Təbii doğuşun süni əngəllənməsi halları davam edir- Araşdırma

Təbii doğuşun süni əngəllənməsi halları davam edir- Araşdırma
Dünyaya övlad bəxş etmək hər bir qadının arzusudur. Sübut olunub ki, ana olmaq qadında mərhəmət, sevgi hisslərini artırır. Ancaq bir çox dəyərlər dəyişdiyi kimi analıq səadəti də süni təsirlərə məruz qalıb. Bu gün dünyaya övlad gətirən hər üç qadından biri ya öz istəyi, yada həkimlərin təkidi ilə kesər əməliyyatına müraciət edir.
Vaxtilə bu əməliyyat çox nadir hallarda qadının səhhətində ciddi problemlər yarandığı zaman həyata keçirilərdi. İndi isə səbəb oldu-olmadı hamilə qadınların böyük əksəriyyəti təbii doğuşdan imtina edir. Çoxları bu üsulu tez və ağrısız olduğu üçün seçir. Ancaq əməliyyatdan sonra qadına və uşağa dəyə biləcək mənfi təsirlər unudulur. Mütəxəssislər bu sahədə apardıqları araşdırmalardan sonra belə qənaətə gəliblər ki, kəsər əməliyyatı qadını tam olaraq analıq hissi keçirməkdən mərhum edir. Belə ki, qadın uşaq dünyaya gələrkən narkozun təsiri altında olduğundan analıq instinktindən mərhum olur.
Mütəxəssislərin qənaətinə görə, kesər əməliyyatı həm qadının, həm də uşağın səhhətində ciddi problemlər yaradır. Araşdırmalar sübut edib ki, təbii üsulla dünyaya göz acan uşaqlar doğuş zamanı yaşadıqları stress onların həyatda daha inamlı olmalarına stimul yaradır. Kesər üsulu ilə doğulan körpələr isə sərbəst həyatda "dözümsüzlüyü" ilə fərqlənir.

Körpənin dünyaya gəlişi necəyə başa gəlir?

Bir müddət əvvəl səhiyyə naziri Oqtay Şirəliyev keçirdiyi kollegiya iclasında doğum evləri ilə bağlı bir sıra şikayətlərin olduğunu və bu sahədə ciddi dönüş edilməsi ilə bağlı tapşırıqlar verdi. Nazir əhalinin narazılıqlarına son qoymaq üçün bütün mümkün vasitələrdən istifadə olunmasının vacibliyini bildirdi.
O. Şirəliyevin tapşırığından sonra doğum evlərində vəziyyət xeyli dəyişdi. Əslində nəticə etibarı ilə elə bir fərq yoxdur. Sadəcə əvvəlkindən fərqli olaraq ginekoloqlar doğuş üçün aldıqları məbləği indi gizli üsullarla almağa başlayıblar. Həkimlərin qadınlara qoyduqları səhv diaqnoz nəticəsində təbii doğuşların sini əngəllənməsi halları davam edir.
Əldə etdiyimiz məlumata görə, hazırda 6 saylı uşaq Klinik Xəstəxanasının doğum şöbəsində doğuş 500 manatdan, kesər əməliyyatı isə 700 manatdan başlayaraq bahalaşır. Qaradağ rayon 4 saylı doğum evində qiymətlər 400-800 manat, Binəqədi rayon Birləşmiş Şəhər Xəstəxanasının doğum şöbəsində isə 400-700 manat arasındadır. Göründüyü kimi qiymətlərdə az da olsa endirimlər var. Səbəb son vaxtlar səhiyyə sahəsində rüşvətlə mübarizə hallarına qarşı tədbirlərin güclənməsidir. Bu səbəbdən də indi doğuş üçün öncədən alınan "əl haqqı" tanışlar və tanışların tanışlarından alınır. Nabələd və şikayət etməsi ehtimal edilən xəstələrin həkim tapması isə müşkülə çevrilib. Ona görə də, hamilə qadınlar əvvəlcədən həkim tapmaq məcburiyyətində qalırlar.


Məsələ ilə bağlı həmsöhbət olduğumuz qadınların böyük əksəriyyəti kesər əməliyyatı üçün 700-1500 arası pul xərclədiklərini dedilər. Özünü təqdim etmək istəməyən doğum evlərindən birinin ginekoloqu da əksər hallarda hamilə qadınlara səhv diaqnoz qoyulduğunu etiraf etdi: "Hamilə qadınlar dünyaya uşaq gətirənə kimi həyəcan yaşayır. Bundan çox mahircəsinə istifadə edən həkimlər isə onlara "çıxış" yolunu göstərirlər. Belə ki, hamilələrə hələ qadın məsləhətxanasında olarkən uşağı əməliyyat yolu ilə dünyaya gətirilmənin zərurililiyi bildirilir. Buna səbəb isə məsləhətxananın həkimləri ilə ginekoloq-cərrahların əlbir işləməsidir. Belə ki, məsləhətxana həkimi cərrahdan göndərdiyi "müştəri" üçün əməliyyatdan sonra faiz alır. Kesər qadın və uşağın səhhəti üçün təhlükəli olsa belə hərə öz cibini güdür".


Kesər göz problemi olanlara məsləhət görülür

Mama - ginekoloq Zemfira Qurbanova isə qadınlara kəsər üsulu ilə dünyaya uşaq gətirməkdən çəkinməyi məsləhət gördü: "Artıq sübut olunub ki, dünyaya təbii doğuş üsulu ilə gələn uşaqların mikroflorası ilə kesər əməliyyatı ilə gələnlərinki tamamilə fərqlidir. Belə ki, ana bətnində döl steril vəziyyətdə inkişaf edir və uşaq ilk mikroblara doğulan an məruz qalır. Təbii yolla doğuş zaman uşağın orqanizminə anadan immunitetə xeyirli olan laktobakteriyalar düşür ki, bu da uşağın orqanizminə stafilokok, streptokok və s. bakteriyaların düşməsinin qarşısını alır. Təbii doğuş zamanı anadan uşağa ötürülən bakteriyalar onun immun sisteminin inkişafına da müsbət təsir göstərir. Ancaq əməliyyat zamanı təbii təmas baş vermədiyi üçün uşağın orqanizmi zəif və xəstəliyə meylli olur. Ona görə də kesər əməliyyatı ən son anda və zərurət yarandığı halda təyin olunmalıdır. Ancaq bu gün qadınların özləri də həkim təyinatı oldu-olmadı kesər əməliyyatı etdirmək haqda qərar verirlər. Əməliyyat əgər qadının fizioloji quruluşu təbii doğuşa imkan vermirsə, doğuş zamanı ciddi problemlər baş vermə ehtimalı varsa, uşaq ana bətnində ölübsə, anada ciddi xəstəlikdən (ürək-damar, böyrək, şəkər, xərçəng və s.) əziyyət çəkirsə, yaşı 35-i keçibsə təyin olunmalıdır. Ancaq ciddi problemlər aşkar edilmədikdə kəsər əməliyyatına getmək yol verilməzdir".
Mütəxəssis birinci kesər əməliyyatından sonra ikinci uşağı dünyaya gətirmək üçün qadına üç il vaxtın lazım olduğunu dedi: "Birinci əməliyyatdan sonra qadının daxili orqanlarında yaranın problemlər tam bərpa olunduqdan sonra yenidən əməliyyat keçirmək olar. Onu da deyim ki, əgər birinci uşaq kesər üsulu ilə doğulubsa ikinci uşaqda bu üsulla doğulmalıdır. Ancaq bu gün doğuşların arasında az vaxt verilməsi hallarına təsadüf olunur. Bu hal uşağın qüsurlu doğulmasına səbəb ola bilər.

Kesər əməliyyatı ilə dünyaya gələn uşaqların vəziyyəti Apqar şkalası ilə aşağı qiymətləndirilir. Bu uşaq adətən süst doğulur, narkozun təsiri ilə də onlarda müxtəlif problemlər baş qaldıra bilər. Uşaqlarda adətən nəfəs boru problemi müşahidə edilir. Kesər üsulu ilə dünyaya gələn uşaqların əksəriyyətində infeksion xəstəliklərə də çox rast gəlinir. Onlar diatez, allergiya xəstəliklərinə meylli olurlar. Uşaqların psixoloji inkişafı da digər uşaqlara nisbətən kec baş verir. Bununla belə bu uşaqların orqanizmində bakteriyaların inkişafı üçün də münbit şərait var. Ona görə də, tez-tez infeksion xəstəliklərə məruz qalırlar, onlarda bağırsaq xəstəliklərinə tez-tez rast gəlinir.
Mütəxəssis kesər əməliyyatı ilə dünyaya gələn uşaqları dərhal ana südü verməyin yasaq olduğunu dedi: "Antibiotik və ananın müalicəsi üçün təyin olunan digər dərmanlar süd vasitəsi ilə uşağa ötürülə bilər. Ona görə də uşağa süd bir necə gündən sonra verilməlidir. Kesər əməliyyatı qadınlar üçün də fəsadsız ötüşmür. Belə ki, kesər doğuşu ilə dünyaya uşaq gətirən qadınlarda yaddaşsızlıq, sacların tez tökülməsi, baş ağrıları müşahidə olunur. Qeyd edim ki, bu əməliyyat daha çox görmə qabiliyyəti zəif olan qadınlara məsləhət görülür. Belə ki, təbii doğuş zamanı qadının gözlərinə güc düşdüyündən göz problemi olan qadınlara təbii doğuş məsləhət görülmür. Kesər əməliyyatı yalnız zərurət yarandıqda ana və uşaq üçün xilaskar metod ola bilər. Unutmaq lazım deyil ki, həm ana, həm də uşaq üçün təbii doğuş daha üstündür".

Bütün xəbərlər Facebook səhifəmizdə