalıdır. Əks halda, xəstəlik ağciyərlər, ürək, böyrəklərin fəaliyyətini poza bilər\".

Bütün xəbərlər Facebook səhifəmizdə