Bu il Bakıda 31 nəfər Hepatit C-yə yoluxub-ARAŞDIRMA

Bu il Bakıda 31 nəfər Hepatit C-yə yoluxub-ARAŞDIRMA
Bu gün hepatit kabusu hamını izləyir. Vəziyyət o yerə çatıb ki, səbəb oldu olmadı insanlar bu təhlükəli virusa yoluxduqlarından şübhələnməyə başlayıblar. SİA-ya tibbi laboratoriyaların birindən verilən məlumata görə, virusa yoluxub-yoluxmadığını öyrənmək üçün müraciət edənlərin sayı artıb: "Analizə verilən qan nümunələrində mənfi cavabların sayı çoxdur".
Statistik məlumatlara görə, bu ilin altı ayı ərzində Azərbaycanda Hepatit C virusuna yoluxma ilə bağlı 93 hadisə qeydə alınıb. Bakı şəhəri üzrə isə bu ilin altı ayı ərzində 31 belə hadisə qeydə alınıb.
Ötən ilki ilə müqayisə bu il yoluxmanın sayının az olduğu bildirilsə də təhlükəli virusa yoluxma ehtimalı böyükdür.

Dünyada isə əhalinin 170 milyondan çoxu bu təhlükəli xəstəliyin daşıyıcısıdır. Hər il Hepatit C 350 min insanın həyatına son qoyur. 2015-ci ildə isə virusuna yoluxanların sayının 2 dəfə çoxalacağı proqnozlaşdırılır.



Hepatit C tamamilə müalicə etmək mümkün deyil

Qeyd edək ki, "Hepatit C" altı hepatit viruslarından ən təhlükəlisi hesab olunur. "Hepatit C" qanda aşkarlanır və qaraciyərə ciddi zərər vurur. Zaman keçdikcə virus qaraciyər xərçənginə, qaraciyər çatışmazlığına və ya serroza gətirib çıxarır. Tibdə Hepatit C qarşı heç bir vaksin yoxdur. İnfeksiyanın simptomları tibbi baxımdan idarə edilə bilər və anti-virus dərmanlarının uzun kursu ilə virus təmizlənilə bilər ki, bununla da virusu sakitləşdirmək olar. Ancaq virusun tamamilə müalicəsi hələ tibbə məlum deyir. Virus insandan-insana qan vasitəsi ilə ötürülür. Məsələn əgər xəstəyə vurulan şprisdən sağlam adama iynə vurularsa, o da virusa yoluxa bilər. Hepatit C bədənin hər hansı hissəsində olan yara, çapıq vasitəsi ilə də ötürülə bilər. Əksər halda " Hepatit C" insan orqanizmində hiss olunmadan inkişaf edir. Bəzən isə özünü sarılıq, yorğunluq, qarın ağrıları, iştahanın itməsi və ürəkbulanması ilə büruzə verir. Virus otaq temperaturunda 3 - 4 gün aktiv ola bilir. "Hepatit C" nın müalicəsi ən azı 6, yaxud 12 ay fasiləsiz davam etdirilməlidir. Ancaq bu o demək deyil ki bununla virus tamamilə müalicə olunub.

Sterilə olunmuş alətlərdən istifadəni tələb etmək lazımdır



Hazırda paytaxtda "Hepatit C" - yə yoluxma təhlükəsi üçün daha çox gözəllik salonları, stomatoloji kabinetlər, qadın məsləhətxanaları münbit şərait yaradır. Cərrahiyyə əməliyyatları zamanı da hepatitə yoluxmaq ehtimalı böyükdür. Sözügedən obyektlərdə avadanlıqların sterilizə olunmamağı, gigiyenik qaydalara riayət edilməməsi virusa yoluxma ehtimalını artırır.

Təhlükəli virusdan sığortalanmaq üçün sözügedən obyektlərə gedərkən diqqətli olmaq və sterilə olunmuş alətlərdən istifadə etməyi tələb etmək lazımdır. Bu barədə məlumat verən epidemioloq Zəminə Qasımova gözəllik salonlarından, stomatoloji və ya ginekoloji kabinetlərdən istifadə edən hər bir insanın asanlıqla hepatit daşıyıcısına çevrilə biləcəyini dedi: "Ona gərə də, yalnız gigiyenik qayda-qanuna riayət edən obyektlərə getmək məsləhət görülmür. Hər gün yüzlərlə qadının müraciət etdiyi gözəllik salonlarının əksəriyyətində heç bir dezinfeksiya işləri aparılmır. Salonların çoxundakı daraqlar, qayçılar, manikür-pedikür, qulaqların deşilməsi zamanı istifadə olunan alətlər sterilizə edilmədən istifadə olunur. Çünki belə obyektlərin əksəriyyətində sterilizə avadanlıqları tamamilə yoxdur".
Mütəxəssis virusun uşaqlara yoluxma ehtimalının da böyük olduğunu dedi: "Diş fırçası, qayçı kimi alətlər vasitəsilə virus azyaşlılara ötürülə bilər. Ona görə də bütün təhlükəli ərazilərdə sterilizə üsulundan istifadə olunmalıdır. Bəziləri elə düşünür ki, alətləri qaynatmaqla virusdan sığortalanmaq olar. Ancaq "Hepatit C" qaynatmaqla məhv olmur. Bunun üçün yalnız sterilizatordan istifadə lazımdır".



Sterilizator olmayan müəssisələr bağlanacaq


Səhiyyə Nazirlinin mətbuat xidmətinin rəməkdaşı Səfayyə Əhmədova son illər xəstəliklə bağlı artımın olmadığını deyir: \"Hepatit C kimi yoluxucu xəstəliklər həmişə var. Hazırda ölkədə virusla bağlı vəziyyət stabildir. Xəstəlikdən qorunma hər bir insanın öz üzərinə düşür. Səhiyyə Nazirliyinin tədbirlər planına uyğun olaraq ölkədə xəstəliyin aşkarlandığı ərazilərdə tədbirlər həyata keçirilir. Nazirlikdə qeydiyyata düşən bütün xəstələr nəzarətdə saxlanılır və onlar mütəmadi olaraq müayinə və müalicə edilirlər. Onu da deyim ki, mütəmadi olaraq reydlər keçirilir və lazım olan obyektlərdə sterilizə üçün xüsusi avadanlıqların olmasına nəzarət edilir. Qaydalara riayət etməyənlərə qarşı tədbirlər görülür\".

Gigiyena və Epidemiologiya Mərkəzindən verilən məlumata görə isə stomatoloji kabinetlərdə aparılan reydlər zamanı sanitar-gigiyenik normaları pozan kabinetlərlə bağlı tədbirlər görülüb: "Hepatit C" virusunun yayılmasında belə kabinetlərin rolu var. Bu səbəbdən də həmin kabinetlərin qarşısında xüsusi tələb qoyulub ki, sterilizasiya sistemləri gigiyenik normalara uyğunlaşdırılmazsa, onların fəaliyyəti üçün lisenziya verilməyəcək. Lisenziyası olanlar isə bağlanacaq. Bu cür monitorinqlər gözəllik salonlarında, qadın məsləhətxanalarında da aparılır və tədbirlər davam edir\".

Bütün xəbərlər Facebook səhifəmizdə