Fərhad Turanlı: “Diasporun inkişafında ziyalı soydaşlarımızın fəaliyyətini gücləndirmək lazımdır” - MÜSAHİBƏ

Fərhad Turanlı: “Diasporun inkişafında ziyalı soydaşlarımızın fəaliyyətini gücləndirmək lazımdır” - MÜSAHİBƏ

"Ukraynalı və Azərbaycanlı Ziyalılar Assambleyası"nın sədri, tarix elmləri namizədi Fərhad Turanlının SİA-ya müsahibəsi

- Fərhad müəllim, Ukraynada yaşayan azərbaycanlıların lobbiçilik fəaliyyətindəki problemləri və onların həlli üsullarını nədə görürsünüz?

- Azərbaycanlıların həyatında əlamətdar bir hadisə olan Dünya azərbaycanlılarının III qurultayında mühacir soydaşlarımızın bundan sonra da inkişafı və onların dünyada fəaliyyətlərinin təkmilləşdirilməsi ilə bağlı bir sıra ciddi məsələləri Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev siyasətinin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları qurultay iştirakçılarının diqqətinə ərz etdi.

Azərbaycan amilinin beynəlxalq aləmdə, xüsusilə soydaşlarımızın yaşadığı, vətəndaşı olduğu dövlətlərdə gücləndirilməsi və təsdiq olunması məsələsinə indiki zamanda çox ciddi əhəmiyyət verilməlidir.

Prezident İlham Əliyev özünün güclü fəaliyyəti sayəsində dövlətimizin daha da inkişaf etməsinə nail olub və ölkəmizdə bütün sahələrdə kifayət qədər uğurlar əldə edilib.

Qloballaşan dünyada yaranan vəziyyət həmvətənlərimizdən yaşadıqları cəmiyyətlərdə Azərbaycanın güclü dövlət olduğunun təsdiq olunması, doğma vətənimizin imicinin yüksəlməsi üçün daha da ciddi və dəqiq fəaliyyət göstərmələrini tələb edir.

Dünya azərbaycanlılarının III qurultayında müxtəlif ölkələrdə yaşayan soydaşlarımızın təşkilatlanması, lobbiçilik fəaliyyətinin gücləndirilməsi ilə əlaqədar qəti tədbirlərin görülməsinin vacibliyi qeyd olundu.

- Dünyada azərbaycanlıların imicinin yüksəlməsini necə təmin etmək lazımdır?

- Həmvətənlərimizin yaşadıqları dövlətlərin ictimai-siyasi həyatında fəaliyyətlərinin artması ilə əlaqədar məsələlərin həlli üçün, soydaşlarımızın hüquqlarının və tarixi vətənimiz - Azərbaycanın milli mənafelərinin qorunması məqsədi ilə, ilk növbədə ziyalı soydaşlarımızın iştirakı ilə təşkilati işlərin hüquqi çərçivədə görülməsi və gücləndirilməsi lazımdır.

Xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması və lobbiçilik fəaliyyətinin gücləndirilməsi üçün Azərbaycanın, soydaşlarımızın rəsmi təmsil olunmaları, hüquq qaydalarına və qanunlara əsaslanaraq fəaliyyətin təşkil və təmin edilməsi, maarifçilik fəaliyyətinin gücləndirilməsi, Azərbaycanşünaslıq (Türkologiya) mövzusunda elmi araşdırmaların və beynəlxalq əhəmiyyətli konfransların, simpoziumların təşkil olunması, məlumat və mətbuat vasitələrinin səmərəli istifadə olunması və bu kimi vacib olan işlər görülməlidir.

Hazırda mühacir soydaşlarımızın ictimai fəaliyyəti zamanın tələblərinə tam cavab vermir, onların ziyalı, intellektual səviyyəsindən yetərincə istifadə edilmir, bəzən isə bu amil inkar edilir.

Bu məsələnin həlli xaricdəki milli-ictimai təşkilatlarımızın və dövlət siyasətinin diqqət mərkəzində olmalıdır.

Yalnız belə olan halda Azərbaycan diasporunun inkişafı və qeyd olunan məsələlərin həlli barəsində səmərəli mülahizələr aparmaq mümkün olar.

Baxmayaraq ki, həmtəsisçisi olduğum və bu təşkilatın adının da mənim təşəbbüsümlə bu şəkildə olması "Ukrayna Azərbaycanlıları Konqresi" (UAK) 1990-cı illərdə qurulub, xeyli vaxtdır fəaliyyət göstərir. Lakin bu ictimai təşkilatın müxtəlif qurumları hələ də öz işlərini zamanın tələblərinə uyğun təşkil edə bilməmələri məni də narahat edir.

Qeyd etmək lazımdır ki, "Konqres" adının başqa Avropa, Amerika, Asiya ölkələrindəki azərbaycanlıların milli-mədəni cəmiyyətlərinə verilməsi də müsbət bir hal olub. Bu cəmiyyətlərin "Konqres" adına layiq fəaliyyət göstərmələri şərt olmalıdır.

- Mövcud məsələlərin həll edilməsi üçün, o cümlədən lobbiçilik fəaliyyətinin gücləndirilməsi məqsədilə hansı təxirəsalınmaz addımlar atılmalıdır?

- Təşkilatçılıq işləri qanunlara uyğun olaraq demokratik qaydalar əsasında qurulmalı, saxtakarlığa yol verilməməlidir. Diasporun təşkilində və inkişafında ziyalı soydaşlarımızın fəaliyyətini, o cümlədən də UAK-ın işini də gücləndirmək lazımdır. Vətənpərvər azərbaycanlı və ziyalı olan iş adamlarının hüquqlarının qorunması və onların adı qeyd olunan ictimai təşkilatların inkişafına maddi, maliyyə kömək göstərmələrinin təmin olunması lazımdır. Bir məqamı xüsusilə qeyd etmək lazımdır. Biz o zaman vacib məsələlərin həllinə nail ola bilərik ki, azərbaycanlıların diaspor təşkilatlarının fəaliyyəti, onların maddi-maliyyə təminatı, məlumat və mətbuat vasitələri təchizatı məsələsi də həll edilsin. Bu baxımdan diasporun inkişafını hələ də ləngidən, indiyə qədər həll edilməyən bir sıra qeyd olunan məsələlərə ciddi diqqəti yönəltmək lazımdır. Soydaşlarımızın yaşadıqları dövlətlərdə ictimai-siyasi və iqtisadi sahələrdə yüksək nüfuza malik, xeyli inkişaf edən başqa xalqların diasporlarının təcrübəsinə çox diqqət yetirmələri lazımdır. Soydaşlarımızın yaşadıqları ölkələrin qanunverici və digər dövlət qurumlarında təmsil edilməsinə nail olmaq lazımdır. Bu məsələlərin həlli, bizim milli mənafelərimizin müdafiəsinə, lobbiçilik fəaliyyətinin güclənməsinə kömək edəcək ən mühüm amildir. Bundan əlavə maarifçilik işinə, o cümlədən Azərbaycan ədəbiyyat dilinin, tarixinin, mədəniyyətinin, coğrafiyasının, etnoqrafiyasının dərindən öyrənilməsi və düzgün təbliğ olunması diqqət mərkəzində olmalıdır.

ƏLMANİZ ƏLƏKBƏRLİ - Şərqi Avropa ölkələri və Ukrayna bürosu

Bütün xəbərlər Facebook səhifəmizdə