Ağrı dağında Sarkisyanı \"yandırıblar\" - FOTO

Ağrı dağında Sarkisyanı \"yandırıblar\" - FOTO

Ermənistanda keçirilən erməni dili və ədəbiyyatı müsabiqəsində bir tələbənin verdiyi suala cavab olaraq Ermənistan prezidenti Serj Sarkisyanın "Qarabağı biz aldıq, Ağrı dağını siz alacaqsınız" deyə cavab verməsi nəinki Türkiyəni, eləcə də Azərbaycanı xeyli hiddətləndirib. Bununla əlaqədar Beynəlxalq Diaspor Mərkəzi (BDM), Əsilsiz Erməni İddialarıyla Mübarizə Dərnəyi (ASİM-DER) və İğdırdakı qeyri-hökumət təşkilatları ilə birgə Ağrı Dağına yürüş edərək, oradan Ermənistan prezidenti Sarkisyana sərt ismarış göndərdi. BDM mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, BDM və ASİM-DER-in birgə təşkil etdikləri yürüşdə İğdır-Kıbrıs Hərəkatı Qazilər Dərnəyi başqanı İsmət Tağal, Ehlibeyt Alimlər Dərnəyinin başqan yardımçısı Zeki Tümay, İğdır-Azərbaycan Evi Dərnəyi başqanı Nazim Qaradağ, İğdır –Balkan Türkləri Dərnəyi başqanı Mustafa İz, Milliyətçi Mühafizəkar Partiyası İğdır başkanı Qəzənfər Qaradağ, İğdır Şəhid və Qazi Ailəsi Dərnəyi başqanı Qəmbər Güzəlkaya, BDM-in Rusiya təmsilçisi Ələmdar Nəbiyev və iğdırlılar iştirak ediblər.

BDM sədri İsmayıl Ağayev çıxış edərək bildirib ki, Azərbaycan getdikcə daha güclü bir ölkə olma yolunda iri addımlarla addımlayır: "Biz nəinki Qarabağı hətta İrəvanı da düşməndə geri alacağıq. Ağrı dağı isə bir türk torpağıdır və türk torpağı olaraq da qalacaq. Bu dağ ermənilərin ürəyinə sancılmış bir xəncərdir. Sarkisyan Ağrı dağını ancaq heç bir zaman çin olmayacaq yuxusunda görə bilər. Buna onun nə gücü, nə də hərbi potensialı da imkan vermir. Prezidentimiz İlham Əliyevin dediyi kimi, işğal olunan torpaqlarımız sülh yolu ilə alınmasa, müharibə yolu ilə alacağıq".

Daha sonra ASİM-DER başqanı Göksəl Gülbəy çıxışında bu sözləri deyib: "Ermənilər Ağrı dağını alma xəyallarından vaz keçməlidirlər. Necə ki, Sarkisyanın şəklini bu dağda yandıracağıq, lazım gəlsə dağı da yandırarıq amma onun bir çınqılını belə ermənilərə vermərik. Biz buradayıq gəlsin görək gücü çatarmı Ağrı dağını almağa".

Ağrı dağına yürüş, Ehlibeyt Alimlər Dərnəyinin başqan yardımçısı Zeki Tümayın "Bayrağı bayraq yapan üzərindəki qandır. Torpaq uğrunda ölən varsa Vatandır" şeirini deməsinin ardından Sarkisyanın şəklinin əks olunduğu lövhənin yandırılması ilə başa çatdı.

Bütün xəbərlər Facebook səhifəmizdə