Narazı əmək pensiyaçılarının problemləri həll olacaqmı?

Narazı əmək pensiyaçılarının problemləri həll olacaqmı?
Əmək pensiyalarının artırılması ilə bağlı qərar indiyə kimi stajından asılı olmayaraq 85 manat alan pensiyaçıların ürəyindən xəbər verdi. Pensiyaçılar artıq artımla ilk pensiyalarını aldılar. Ancaq bəziləri bundan sonra da məyusluq yaşadı. Səbəb pensiyaçıların çoxunun stajının düzgün hesablanmaması üzündən pensiyada nəzərə çarpacaq artımın olmamağıdır. Məsələn, 40 il stajı olan pensiyaçıların stajı 30 il, 30 il stajı olanlarınkı daha az hesablanıb. Pensiyaçılar arasında narazılığa səbəb olan bu məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Nazirliyə müraciət etdik. Fondun mətbuat xidmətinin rəhbəri Elman Babayevin yaranan problemin səbəbini pensiyaçıların iş stajı ilə bağlı məlumat bazasında məlumatların tam olmaması ilə izah etdi: "Qeyd olunduğu kimi pensiya təyinatında 2006-cı il 1 yanvar tarixinədək olan iş stajlarının hər ili üçün 1,94 manat sığorta hissəsi müəyyən etməklə pensiyalar yenidən hesablandı. Hesablamalar Dövlət Sosial Müdafiə Fondunun mərkəzləşdirilmiş arxivindəki pensiya işləri üzrə əmək stajına əsasən aparılıb. Ancaq bəzi pensiyaçıların arxivdə olan sənədlərində iş stajı düzgün göstərilmədiyi üçün hesablamalarda yanlışlıq ola bilər. Bu cür vəziyyətlə üzləşən pensiyaçıların narahatlığına heç bir səbəb yoxdur. Onlar əmək kitabçası və şəxsiyyət vəsiqələri ilə birlikdə fondun yerli orqanlarında fəaliyyət göstərən xüsusi komissiyalara müraciət edə bilərlər. Bu kimi hallarda pensiyaların yenidən hesablanması işinə pensiyaya əlavələr kimi yanaşılır və düzgün olmayaraq hazırda aldıqları sığorta hissəsinin üzərinə hər staj ilinə görə 1,94 manat əlavə olunur. Yəni əgər vətəndaşın 1 il belə iş stajı varsa, ona uyğun pensiyasının sığorta hissəsi yaradılır və pensiya yenidən hesablanır. Yenidən hesablanan pensiya məbləği mövcud məbləğlə müqayisə olunur və daha yüksəyi verilir. Bu tədbir kimliyindən asılı olmayaraq yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya alan bütün pensiyaçılara vahid qayda tətbiq edilir. Onu da deyim ki, əgər pensiyanın yenidən hesablanması zamanı artım baş verərsə, ötən ayın artımı bu dəfə alınan pensiyanın üzərinə gələcək".
Qeyd edək ki, Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 milyon 280 min 788 nəfər təşkil edir.
Əmək pensiyası alan şəxslərin 38,9 faizi kişi, 61,1 faizi isə qadındır. Onlardan 63,9 faizi yaşa görə, 25,7 faizi əlilliyə görə, 10,4 faizi isə ailə başçısının itirilməsinə görə pensiya alır. Bu ilin 6 ayı ərzində yeni təyin olunmuş əmək pensiyalarının orta aylıq məbləği 160 manat təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə