Metropolitendə 1 saatda 38 min nəfər sərnişin daşınır-ARAŞDIRMA

Metropolitendə 1 saatda 38 min nəfər sərnişin daşınır-ARAŞDIRMA
Bakı Metropoliteni hazırda ölkənin ən sürətli nəqliyyat vasitəsi hesab edilir. Ancaq dünya ilə müqayisə etsək, hələ metropolitenin dünya səviyyəsinə çatması üçün illərlə vaxt lazımdır. Bakının yeraltı nəqliyyat vasitəsi həm stansiyalarının sayına, həm sürət həddinə, həm də digər standartlara görə dünya səviyyəsində olan metrolardan xeyli geridədir. Ancaq son illər metropolitenin inkişafı istiqamətində bir sıra işlər görülüb. Bakı Metropoliteninin stansiyalarının sayı 23 -ə çatdırılıb. Nəzərdə tutulub ki, 2030-cu ilədək təsdiqlənmiş inkişaf proqramı çərçivəsində metrostansiyaların sayı 79-a, istismar xətlərinin uzunluğu isə 119 kilometrə çatdırılsın.



Məlumat üçün deyək ki, Londonda istismar xətlərinin uzunluğu 401 kilometr olan 270 stansiya var. Nyu-Yorkda uzunluğu 398 kilometr olan 469 stansiya, Fransada uzunluğu 323 kilometr olan 432 stansiya, Yaponiyada uzunluğu 289 kilometr olan 250 stansiya, Moskvada uzunluğu 244 kilometr olan 150 stansiya, Меksikada uzunluğu 178 kilometr olan 154 stansiya, Almaniyada isə uzunluğu 167 kilometr olan 135 stansiya var.
Yaponiya metrosu infrastrukturunun inkişaf səviyyəsinə görə, dünyanın ən inkişaf etmiş metrosu hesab olunur. Tokioda Narita, Osakada isə Kansay aeroportu Yaponiyanın dünya səviyyəsində tanınan ən məşhur metro aeroportudur. Tokionun Xaneda metrosu isə ölkə daxili ilə yanaşı həm də beynəlxalq reysləri həyata keçirir.


Qeyd edək ki, metro tikintisi irihəcmli kapital qoyuluşu tələb edən bir sahədir. 2005 -2011-ci illər üzrə investisiya layihələrinə əsasən, 2011-ci ildə Bakı Metropoliteninə ümumilikdə, 164 milyon 300 min manat ayrılıb. Bu vəsaitin 20 milyon manatı "Bakı Metropoliteninin 2011-2015-ci illərdə inkişafına dair Dövlət Proqramı"nın həyata keçirilməsi ilə bağlı xərclərə, 70 milyon manatı isə Bakı Metropoliteninin V növbəsi üzrə "M. Əcəmi -2 keçid-Avtovağzal" stansiyaları, stansiyalar arası tunellərin tikintisi və obyektlərin köçürülməsinə ayrılıb.



Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəzakət Tarverdiyeva metropolitenin inkişaf planına əsasən görüləcək işlər haqda məlumat verdi: "Hazırda metropolitendə günün qızğın saatlarında 1 saatda 38 min nəfər sərnişin daşınır. Ancaq Beynəlxalq Konsorsium tərəfindən aparılmış araşdırmalara əsasən müvafiq tədbirlər görüldükdən sonra bu rəqəm 2016-cı ildə 48 minə, 2030-cu ildə isə 80 min nəfərə çata bilər: "Təhlükəsizlik və rahatlıq baxımından bu göstərici Avropa standartlarına görə 30 min nəfər təşkil edir, yəni vaqonun 1 kvadratmetrində 6 nəfər sərnişin daşınmalıdır.
Hazırda metropolitendə sərnişin daşıma ilə texniki cəhətdən problemlər var. Məsələn Bakı Metropoliteni vaqonlarında günün pik saatlarında 1 kvadratmetrdə 8-10 nəfər sərnişin daşınır ki, bu da təhlükəsizlik baxımından yolverilməzdir. Gələcəkdə metropolitenin inkişaf planında bütün bu məqamlar nəzərə alınıb. Qeyd edək ki, Beynəlxalq Konsorsium tərəfindən perspektiv sxem üzrə hazırlanmış 14 potensial variant təqdim olunmuşdur ki, onlardan da 4 variant seçilib və həmin layihəyə əsasən metropolitendə işlər görülür. Uzunmüddətli perspektiv inkişaf sxeminə uyğun olaraq gələcəkdə Bakı Metropoliteninin ümumi şəbəkəsi 2 mövcud və 3 əlavə yeni xətt olmaqla 5 xətdən, 76 stansiyadan və 119 kilometr metro xəttindən ibarət olacaq. Yəni 53 yeni stansiyanın və 84,3 kilometr metro xətlərinin inşası nəzərdə tutulur. Bununla belə yeni stansiyaların tikintisi və yerlərinin seçilməsində sərnişin nəqliyyatının digər növləri, multifunksional nəqliyyat kompleksi ilə inteqrasiya və uzlaşdırma məsələləri də nəzərə alınıb. Metroda işlər dörd xətt üzrə aparılır. Bənövşəyi xətt üzrə qərb, mavi xətt üzrə şərq hissəsinin inşası, qırmızı və yaşıl xətlər üzrə isə genişləndirilmə işləri nəzərdə tutulur".

N. Tarverdiyeva metropolitenin perspektiv inkişafının aşağıdakı prioritet istiqamətlərdən ibarət olduğunu dedi: "Avtovağzal" – "Memar Əcəmi – 2" - B3 - B4 - B5 - 5 stansiya, 6,8 kilometr metro xəttini tikintisi nəzərdə tutulub. Bu istiqamət Yeni Avtovağzal kompleksini, 3-cü, 4-cü mikrorayonları, Tbilisi prospektini və Füzuli küçəsini əhatə edir. Burada qatarlar yeddi vaqondan ibarət olacaq. Birinci növbədə bunu 5 vaqondan ibarət 18 qatar heyəti olacaq. Sonra sərnişinlər artdıqca qatarlara əlavə vaqonlar qoşulacaq. Hazırda 30 qatar/saat olan hərəkət intensivliyinin 45 qatar/saata artırılması nəzərdə tutulur. Bu istiqamətdə 6,8 kilometr metro xəttinin tikintisi və vaqon parkının yenilənməsi üçün 550 milyon manat vəsait sərf olunacaq. İkinci prioritet istiqamət: Bu buraxılış kompleksi (VI stansiya-Y-3-Böyükşor-M.Əzizbəyov-2-Sabunçu-Bakıxanov-Y-22-Qaraçuxur-Yeni Günəşli - bunlar yaşayış məntəqələrinin adlarıdır) 8 stansiyadan və 12,5 kilometr metro xəttindən ibarət olacaq. Hərəkət intensivliyi isə 45 qatar/saat olacaq.
Üçüncü prioritet istiqamət (H.Aslanov-Zığ şosesi-Hərbi Akademiya) 2 stansiyadan, 3,7 kilometr metro xəttindən ibarət olacaq. Vaqon parkı 11 qatar heyəti olmaqla 55 vaqon, hərəkət intensivliyi 45 qatar/saat, ehtimal olunan vəsait xərcləri isə 296 milyon manatdır".

Qurumun sözçüsü 2015-ci ilədək Bakı Metropolitenin 5 yeni stansiyanı istismara veriləcəyini də dedi: "2011-ci ildən 2015-ci ilədək olan dövrdə cəmi altı meteostansiyanın istismara verilməsi planlaşdırılıb. Artıq "Dərnəgül" stansiyası istismara verildi. Daha iki stansiya isə 2013-cü ilədək, qalan üçü isə 2015-ci ilədək istismara veriləcək. "Avtovağzal" stansiyasından "Memar Əcəmi-2" stansiyasınadək xətlərin çəkilməsi istiqamətində də işlərə başlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə