Britaniya iş adamlarından ibarət yeni ticarət missiyası Azərbaycana səfər edəcək
Londonda yerləşən Yaxın Şərq Assosiasiyası tərəfindən Böyük Britaniyanın biznes dairələrinin iştirakı ilə işgüzar nahar keçirilib. Azərbaycanın Böyük Britaniyadakı Səfirliyindən SİA-ya verilən xəbərə görə, tədbirdə Səfir Fəxrəddin Qurbanov ölkəmizdə sərmayə imkanları haqqında çıxış edib. Tədbiri giriş sözü ilə Yaxın Şərq Assosiasiyasının baş direktoru Çarlz Holliz açaraq, bu yaxınlarda Assosiasiyanın təşkilatçılığı ilə ölkəmizə Britaniyanın müxtəlif şirkətlərinin nümayəndələrindən ibarət ticarət missiyasının səfər etdiyini və səfərin uğurlu olduğunu qeyd edib. O, Azərbaycan iqtisadiyyatının geniş imkanlara malik olduğunu və gələcəkdə belə ticarət missiyalarının müntəzəm xarakter alacağını əlavə edib.
Çarlz Holliz vurğulayıb ki, sentyabr ayında ölkəmizə Britaniya iş adamlarından ibarət yeni ticarət missiyasının səfəri həyata keçiriləcək. Səfir öz çıxışında tədbir təşkilatçılarına təşəkkürünü ifadə edib və çıxışında ölkəmizin tarixi, xarici siyasəti və Azərbaycan-Böyük Britaniya münasibətləri, həmçinin Azərbaycanın iqtisadiyyatının inkişaf prosesi, prioritet sahələr və mövcud sərmayə imkanları, əlverişli sərmayə mühiti, son illər ərzində bu sahədə hökumət tərəfindən həyata keçirilmiş islahatlar, qazanılan nailiyyətlər haqqında ətraflı məlumat verib. Çıxışın sonunda tədbirdə iştirak edən şirkətlərin ölkəmizə olan marağını təqdirəlayiq hal hesab edən səfir onları Azərbaycandakı şirkətlərlə işgüzar əlaqələr yaratmağa və əməkdaşlığı inkişaf etdirməyə dəvət edib. Bundan sonra o, iştirakçıların suallarını cavablandırıb.
Tədbir zamanı həmçinin bu yaxınlarda Böyük Britaniya - Azərbaycan Biznes Şurası tərəfindən nəşr olunan "Invest in Azerbaijan 2011" bələdçi kitabçası iştirakçılar arasında yayılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB