“Şahinlər” düşərgəsində yeniyetmələrin istirahəti davam edir-FOTOSESSİYA

“Şahinlər” düşərgəsində yeniyetmələrin istirahəti davam edir-FOTOSESSİYA

Xəbər verdiyimiz kimi, avqust 1-dən Səbail rayonunun Qarabağ müharibəsi veteranları və əlillərinin övladları, rayonun aztəminatlı ailələrindən olan ailələrin uşaqları, həmçinin "SOS-Azərbaycan" uşaq kəndində və Quba rayonu Zərdabi adına Xüsusi İnternat məktəbdə tərbiyə alan 200 nəfər yeniyetmə Səbail və Quba rayon icra hakimiyyətləri və Daxili Qoşunlar tərəfindən Quba rayonunda Özəl Türk liseyinin bazasında yaradılmış ənənəvi hərbi-vətənpərvərlik təmayüllü ödənişsiz "Şahinlər" yay istirahət düşərgəsinə hər cür diqqət və qayğı ilə əhatə olunublar. Bu barədə SİA-ya Səbail rayon İcra Hakimiyyətinin şöbə müdiri İsrafil Kərimov məlumat verib. Onun sözlərinə görə, rayonun orta məktəblərinin idman və ibtidai-hərbi hazırlıq müəllimlərinin rəhbərlik etdiyi dəstələrə bölünmüş yeniyetmələr liseyin hər cür şəraiti olan 3 mərtəbəli korpusunda yerləşdirilib, onlar gündə 4 dəfə yüksək kalorili yeməklə təmin olunurlar. Məktəblilər üçün gündəlik olaraq ət-süd məhsulları, meyvə və tərəvəz gətirilir, düşərgədə daimi həkim nəzarəti fəaliyyət göstərir. Daxili Qoşunların Quba şəhərindəki hərbi hissəsinin zabit və əsgərləri düşərgənin mühafizəsini təşkil edir, burada keçirilən hərbi hazırlıq dərslərində müxtəlif mövzuların keçirilməsini təmin edirlər. Məktəblilər artıq hərbi hissədə olaraq əsgərlərin xidməti, onların silah və texnikası ilə yaxından tanış olublar.

Düşərgənin rəhbəri Faiq Qurbanov isə bildirib ki, burada istirahət prosesi təsdiq olunan iş planına uyğun aparılır. Keçirilən məşğələlərlə yanaşı günün sərin vaxtlarında müxtəlif idman yarışları təşkil olunur. Yeniyetmələr Daxili Qoşunların zabit və əsgərlərinin köməkliyi ilə hərbi nizamnamə, orduda xidmət, ordumuzun silah və texnikası ilə tanış olur, Qubanın gəzməli yerlərinə gedirlər. Layihə təşkilatçıları düşərgənin fəaliyyətini daimi nəzarətdə saxlayır, burada müxtəlif görüşlərin, filmlərin nümayişinin, konsert proqramlarının təşkil olunmasını təmin edirlər. Belə ki, ötən gün yeniyetmələr Quba rayonudakı soyqırım məzarlığını ziyarət edib, onların təbiət guşəsində naharı təşkil olunub.

"Şahinlər" hərbi-vətənpərvərlik təmayüllü yay istirahət düşərgəsində yeniyetmələrin istirahəti davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə